Və ən müxtəlif cinayətlərin araşdırılmasını istəyəcək
Hakimiyyət Hafiz Hacıyevin ortaya atdığı zəhərlənmə iddiası üzrə cinayət işinin başladılmasını çox maraqlı şəkildə arqumentləşdirir. Rəsmilər bildirirlər ki, prokurorluq ölkənin keçmiş prezidenti olmuş bir adamla bağlı səsləndirilmiş iddiaya biganə qala bilməzdi. Üstəlik bu iddianı sıradan bir adam yox, partiya sədri səsləndirib.
Belə olan halda ortaya maraqlı sual çıxır. Əgər ölkə prokurorluğu ölkədə baş verən cinayətlərə qarşı bu qədər həssasdırsa, niyə illərdir mətbuatın işıq saldığı, ayrı-ayrı partiya sədrlərinin gündəmə gətirdiyi sıradan demirik, Dubay villaları, 48 milyardlıq oğurluq, Elmar Hüseynov, Rail Rzayev, Ziya Bünyadovun qətli, həmçinin bu kimi irimiqyaslı cinayətlərə qarşı sükut nümayiş etdirib?
Maraqlıdır, hökumətin bu açıqlamasından sonra müxalifət illərdir ifşa etdiyi cinayətlərlə bağlı prokurorluğa müraciət edəcəkmi?
AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, hökumət bu cür açıqlamaları ilə cəmiyyətdə müəyyən suallar yaradır: “Ölkənin aparıcı müxalifəti zaman-zaman müxtəlif məsələləri müzakirəyə çıxarıb və onların arasında cinayət əməli sayılanlar da az olmayıb. Bura hakim ailənin korrupsiya əməlləri, 48 milyardın offşor zonalarına daşınması, Əliyevlərin Dubay mülkləri və s. cinayətlər daxildir. Hətta 48 milyard məsələsi ilə bağlı güc strukturlarına müraciət edilmiş və hakimiyyətdən cinayət işi başlatmaq tələb olunmuşdu. Onda biz də gözləyirik ki, hakimiyyət partiya sədrlərinin bu müraciətini əsas götürüb həmin faktları araşdırsın. Deməli, bu məsələdə də səmimi deyillər. Əksini sübut etmək istəyirlərsə, buyursunlar. Müxalifətin, Ictimai Palatanın müzakirəyə çıxardığı cinayət əməlləri ilə bağlı cinayət işi başlatsınlar”.
G.Bayramlı müxalifətin məlum cinayətlərlə bağlı prokurorluğa silsilə müraciətlər edəcəyini də bildirib.
Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, Azərbaycanda demokratiya və hüquqi dövlət adına heç nə yoxdur. Bunun əksini iddia edənlər həyasızcasına yalan söyləyirlər: “Hökumət zəhərlənmə iddiası ilə bağlı cinayət işinin başladılmasını belə əsaslandırır ki, Azərbaycan hüquqi dövlətdir, şikayət varsa, cinayət işi başladılmalıdır. Çox yaxşı. Amma prokurorluq haqqında qanunda yazılır ki, bu qurum mətbuatda cinayət faktı ilə bağlı getmiş məlumatları araşdırmalıdır. ”Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin bircə nömrəsini qaldırıb baxsınlar ki, korrupsiya, özbaşınalıq, qanunsuzluqla bağlı nə qədər məlumat gedir. Onların heç biri araşdırılmır. Bu bir tərəfə qalsın, müxalifətin özünün də çoxlu sayda rəsmi şikayəti olub. Bunların da heç biri araşdırılmayıb. Prokurorluq bu işləri bacardığı qədər malalamağa çalışıb. Vaxtilə Rəna Nəsibova baş prokurora Hacı Məmmədovun cinayətləri ilə bağlı məlumat vermişdi. Axırı nə oldu? Heç nə. Onda hüquqi dövlət hara baxırdı? Azərbaycanda demokratiya və hüquqi dövlət adına heç nə yoxdur. Bunun əksini iddia edənlər həyasızcasına yalan deyirlər”.