“Əbülfəz bəy zəhərləndiyini harda deyi, necə deyib? Belə bir şey eşitməmişəm”
“1997-ci ildən bu xəstəlik Eçibəydə var idi”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bakı şəhər Prokurorluğuna şikayətindən sonra Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi ilə əlaqədar cinayət işi açılıb və istintaq gedir. Elçibəylə Türkiyəyə müalicə üçün gedənlərdən Əli Mürsəloğlu və Mirmahmud Mirəlioğlu istintaqa məlumat veriblər. Hələ prokurorluğa dəvət olunmamış, ancaq Əbülfəz Elçibəyin müalicəsi başlayan gündən dünyası dəyişənədək onun yanında olan Bəşir Həsənoğlu isə “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb.
– Siz Əbülfəz Elçibəy Türkiyədə müalicə alanda onun yanında olan üç nəfərdən birisiniz. Niyə mətbuat Sizi tanımır? Bu məsələlərdə nə üçün kənarda durursunuz?
– Əbülfəz Elçibəy hələ Türkiyəyə getməmişdən əvvəl 1 ay birlikdə bağda qaldıq, o zaman da yanında oldum. Türkiyəyə gedəndə də bir yerdə getdik. Elçibəy rəhmətə gedəndən sonra Bakıya qayıtdıq, 40 mərasiminə qədər paytaxtda qaldım. Sonra cəbhədaxili və dostlar arasında olanlara dözə bilmədim, bir müddət kənarlaşmaq istədim. Getdim rayona, 2008-ci ilədək orada yaşadım. Jurnalistlər suallar verib, müraciət edirdilər, özüm imtina edirdim. Hələ 1973-cü ildən – kirayə qaldığı dövrlərdən Bəylə çiyin-çiyinə olmuşam. Hətta həbs olunanda onu biz qaldığımız yerdən apardılar.
– Səhv etmirəmsə, Sizin Əbülfəz Elçibəylə həm də qohumluq əlaqələriniz var?
– Rəhmətlik Əbülfəz Elçibəyin doğmaca bibisi nəvəsiyəm.
– Bəs niyə Elçibəy Türkiyədə müalicə alanda səfəri yarımçıq qoyub Bakıya qayıtmısınız?
– Ilk dəfə Türkiyəyə gedəndə Əli Mürsəloğlu ilə mən getmişdim. Bir müddət sonra Mirmahmud Mirəlioğlu, Ilqar Səidoğlu və bir başqa dostumuz Nuru gəldi. Üç-dörd gün qalandan sonra Nuru ilə Ilqar qayıtdı. Təşkilatın işi ilə bağlı Mirmahmud Mirəlioğlu da Bakıya döndü. Çünki o zaman cəbhədaxili parçalanma söhbəti yayılmışdı. Mirmahmud Mirəlioğlu yenidən Türkiyəyə gəldi, sabahı Bəy rəhmətə getdi. Ilk gündən rəhmətə gedənə qədər yanında olmuşam.
– Müalicə üçün Əbülfəz Elçibəylə Türkiyəyə gedəcək şəxsləri kim müəyyənləşdirmişdi?
– Əbülfəz Elçibəy özü müəyyənləşdirmişdi. Bəy həddən çox etika, abır gözləyən adam idi. Bəlkə buna görə də özü ilə həkim və ya müavinlərindən birini aparmadı. Biz qohumuq, Əli də bibisi nəvəsidir. Insanlar arasında pərdə olur. Biz çox yaxın idik, bizə açıq şəkildə nəsə deyə bilirdi. Sərbəstlik olsun deyə, yanında bizi apardı. Biz onun övladı kimi idik. Heç siyasət haqqında da düşünməmişik. Nə mən, nə Əli cəbhədə vəzifədə olmamışıq. Əbülfəz Elçibəy hakimiyyətə gələndə də vəzifə tutmamışıq. Hətta prezident olanda məni döyüşə göndərmişdi. Söyləyirdim ki, bəs, mən öləcəm, deyirdi “qoy mənim də qohumlarımdan biri ölsün, nə olacaq ki?”. Bizə övladı kimi baxırdı.
