Biləcəridə onlarla obyekt yerlə-yeksan edildi
Qəsəbənin mərkəzində yerləşən obyektlər ölkə başçısının gəlişinə görə sökülür; dükan sahiblərinə kompensasiya verilmir; camaata “gəlib görüşəcəyik” deyib gedirlər
Biləcəri yerlə-yeksan edilir. Qəsəbənin hamının “ploşad” kimi adlandırdığı mərkəzi meydanın ərazisindəki obyektlər sökülür. Hazırda 12 sahibkara məxsus 20-dən çox dükan yerlə bir edilib. Yaxın günlərdə qalan dükanlar da söküləcək. Səbəb isə çox sadədir – birincisi, Ilham Əliyevin Biləcəriyə səfəri gözlənilir, ikincisi, Dəmiryolçuların parkı təmir edilir.
Gəlişi gözəl olan ölkə başçısının qəsəbəyə səfəri hələ tam dəqiqləşməyib. Müəyyən kuluarlarda söz-söhbətlər gəzir. Buna görə də Biləcərinin icra nümayəndəsi ilə Binəqədi rayon icra hakimiyyətinin başçısı əl-ayağa düşüb. Bu məqsədlə dükanlar sökülür. Həm də yenidən təmir olunan parkın ətrafı yaxşı görünmək üçün obyektlərlə vidalaşırlar…
Sökülmə barədə xəbərdarlıq olub, ancaq kompensasiya yoxdur
Indi Biləcəri tanınmaz hala düşüb. Qəsəbənin mərkəzinə getmək üçün bir neçə marşrut dəyişməlisən. Çünki hər tərəf qazılıb, toz-torpaq aləmi bürüyüb. Yayın bu cırhacırında insanlar tozdan boğulmamaq üçün “maska” taxıblar.
Yaşıllıqlar məhv edilir, yeni asfalt çəkilir, yolların kənarında iri xəndəklər qazılıb. Bir sözlə, pis gündə olan Biləcəri lap betər hala salınıb.
Iki marşrut dəyəşərək qəsəbənin mərkəzinə çatırıq. Sökülən obyektlərin yerində – birinci dükanla sonuncunun arasında buldozerlər, KamAZ-lar “şütüyür”.
Dağıdılan obyekt sahibləri ilə söhbət etmək niyyətimiz ilk cəhddə baş tutmur. Çünki hərə bir tərəfə çəkilərək dükanlarının əşyalarını maşınlara yükləyirlər. Zamanı əldən verməmək üçün sökülməsi planlaşdırılan mağazalara yaxınlaşırıq. Ilk cəhdimiz uğurlu alınır və onlar söhbət etməyə razılıq verirlər.
Dükan sahibləri deyirlər ki, obyektlərinin sökülməsi barədə onlara xəbərdarlıq olunub. Ancaq pulla bağlı heç nə deyilməyib: “Nə kompensasiya verəcəyik deyirlər, nə də dükan. Bircə onu bilirik ki, yer veriləcək. Lap tutaq ki, yer verildi, pulumuz olmayandan sonra orada dükanı necə tikək? Bu qədər insanı niyə çörəksiz qoyurlar? Ya kompensasiya, ya da dükanlarımızın sahəsinə uyğun obyekt versinlər. Bura qəsəbənin mərkəzidir. Indi elə yerə köçürəcəklər ki, orada, ümumiyyətlə, alver olmayacaq. Yaxşı olar ki, bazar qiymətlərinə uyğun kompensasiya verilsin”.
Sahibkarlar “sizinlə görüşəcəyik” deyib gedənləri anlamır
Sahibkarlar Ilham Əliyevin bir neçə ay əvvəl televiziyalarda çıxış edərək “ədalətli kompensasiya” kimi müəyyənləşdirdiyi bir kvadrat metr üçün 1500 manatla özlərinə heç nə ala bilməyəcəklərini söyləyirlər: “Buradakı dükanların əksəriyyətinin sahəsi 20-30 kvadrat metrdir. 30-35 min manata heç nə əldə etmək olmaz. Burada elə dükan sahibləri var ki, dükanının təkcə təmirinə 20 min manatdan çox pul sərf edib. Indi ona təmirə xərclədiyi pul qədər kompensasiya vermək nə dərəcədə ədalətlidir? Insanların illərdir min bir əziyyət bahasına qurduğu dükanı nəyəsə görə bir günün içində qurban vermək sadəcə vicdan məsələsidir. Bu, haqsızlığın son həddidir. Heç bir sahibkar nə parkın salınmasına, nə də başqa bir tikintiyə görə dükanların sökülməsinə etiraz edir. Ancaq camaata bazar qiymətlərinə uyğun kompensasiya verilməlidir. Konstitusiyamızda da mülkiyyətin toxunulmazlığı ilə bağlı maddə var. Əfsuslar ki, bu ölkədə qanunlar elə kağız üzərindədir”.
