Rusiya prezidenti ərəb kralları və çılğın oliqarxlar kimi həyat sürür
Rusiya müxalifətinin liderləri Boris Nemtsov və Leonid Martinyuk ölkə başçısı Vladimir Putinin varidatı və dəbdəbəli həyat tərziylə bağlı araşdırmalarını ictimaiyyətə açıqlayıblar. Açıqlanan araşdırma işindən bəlli olub ki, Öutin ərəb kralları və ya çılğın oliqarxlar kimi cah-calallı lyuks həyat tərzi keçirir. Müxalifət liderlərinin hazırladığı hesabata görə, Putinin son 12 illik hakimiyyəti dövründə istifadə elədiyi cah-cəlalın miqyasları daha da artıb. Nemtsov və Martinyuk bildirib ki, məhz bu lyuks həyat tərzi üzündən Putin hakimiyyətdən möhkəm yapışıb və əldən buraxmaq istəmir.
Müxalifət liderlərindən biri, baş nazirin keçmiş müavini Boris Nemtsovun sözlərinə görə, Rusiya prezidentinin təkcə saatlar kolleksiyası onun illik rəsmi gəlirindən 6 dəfə çoxdur. Hesabat müəllifləri bildirib ki, Vladimir Putinin 20 saray, villa və iqamətgahı var. İqamətgahlardan 9-u Putinin hakimiyyəti illərində tikilib. Hesabatda müqayisə üçün əlavə olunur ki, ABŞ və Fransada cəmi 2 rəsmi iqamətgah fəaliyyət göstərir.
Hesabat müəlliflərinin sözlərinə görə, Putin rəsmi gəlir bəyannaməsində ildə 4 milyon rubl “təxminən 98 000 manat” qazancı olması barədə məlumat verməklə əslində seçiciləri aldadıb. Əslində isə o, cah-cəlal içində yaşayır. “Kölənin qalera həyatı. Saraylar, yaxtalar, maşınlar, təyyarələr və başqa aksessuarlar” adlanan hesabat “Saraylar”, “Aviapark” (təyyarə və vertolyotlar), “Yaxtalar”, “Maşınlar”, “Saatlar” adları altında müxtəlif bölmələrdən ibarətdir. Sənəd müəllifləri Putinin aviaparkında olan təyyarələr, vertolyotların ümumi qiymətinin milyardlarla dolları keçdiyini bildiriblər. Kiçik donanma adlana biləcək aviaparka 4 dəbdəbəli təyyarə daxildir. Bu təyyarələrin qiyməti azı 3 milyard dollar təşkil edir.
Putinin maşınlar və saatlar kolleksiyası da var. təkcə saatlar kolleksiyasının dəyəri 22 milyon rubl (təxminən 542 000 manat) hesablanıb. Rusiya prezidentinin təkcə saatlar kolleksiyasının dəyəri prezidentin rəsmi illik gəlirindən 6 dəfə çoxdur. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Nemtsovun bu hesabatını ətraflı öyrəndikdən sonra ona münasibət bildirəcəklərini deyib. Amma sözçü əlavə edib ki, prezidentin istifadə etdiyi obyektlər dövlət mülkiyyətidir, bu barədə məlumatlar da hər kəsə açıqdır.