Rüstəm İbrahimbəyovla bağlı məxfi plan

rustem ibrahimbeyov2Dramaturqun sədri olduğu Kinematoqrafçılar İttifaqının qeydiyyatını ləğv etməyə hazırlıq gedir

Tanınmış dramaturq Rüstəm Ibrahimbəyovun sədri olduğu Azərbaycan Kinematoqrafçılar Ittifaqının qeydiyyatını ləğv etmək istəyirlər. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, hələ bir müddət əvvəl Ədliyyə Nazirliyinin rəhbərliyinə bu barədə tapşırıq verilib. Mənbə bildirib ki, tapşırıq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gəlib. Lakin ədliyyə naziri tapşırığa əməl etməyib.
O, Rüstəm Ibrahimbəyovun sədri olduğu Azərbaycan Kinematoqrafçılar Ittifaqının qeydiyyatının ləğvinə yetərli əsas olmadığını bildirib. Həmçinin əlavə edib ki, Rüstəm Ibrahimbəyov kifayət qədər tanınmış adamdır. Belə bir addımın atılması başağrısına səbəb ola bilər. Bundan sonra Azərbaycan Kinematoqrafçılar Ittifaqını parçalamaq qərarına gəlinib. Beləliklə də Rüstəm Ibrahimbəyovun sədri olduğu təşkilatı tərk etmə kampaniyasına başlanılıb. Mənbənin sözlərinə görə, lakin Ramiz Mehdiyev bununla kifayətlənmək istəmir. Yaxın vaxtlarda Rüstəm Ibrahimbəyovun qurumunun təftiş olunması planlaşdırılır. Bundan sonra isə bəyan ediləcək ki, artıq adıçəkilən təşkilatda az sayda adam qalıb və buna görə də onun qeydiyyatı ləğv edilməlidir.

Informasiya şöbəsi