Dükan sahibləri onlarla heç bir danışığa girmədən obyektlərinin sökülməsini, “sizinlə görüşəcəyik” deyib hələ də görüşməyənləri anlamadıqlarını deyirlər: “Problemlərimiz həll olunmasa, bizimlə tez bir zamanda görüşüb məsələni həll etməsələr, aidiyyəti qurumlara müraciət edəcəyik. Icra hakimiyyətinin başçısı Xaləddin Isgəndərovun qəbulunda olub məsələyə aydınlıq gətirəcəyik. Əgər başçı bizim qəbul etməsə, yaxud problemi çözməsə, Prezident Administrasiyasına gedəcəyik”.
Sənədləri olana boş yer veriləcək
Dükanı hələ sökülməyənlərdən ayrılıb obyektləri viran edilən sahibkarların yanına gedirik. Qan-tər içində əşyalarını, sökülən mağazaların daşını, şiferini maşınlara yükləyən dükan sahibləriylə ayaqüstü olsa da söhbət edə bilirik. Sən demə, kimin sənədləri qaydasındadırsa, onlara yaxınlıqda yer veriləcək: “Bizə dedilər ki, söküntü işləri başa çatandan sonra dükan sahibləriylə bir-bir görüşəcəklər. Kimin sənədləri tam qaydasındadırsa, yaxınlıqda yer veriləcək. Ancaq dükanın tikilməsi üçün pulun verilib-verilməməsi barədə heç nə demədilər”.
Obyektləri sökülənlər ya bazar qiymətlərinə uyğun kompensasiya, ya da hazır dükanların verilməsini tələb edirlər: “Boş torpaq nəyimizə lazımdır. Orada dükanı nəylə tikəcəyik? Biz görmüşük ki, nəyisi almaq istəyəndə əvvəlcə pulu ödənilir, sonra əldə edilir. Bunlar isə əvvəlcə sökürlər, kefləri nə vaxt istədi bizimlə maraqlanacaqlar. Belə də şey olar? Insanları bu cür hərəkətləriylə nifrətə sürükləyirlər”.
Sahibkarlardan ayrılıb yaxınlıqdakı parka gedirik. Parkın dörd bir yanı Bakının mənzərələrini əks etdirən plakatlarla hasara alınıb. Içəri giririk. Hər tərəf Biləcəri kimi qazılıb, binada təmir işləri gedir. Ancaq ilk baxışdan hiss olunur ki, tamamlama işlərinə çox qalıb. Fəhlələrlə söhbət edirik. Onlar parkdakı quruculuq işlərinin nə vaxt başa çatacağını bilmirlər: “Hələ iş gedir. Deyə bilmərik nə vaxt təmir işləri bitəcək. Yəqin ki, babanın doğum gününə (Heydər Əliyevi nəzərdə tutur. Heydər Əliyevin də doğum günü mayın 10-dadır – R.D) kimi park hazır olar”.
Parkın içində bir az var-gəl edib, fotoaparatın yaddaşına bir neçə şəkil köçürüb geri qayıdırıq. Bu zaman özünü təqdim etməyən bir nəfər şəkil çəkmək üçün niyə icazə almadığımızı soruşur. “Hərənin öz işi var” deyib parkı tərk edirik.
***
Obyektlər sökülən yerdə Heydər Əliyevin bir plakatı var. Şəklin yanında alt-alta bu sözlər yazılıb: “Qayıdış! Qurtuluş! Dirçəliş! Yüksəliş!”.
Sahibkarlar qayıdışı qəbul edirlər, ancaq nə qurtuluşu, nə dirçəlişi, nə də yüksəlişi gördülər. Axı, ən azı gözlərinin önündə obyektləri dağıdılır. Dağıntıyla nə dirçəliş olur, nə də yüksəliş…
Ramin DEKO