Vasif Talıbovun benzin əməliyyatı

v talibovNaxçıvan «xanı» yanacağın qiymətini niyə ucuzlaşdırıb?

Bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında yanacaq krizi yaranmışdı. Bu Dövlət Gömrük Komitəsinin (DGK) Muxtar Respublikaya yanacaq daşınmasının qarşısını almasılə izah edilirdi.
Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, DGK-ya Naxçıvana yanacaq daşınmasının qarşısının alınması göstərişini bu qurumu nəzarətdə saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov verib. Bildirilirdi ki, hakimiyyət dəhlizlərində bu məsələ müzakirə olunarkən  Kəmaləddin Heydərov daşınan yanacağın lazım olandan artıq olduğunu deyib. Həmçinin əlavə edib ki, bu artıq yanacaq qaranlıq məqsədlər üçün istifadə edilir. Başqa məlumatlarda isə məsələnin kökündə Kəmaləddin Heydərovla Naxçıvan MR Ali Sovetinin sədri Vasif Talıbov arasında ziddiyyətlərin dayandığı deyilirdi. Hər halda DGK Naxçıvana yanacaq daşıyan maşınları Muxtar Respublikaya buraxmır, nəticədə isə orada benzinin qiyməti bahalaşırdı. Sonradan problem həllini tapdı. Görünən o oldu ki, Ilham Əliyev bu məsələdə Vasif Talıbova qahmar çıxdı. Həm Naxçıvana yanacaq daşınmasına qoyulan qadağa aradan qaldırıldı, həm də Muxtar Respublikanın gömrük komitəsi Dövlət Gömrük Komitəsinin tabeliyindən çıxarıldı. Bunu Vasif Talıbovun Kəmaləddin Heydərov üzərində parlaq qələbəsi kimi dəyərləndirmək olar.
Lakin Naxçıvan “xan”ı daha bir “qələbəyə” imza atıb. O, Naxçıvanda yanacağın qiymətini ucuzlaşdırıb.
“Azərbaycan” qəzeti Naxçıvan Muxtar Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin sektor müdiri Tahir Orucova istinadən xəbər yayıb ki, 6 avqust 2012-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2007-ci ildə qəbul edilmiş Naxçıvan Muxtar Respublikası ərazisində neft məhsullarının topdan və pərakəndə satış qiymətləri qüvvədən düşüb və yeni qiymətlər təsdiq olunub. Bundan əvvəl sahibkarların Muxtar Respublikaya gətirdikləri neft məhsullarının daşınma xərcləri onların özləri tərəfindən ödənilirdisə, indi bu sahəyə dövlət tərəfindən kompensasiya ödənilir. Bunun nəticəsində də neft məhsullarının satış qiymətləri aşağı düşüb.
Vasif Talıbov bununla qaranlıq yanacaq biznesi üçün əlavə imkanlar qazanıb.

Hikmət