“Heydərçilər”i YAP-dan kim yox etdi?

Mahal İsmayıloğlu: “Köhnə qvardiyanın ”vurulmasının” təşəbbüskarı Ramiz Mehdiyevdir”

Heydər Əliyevin ölümündən sonra onun komandasında təmsil olunan, ona sadiqliyi ilə tanınan şəxslərin demək olar ki, hamısı siyasi proseslərdən bu və ya başqa şəkildə uzaqlaşdırıldı.
Əli Insanov həbsxanaya göndərildi, Əli Nağıyev işdən çıxarıldı, Sirus Təbrizli YAP-dan uzaqlaşdırıldı, Əli Əlirzayev, Hüseyn Abdullayev “vuruldu”, Rəfael Allahverdiyiv hətta ölümcül vəziyyətdə Bakıya buraxılmadı. Akif Muradverdiyev, Rza Ibadov və bir neçə başqa şəxsi əlavə edib bu siyahını uzatmaq da olar. Amma məsələnin əsas maraqlı tərəfi bu ssenarinin müəllifinin kim olmasıdır.
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlunun sözlərinə görə, 2003-cü ildən sonra dərhal yeni komandanın formalaşdırılmasının iki səbəbi olub: “Birinci səbəb ətrafını varisə uyğunlaşdırmaq idi. Varis özünə uyğun komanda istəyirdi və bu komanda ona tabe olmalı idi. Elə adamları seçdilər ki, onların Heydər Əliyev dövründə heç bir nüfuzu və çəkisi yox idi. Belə adamlarla işləmək, lazımi istiqamətlərə yönəltmək daha sərfəli idi. Ikinci səbəb ayrı-ayrı adamlardan qisas almaq idi. Heydər Əliyevə yaxın olan, lakin Prezident Aparatının bəzi məmurları ilə ədavətdə olanlar dərhal ”vuruldular” və mədəni şəkildə düşmən elan edildilər”.
Ssenarinin müəllifinin kim olduğuna gəlincə, M.Ismayıloğlu bunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olduğunu deyir: “Hamıya məlumdur ki, YAP-ın köhnə qvardiyasının ”vurulmasının” təşəbbüskarı, bu mexanizmin qurucusu, ideoloji əsaslarının yaradıcısı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Bunu cəmiyyət də yaxşı bilir, YAP komandası da. YAP komandasını indiki şəkildə formalaşdıran da odur”.