– Xanım Xəlilova deyir ki, Elçibəyin yanında qalan şəxslər xəstəliyi barədə heç kəsə heç nə demirdilər. Hətta Mirmahmud Mirəlioğlu Elçibəyin gimnastika ilə məşğul olduğunu söyləyirmiş…
– Xanım müəlliməyə çox böyük hörmətim var. O da, oğlu da Türkiyədə yaşayırdı. Demək olar ki, hər gün gəlirdi, Bəyin problemləri ilə maraqlanırdı. Bizə Bakıda olan məlumatları deyirdi. Bəyin də ona böyük hörməti var idi. Əbülfəz Elçibəyin səhhəti ilə bağlı nə isə söyləməmək nə Mirmahmud Mirəlioğlu, nə Əli Mürsəloğlu, nə də mənlikdir. Bəy özü dedi ki, mənim səhhətimlə bağlı Bakıya məlumat ötürəndə birbaşa Zəlimxan Məmmədliyə deyin. Çünki Zəlimxan həkimdir. Kim nə soruşurdusa, həmin şəxsə yaxşı və ya pis olduğu barədə heç nə demirdik. Bu qərar Bəyin idi. Hətta qardaşına da məlumat verilmirdi. Biz əvvəlcə Ankara Dövlət Xəstəxanasına getmişdik. Bir müddət sonra Bəyin vəziyyəti həqiqətən, yaxşılaşmışdı. Burda deyirdilər ki, səhhəti çox pis idi. Bunlar düzgün deyil.
Elə gün olmurdu ki, görüş olmasın. Kimin hansı saatda gəlməsini mən dəftərə qeyd edirdim. Bakıdan qohumlar gəlirdi. Isa Qəmbər də gəlmişdi. Əbülfəz Elçibəy hər kəsi rəsmi şəkildə qəbul edirdi. Dövlət Bağçalı, Məsut Yılmaz, Tansu Çillər də gəlirdi. Səhhəti çox pis olsaydı, necə qəbul edərdi onları? Bir ay orada qalandan sonra həkimlər qərarlaşdırdılar ki, Bəyi Gülhanə Tibb Akademiyasının Xəstəxanasına köçürsünlər. Bəy deyirdi ki, nə fərqi var, bura da, ora da xəstəxanadır. Bəy söyləyirdi ki, bir aydır burdayam, bizə yemək gətirəndən tutmuş baş həkimə qədər hər kəs mənim qulluğumda durur, onların bu hörmətlərini yerə vurub deyim ki, müalicə edə bilmirsiz başqa xəstəxanaya gedirəm? Müəyyən danışıqlardan sonra Ankara Xəstəxanasının heyətini yığıb dedi ki, mən getmirəm, məni buradan qovurlar, zorla aparırlar. Haqqınızı halal edin. Biz Gülhanəyə gələndən sonra yenidən yoxlamalar getdi və müalicə başlandı. Hətta demişdilər ki, 2 ay müalicə gedib, bir az Bəyə istirahət verin, getsin Antalyaya. Səhhəti o qədər də pis deyildi. Amma Bakıda məlumat yayılırdı ki, danışa bilmir-filan.
– Niyə burda belə məlumat yayılmışdı?
– Bu şayiə idi. Indi də zəhərlənmə ilə bağlı şayiə yayılıb. Bəlkə də bizim səhvimiz orda idi ki, Əbülfəz Elçibəyin səhhətini ilə bağlı vəziyyəti gizli saxlayırdıq.
– Adil Minbaşı bildirir ki, Əbülfəz Elçibəy ona zəhərləndiyindən şübhələndiyini deyib. Bu doğrudur?
– Əbülfəz Elçibəyin Adil bəyə böyük hörməti olub. Biz hələ Türkiyəyə getməmişdən əvvəl, bağda olanda cəbhədə Mərkəzi Seçki Komissiyasına üzvlüklə bağlı məsələ var idi. Iki namizəddən birini Əli Kərimli, birini Bəy təklif etmişdi. Əbülfəz Elçibəyin təklifi Adil Minbaşı idi. Zəhərlənmə barədə ona deyibsə, biz də bilməli idik. Hafiz Hacıyev deyir ki, Bəyi Əli Kərimli zəhərləyib. Deyir ki, Bəy ona bildirib ki, bağda görüşəndə Əli Kərimli gəldi, gedəndən sonra 1 saat keçdi ki, özümü yaxşı hiss etmədim. Biz 1 ay idi bağda əziyyət çəkirdik. Əgər bir saatın içində zəhərlənmişdisə, biz nə idik orada?
