Viktoriya Nuland: «ABŞ ərazi bütövlüyünün tərəfdarıdır»
Avqustun 27-də ABŞ Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə Şimali və Cənubi Azərbaycanın birləşməsini dəstəkləmək təklifi mübahisə predmeti olub. “Turan”ın məlumatına görə, jurnalistlərdən biri mətbuat katibi Viktoriya Nulanddan konqresmen Rorabaxerin bu ideyasını şərh etməyi xahiş edib.
Xüsusən, o, Dövlət Katibi Klintonun konqresmenin təklifinə necə cavab verdiyini soruşub. Nuland ümumi sözlərlə cavab verməyə çalışaraq, məktuba baxıldığını, ona cavab verildiyini, lakin mətni barədə məlumatı olmadığını deyib. Amma jurnalist israrlı olub və Vaşinqtonun dövlətin parçalanmasını dəstəkləyib-dəstəkləmədiyini soruşub. Buna cavabda Nuland qeyd edib ki, ABŞ ərazi bütövlüyünün tərəfdarıdır. Reportyor “bu barədə Rorabaxerə dediniz?” deyə soruşduqda “Dedik, dedik, dedik”, deyə Nuland cavab verib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-da bir qrup Iran müxalifətçisi Konqresə və Dövlət Departamentinə Rorabaxerin ideyasına qarşı etiraz məktubu göndərib.
“Dövlət katibi Klintonun konqresmen Rorabaxerin təklifinə dəqiq və birmənalı cavab verməsini və ABŞ-ın Iranın ərazi bütövlüyünü tanıyıb-tanımadığını bəyan etməsini tələb edirik”.
Azərbaycanlılar Iran xalqının ayrılmaz hissəsidir, onlar bütün ölkədə yaşayır və əksər hökumət üzvləri etnik azərbaycanlılardır. Iranda bir çox hakim sülalələr türk olub və Azərbaycan mədəniyyəti Iran kimliyinin bir hissəsidir. Iranlıları bölmək cəhdi demokratik dəyərlər uğrunda mübarizə aparan Iran cəmiyyətinin birliyini pozmaq cəhdidir, deyə məktubda deyilir. Kaliforniya universitetinin Iran əsilli professoru Turac Daryae də azərbaycanlıların və ərazi olaraq Azərbaycanın Iran dövlətinə aid olduğunu sübut edən tarixi arayışı əks etdirən məqalə dərc edib. O, həmçinin bütün mərhələlərdə, o cümlədən hazırda Iran dövlətinin həyatında azərbaycanlıların böyük rolu haqqında danışır və ölkə lideri ayətullah Xamneyinin və baş müxalifətçi- Musəvinin etnik azırbaycanlı olduğunu vurğulayır. Daha sonra professor amerikalıları Kosovoda yol verilmiş səhvləri təkrarlamamağa və Ermənistan və Azərbaycan arasında separatizm ideyasının dəstəklənməsindən irəli gələn müharibəni unutmamağa çağırır.