putin

Avropa Birliyi Putini “qara siyahıya” salır

Fuad Qəhrəmanlı: «Baş nazirin Avropaya buraxılmayacağı ilə bağlı informasiyaların mətbuata sızması Qərbin bir mesajıdır»

Rusiyanın baş naziri Vladimir Putinin adı Avropa Birliyinin “qara siyahı”sına düşə biləcəyi ilə bağlı “The New Times” dərc etdiyi məqalə bir sıra nüansları ilə diqqət cəlb edir. Baş nazirin adının Mixail Xodorkovski və Platon Lebedevin cinayət işində hallanmasının belə bir qadağaya səbəb ola biləcəyi düşünülür. Eyni zamanda Putinin bank hesabları da “təhlükə” altındadır. Amma məsələ burasındadır ki, Rusiya prezidenti Dmitri Medvedevin daxili siyasətdə Putinə qarşı mübarizədə Qərbin dəstəyini alacağı dəfələrlə vurğulanıb. Rusiyada qarşıda prezident seçkisinin gəldiyi nəzərə alınarsa, o zaman Medvedevin indidən Putinlə haq-hesab çəkməyə başladığı istisna edilməməlidir. Digər tərəfdən, Qərbin də iki namizəd arasında daha çox Medvedevə üstünlük verəcəyi şübhə doğurmur.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Putinin AB-nin “qara siyahısına” düşməsi rəsmi təsdiqini tapmasa da, bunu ehtimal etmək olar. F.Qəhrəmanlının sözlərinə görə, Qərbin Putin və Medvedev arasında seçim edərkən 2-ciyə üstünlük verəcəyi istisna deyil: “Bir müddət sonra bəlkə Medvedev də Putinə qarşı açıq hücumlara keçməyə başlayacaq. Hələliksə bu cür informasiyaların mətbuata sızmasını Qərbin bir mesajı kimi qəbul etmək olar. Çünki Qərb Rusiyanın Avroatlantik məkana inteqrasiyasında maraqlıdır. Putini isə bu inteqrasiyaya qarşı çıxan faktor kimi göstərməklə rus cəmiyyətinə bir mesaj vermək istəyir”. Rusiya siyasi mühitində Putinlə Medvedev arasında rəqabət elementlərinin çoxdan hiss olunduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, radikal xarici siyasət kursunun tərəfdarı kimi məhz Putinin təqdim olunması da bu baxımdan təəccüblü görünməməlidir: “Əslində radikal xarici siyasət yürüdən Rusiya öz qonşuları üçün də böyük təhlükə yaradır. Əlbəttə, bunun fonunda Qərblə əməkdaşlığın dərinləşməsi, Rusiyanın demokratikləşməsi Qərbin maraqlarına uyğundur. Bu üzdən Qərb bu siyasi xəttin daşıyıcısı olan Medvedevi dəstəkləyir”.

Xəyal