– Sizcə, Elçibəy Hafiz Hacıyevə xüsusi vəsiyyət edib?
– Özümüzü qoyaq kənara, biz bir az uzaq qohumuq, Bəyin bir qardaşı rəhmətə gedib, Almurad Əliyev bu gün də yaşayır. Söz olsa, birinci ona deyərdi. 1997-ci ildən bu xəstəlik Eçibəydə var idi. Ölümündən qabaq, bilirsiniz, Bəyin səhhətində problem var idi deyə bağa köçmüşdük. Hafiz Hacıyev, ümumiyyətlə, bağa gəlməyib. Türkiyədə iki ay xəstəxanada olmuşuq, Hafiz Hacıyev ora da gəlməyib.
– Ümumiyyətlə, Elçibəyin gizli vəsiyyəti varmı?
– Əbülfəz Elçibəyin 7 mərasimi günü vəsiyyətlər açıqlandı. Vəsiyyətləri o deyib, mən yazmışam.
– Həkimlərin xəstəliyi Elçibəydən gizlətdiyi doğrudurmu?
– Yox, bu məlumat düz deyil. Həkim o vaxt müayinə edəndə dedi ki, çox ciddi məsələdir, üstünə düşün. Ancaq Elçibəy həkimlərin bu məsləhətinə əməl edə bilmədi, zaman keçdi. Artıq Türkiyəyə gedəndə gec idi. Türkiyədə prostat vəzinin xərçəngi diaqnozu qoyulmuşdu.
– Bəs niyə xəstəliyinin ciddiliyi barədə həyat yoldaşı və ailə üzvlərinə məlumat vermirdilər?
– Əslində onlar da bilirdilər. Biz gözləmirdik ki, belə olar. Dəyişiklik əmələ gələcəyini, Bakıya qayıdacağını gözləyirdik. O zaman Bəyin oğlu orta məktəbdə oxuyurdu, qızı ali məktəbi təzə bitirmişdi. Hətta Ankarada olanda zəng edib muştuluq verdilər ki, nəvən olub. Yəqin soruşanlara deyiblər ki, yaxşıdır. Qardaşı, yoldaşı təklif etdi ki, gəlsinlər. Bəy dedi ki, gəlib nə edəcəklər? Zəhərlənmə faktını ona görə qəbul etmirəm ki, mən xəstəxanada olanda gələn yeməkləri birinci özüm yeyirdim, yeyəndən 5 dəqiqə sonra bilirdim ki, Bəyə vermək olar, ya yox. Bunu Bəyə demirdik, desəydik, bizi qovardı. Dava-dərmanlarını diqqətlə incələyirdim. Təzə dərman gələndə birinci mən içirdim. Bir həkim dərman təklif edirdisə, o, müzakirəyə çıxırdı, 6 həkim müzakirə edirdi ki, olar, yoxsa olmaz.
– Müalicəyə Türkiyənin səhiyyə naziri Osman Durmuş nəzarət edirdi?
– O nəzarət edirdi, həftədə 2-3 dəfə gəlib baxırdı. Xidmətdən narazı deyildik. Bütün müayinələrdən keçmişdi, heç yanda zəhərlənmə faktı yazılmamışdı.
– Bəs necə olub ki, Elçibəy Adil Minbaşıya zəhərlənmədən şübhələndiyini deyib?
