Əli Ömərov: «Cəmiyyət Əbülfəz Elçibəylə bağlı açılan cinayət işinin siyasi xarakterli olduğunu düşünür»
“Açığı mən cinayət işinin başlanmasına səbəb olan müraciətdə zəhərlənmənin AXCP sədri Əli Kərimli tərəfindən törədildiyinə inanmıram”. Bu sözləri sabiq baş prokuror “Simsar.az” saytına müsahibəsində deyib. Əli Ömərov daha sonra əlavə edib:
“Heydər Əliyev məni hakimiyyətə gətirib, mənə ordu generalı rütbəsi verib. 18 ildir ki, işsizəm. Bir yerdə eşitmisizmi Heydər Əliyevin əleyhinə söz deyim? Heydər Əliyev mənə vəzifə, çörək veribsə imkanım olsaydı da belə onu zəhərləməzdim. Əli Kərimlinin də əlindən tutub qaldıran, onu dövlət müşaviri vəzifəsinə təyin edən Əbülfəz Elçibəy olub. Ona görə də, Əli Kərimlinin Elçibəyi zəhərləməsi versiyasına inanmıram”.
Sabiq baş prokuror daha sonra bildirib ki, bu iddia ilə prokurorluğa müraciət edən Hafiz Hacıyev ayrı-ayrı hakimiyyətin də ünvanına çox kəskin ittihamlar səsləndirib: “Mətbuatda mən onun ayrı-ayrı vaxtlarda qaldırdığı məsələlərlə tanış olmuşam. Deyib ki, türmələrdə məhbusların ciblərinə nəşə atırlar, Ramiz Mehdiyev ermənipərəst adamları vəzifələrə yerləşdirir və ən əsası oliqarxlar fahişələri parlamentə yerləşdirirlər. Bu, bütün qadın deputatları təhqir edir. Başqa bir müsahibəsində isə deyir ki, məni öyrədib Isa Qəmbəri Əli Kərimlinin təhqir etdiriblər, mən onlarla dost və qardaşam”.
Əli Ömərov deyib ki, o, prokuror olsaydı ilk növbədə müraciətin böhtan olub-olmamasını araşdırardı: “Əgər böhtandırsa, müraciətin müəllifini məsuliyyətə cəlb edərdim. Çünki cəmiyyət Əbülfəz Elçibəylə bağlı açılan cinayət işinin siyasi xarakterli olduğunu düşünür. Bu halda prezidentin ictimai nüfuzuna nə kimi xələllərin gələ biləcəyi nəzərə alınmalıdır. Əlbəttə ki, burada prezidentlik bir məsələ yoxdur. Müraciətin hazırlanması müəllifin xislətindən irəli gəlir. Bu cinayət işinin perspektivi yoxdur. Mərhum Elçibəyin iki vəsiyyətnaməsi var. Vəsiyyətnaməsində o, xərçəngə yoluxmasından gec xəbər tutduğunu yazıb. Müalicə aldığı Gülhanə Tibb Akademiyasının rəyində də göstərilib ki, mərhum prostat vəzi xərçəngindən əziyyət çəkib. Bununla əlaqədar olaraq Elçibəyin böyrəkləri sidik ifraz etməyib. Böyrək sidiyi ifraz etməyəndə zəhərlənmə yaradır. Deməli, əgər Elçibəy zəhərlənibsə bu xərçənglə bağlıdır. Elçibəyin kim tərəfindən zəhərləndiyini indi müəyyənləşdirmək mümkün deyil. Onun qəbrini ekskumasiya etmək lazımdır. Saçından və ya sümüyündən nümunələr götürülməlidir. Ailəsi isə qəbirin açılmasına etiraz edir. Zəhərlənmənin də iki növü var. Elə zəhərlənmə var ki, sümükdə 15-20 il qalır. Eləsi də var ki, 3-4 ildən sonra itib-gedir. Lap tutaq ki, Elçibəyin qəbri açıldı, nümunələr götürüldü və onun zəhərlənməsi təsdiq olundu. Bəlkə zəhərlənmə xərçəngin yaratdığı fəsaddır. Yaxud da necə müəyyənləşdirmək olar ki, Elçibəyi kim zəhərləyib? Bunu görən olubmu? Bu məsələdə prokurorluğu da qınamaq olmaz. Fakta görə cinayət işi açılıb. Əgər fakt təsdiqini tapmasa cinayət işinə xitam veriləcək. Ümümiyyətlə, hər hansı şəxs prokurorluğa müraciət edibsə, müraciətin böhtan olmaması ilə bağlı məsuliyyət daşıyır. Araşdırmalar müraciətin böhtan olduğunu təsdiq etdikdə iddia qaldıran şəxsin barəsində tədbir görülə bilər”.