Rusiya Gürcüstana növbəti hücum hazırlayır

Dağıstanın dağ rayonlarında Rusiya qoşunları cəmləşir

Dağıstanın bir sıra Internet-resursları son vaxtlar rus qoşunlarının ölkənin Gürcüstan və Azərbaycanla həmsərhəd dağ rayonlarında cəmləşdiyini bildirir. Əsasən Botlix rayonundakı yerli mənbələr rayonda canlı qüvvənin və texnikanın toplandığını bildirir. Bu barədə Vdagestan.com saytı yazır. Mənbənin məlumatına görə, Saqada kəndi yaxınlığında zirehli dəstənin hərəkəti zamanı zirehli avtomobil dərəyə düşərək partlayıb.
Yerli sakinlər bildirirlər ki, hərbçilər meşə massivlərini blokadaya almaq, ora havadan zərbə endirmək niyyətindədir. Bəzi məlumatlara görə, bu hazırlıqda məqsəd qışadək Dağıstandakı mücahidlərin dağ bazalarını məhv etməkdir. Digər məlumatlara görə, Gürcüstana qarşı hərbi əməliyyata hazırlıq gedir.  Xatırladaq ki, hələ bir neçə ay əvvəl tanınmış hərbi ekspert Pavel Felgenhauer bildirmişdi ki, Amerika Irana qarşı əməliyyata başladığı halda, Rusiya Gürcüstana qoşun yeritməyə hazırlaşacaq.
Moskva Ermənistandakı hərbi bazasını blokadadan çıxarmaq üçün bu addımı atacaq. Çünki baza blokadaya alına bilər, belə ki, hazırda onun təchizatı Irandan keçir Zaqafqaziyada Rusiya qoşunlarının keçmiş komandanı Yuri Netkaçevin sözlərinə görə, “ola bilsin ki, Gürcüstan nəqliyyat blokadasının pozulması və Ermənistana aparan nəqliyyat dəhlizlərinin yaradılması üçün hərbi vasitədən istifadə lazım gələcək” (Nezavisimaya qazeta, 15 dekabr).
Gürcüstanla sərhədin yaxınlığında qoşunların cəmləşməsi sentyabra planlaşdırılan “Qafqaz-2012″ strateji hərbi təlimlər bəhanəsi ilə həyata keçirilir.  
Xatırladaq ki, 2008-ci ildə “Qafqaz-2008″ təlimləri Moskvanın gizli şəkildə qüvvələr yerləşdirməsinə şərait yaratmışdı və avqustda bu qüvvələr Gürcüstana daxil olmuşdu.