– Harda deyilib, necə deyilib? Lap deyək ki, deyib. Axı zəhərlənmə faktı heç yerdə çıxmayıb. Belə şeyi eşitməmişəm. Zəhər üçün çay, yemək və ya siqaret verilməlidir. Çayı mən aparıb birini Əbülfəz bəyin, birini Əli Kərimlinin, birini də Qulamhüseyn Əlibəylinin qabağına qoymuşam. Hafiz Hacıyev də deyir ki, mənə deyib. Hafiz Hacıyev tez-tez gəlib Kələkidə ziyarət edirdi. Amma bağda və 2 ay Türkiyədə olanda ora gəlməyib. Adil Minbaşıya bir dəfə Elçibəy Türkiyədən zəng edib. Zəng vurdu ki, biz səni MSK-ya göndərmişik, amma sən bizə məlumat vermirsən, əlaqə saxlamırsan, belə şey olmaz. Sonra bir neçə dəfə zəng olunub. Yalnız telefon əlaqəsi olub. Bəyin zəhərləndiyini Adil Minbaşıya harada dediyi araşdırılmalıdır. Yəqin prokurorluq bunu araşdıracaq.
– Bəs, siz dindirilmisiniz?
– Xeyr…
– Sizin qardaşınız da Elçibəyin mühafizəsində olub?
– Bəli, qardaşım Mərdan həm prezidentlikdən əvvəl, həm də prezidentlik dövründə mühafizədə olub. Istintaqa çağırılıb, amma hələ getməyib. Amma gedəcək. Sevənləri Bəyin zəhərlənərək ölməsindən şübhələnir. Hətta bir dəfə Pənah Hüseyn də televiziyada dedi ki, içimdə şübhə var, Elçibəyi zəhərlədilər. Bəyə sevgisi olan insanlar narahatdırlar ki, necə oldu, iki ayın içində dünyasını dəyişdi. Ukrayna prezidenti, Turqut Özalın zəhərlənməsi xəbərlərindən sonra zəhərlənmə şübhəsi onları da narahat edir. Amma xərçəng elə bir şeydir ki, gəldisə, insanı aparır. Bəyin analizinin nəticəsi Mirmahmud Mirəlioğlunun, dostların köməyi ilə Amerikaya göndərildi ki, müalicə mümkündürsə, aparsınlar Amerikaya. Sənədlərin hamısı durur. Bəy deyirdi ki, niyə xərcəngə pis xəstəlik deyirlər? Əksinə, gələndə deyir gəlmişəm, nə təklifin var, de!
– Yəqin ki, mətbuatı izləyirsiniz, Xanım Xəlilova iddia edir ki, Fazil Qəzənfəroğlunun Türkiyədə özəl təmsilçi olması üçün Elçibəyə təsirlər olub. Fazil Qəzənfəroğlunun təmsilçilik qərarı necə verildi?
– Yox, bu xəbər düz deyil. Zəminə xanımın həyat yoldaşı Becan bəy Naxçıvanda Nazirlər Kabinetinin sədri idi. Sonra Türkiyəyə çıxıb getdi. Onların indi Bakıya gediş-gəlişi yoxdur. Dost kimi telefonda danışılırdı. Bəy hər kəsin gücünün nəyə çatdığını çox gözəl bilirdi. 1996-cı ilədək Xanım Xəlilova orada nümayəndə idi. 1996-cı ildə Bəy məni Kələkidən Türkiyəyə göndərdi ki, gedib lazımi yerlərdə təmsilçinin Fazil Qəzənfəroğlu olduğunu deyim. Elə çıxmasın ki, Xanım Xəlilova ilə Fazil Qəzənfəroğlu arasında anlaşılmazlıq üçün belə qərar olmuşdu. Xanım müəllimənin işi başqa idi, əksinə bir az da artmışdı. Bu təyinat ara vurmaq deyildi. Fazil bəy məcburən Türkiyəyə getdi.
– Əbülfəz Elçibəyin ölümündən öncə borc aldığı barədə də məlumatlar yayılmışdı. Niyə borc alınmışdı?
– Kələkidən qayıdandan sonra maliyyə problemləri var idi. Kreditlə maşın aldıq, biri sonra satıldı, birinin də krediti sonradan bağlandı.
– Bəs borc hardan alınmışdı?
– Türkiyədən gələndə orada dostlar pul vermişdilər. Onu gətirib Almurad bəyə verdik. Vəsiyyətdə kimə nə qədər borcu olduğu deyilir.