Qəzetlərə problemi Prezident Administrasiyası yaradır

Qurum “Qasid”ə olan 60 minlik borcunu ödəmir

Ölkənin aparıcı mətbuat yayımı firmalarından olan “Qasid”lə qəzetimiz arasında yaranmış problemdən dəfələrlə yazmışıq. Qısaca xatırladaq ki, “Qasid” aylardır “Azadlıq”a yığılıb qalmış borcunu ödəyə bilmir. Buna qədər əsas səbəb kimi “Qasid”in köşklərinin götürülməsi və yerinə yeni köşklərin qoyulması göstərilirdisə, indi ortaya başqa maraqlı məqamlar üzə çıxmağa başlayıb.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, son aylar hakimiyyət azad mətbuatı sıradan çıxartmaq istiqamətində məqsədli fəaliyyət aparır: “Bir tərəfdən guya yeni mətbuat yayımı şəbəkəsi yaradılır, digər tərəfdən də ”Qasid” sürətlə çökdürülür. “Qasid”ə müxtəlif təşkilatların, o cümlədən dövlət orqanlarının uzun müddətdən bəri yığılmış borcları belə, ödənilmir. Bizdə olan məlumata görə, hətta Prezident Administrasiyasının “Qasid”ə 60 min manat borcu var”.
R.Hacıyevin fikrincə, hakimiyyət azad mətbuatı sıradan çıxartmağın ən səmərəli yolunu yayım şəbəkəsini dağıtmaqda görür: “Belə getsə, artıq bir neçə aydan sonra azad mətbuat sadəcə olaraq mövcud olmayacaq. Başlıca gəlir mənbəyi satış olan bizlər qəzeti yaymaq imkanından məhrum olandan sonra   maliyyə problemi ucbatından faəliyyətimizi dayandırmağa məcbur olacağıq”.