Eynulla Fətullayevin ailəsi ilə bağlı yayılan xəbər qarşılıqlı ittihamlara səbəb oldu
Dünən publika.az saytı jurnalist Eynulla Fətullayevin boşanması haqda xəbər yayıb. Aynur Camalqızının rəhbəri olduğu saytda E.Fətullayevin ünvanına sərt ifadələr yer alıb. Xəbərdə bildirilir ki, keçmiş jurnalist, həbsxanadan çıxdıqdan sonra özünü hüquq müdafiəçisi kimi təqdim etməyə çalışan E.Fətullayevin ailəsində ciddi problemlər yaşanmaqdadır:
“Fətullayevlərin yaxınlarının publika.az-a verdiyi məlumata görə, ötən ilin sentyabr ayında ”Monte Kristo” şadlıq sarayında toy edib ailə quran Eynulla Fətullayev artıq həyat yoldaşından boşanıb. Daha dəqiqi, ixtisasca həkim olan həyat yoldaşı onu tərk edib. Mənbə bunu münasibətlərin az müddət ərzində həddən ziyadə kəskinləşməsi ilə izah edir”.
Məsələ ilə bağlı qarşı tərəf də cavabını gecikdirməyib.
Əvvəlcə xəbərə E.Fətullayev münasibət bildirərək publika.az-ı “publiçnı şərəfsiz” adlandırıb: “Şər və böhtan yazaraq guya mənim ailəmin dağılması xəbərini veriblər. Yaramazlar, arzunuz ürəyinizdə qalacaq. Mən həyat yoldaşımla xoşbəxt həyatıma davam edirəm”.
E.Fətullayevin xanımı Nigar Allahverdiyeva isə Lent.az-a açıqlama verərək həmin məlumatların əsassız olduğunu bildirib: “Bu, böhtandır. Mənim ailə işlərimə müdaxilə edirlər. Bu həm də milli, dini dəyərlərimizə ziddir. Digər tərəfdən isə mən iş qadınıyam, ətrafım, məni tanıyan xeyli insan var. Həmin insanlar da bu yalan xəbərdən şoka düşüblər. Axı bu boyda yalanı necə uydurmaq olar? Mən evimin, ailəmin içindəyəm və bu ailə məni tamamilə qane edir. Həyat yoldaşımla aramızda qarşılıqlı istəyə və hörmətə əsaslanan münasibət var, biz bir-birimizə dəyər veririk”.
N.Allahverdiyeva onu da bildirib ki, məlumatı yayan şəxsləri məhkəməyə verəcək: “Mən bu işi belə qoymayacağam. Haqqımda yalan xəbər yayanları məhkəməyə verəcəyəm. Onlar təzminat ödəməli olacaqlar”.
Aynur Camalqızı isə “Qafqazinfo”ya müsahibəsində bildirib ki, E.Fətullayevin populyar bir isim olduğunu nəzərə alaraq bu informasiyanı vermək qərarına gəliblər: “Bu xəbəri çoxları onsuz da bilirdi. Mediada yayılırsa, məncə, normaldır. Siz Avropa, xüsusən bizə yaxın olan Türkiyə mətbuatına nəzər salsanız, görərsiniz ki, orada tanınmış insanlar bu cür xəbərlərin mediada yayılmasına normal baxırlar. Eynulla bu gün çox qeyri-etik, tərbiyə və əxlaqa sığmayan şəkildə bu xəbərə reaksiya verməklə əslində özü-özünü ifşa etmiş oldu. Əgər biz həqiqəti yazmırıqsa, siz niyə narahatsınız, yox, əgər həqiqəti yazırıqsa, yenə niyə narahatsınız? Əgər bu, baş veribsə, bunu insaların bilib-bilməməsi nəyi dəyişir axı”.
A.Camalqızı bildirib ki, səhihliyinə əmin olmasaydılar, heç vaxt bu informasiyanı verməzdilər: “Əgər səhih deyilsə, yol açıqdır, buyursunlar, məhkəməyə versinlər, əsl həqiqəti üzə çıxarsınlar”.
Məlum qalmaqalda diqqət çəkən məqamlardan biri də publika.az-da yayılmış xəbərin lent-az-da təkzib olunmasıdır. Siyasi kuluarlarda hər iki media orqanının eyni mənbədən maliyyələşdirildiyi ilə bağlı söhbətlər getsə də, göründüyü kimi, tərəflər fürsət düşən kimi bir-birilərinə olan soyuq münasibətlərini nümayiş etdirirlər.A.Camalqızı açıqlamasında bu məqama da toxunmağı unutmayıb: “Elektron informasiya vasitələrində xəbərin ilk öncə harada, kimin tərəfindən yayılması çox önəmlidir. Biz bu məsələdə dostlarımızı qabaqlayırıq. Bəzi həmkarlarımızın da bu xəbəri hər hansı yolla təkzib etməkdən savayı çarələri qalmır”.