İranın xarici işlər naziri müavininin ittihamlarına Azərbaycandan cavab verildi
Iranda Azərbaycan vətəndaşları – Fərid Hüseyn və Şəhriyar Hacızadənin saxlanması ilə bağlı yeni maraqlı məqamlar üzə çıxıb. Diqqət yenidən onları Irana, şeir festivalına dəvət edən Bəhram Sürgünün və şair Şəhriyarın oğlu Hadı Behcət Təbrizinin üzərinə yönəlib.
Bir müddət əvvəl Iranın “Press TV” kanalında yayılan videoda Fərid və Şəhriyarın əleyhinə ifadə verən bir şəxsin elə onları Irana dəvət edən “Azad yazarlar ocağı”nın rəhbəri Bəhram Sürgün olduğu məlum olub.
Bəzi məlumatlara görə, Fərid və Şəhriyarın millətçi çıxışları və onun kitablarını Azərbaycana aparmaq istəmələri barədə Iran Xüsusi Xidmət Orqanlarına “informasiyanı” yalnız şair Şəhriyarın oğlu Hadı Behcət Təbrizi verə bilərdi. Şairlərin həbs olunmazdan əvvəl məhz onu ziyarət etdiyi yayılan videolardan da görünür. Hadı Behcətinin bundan əvvəl də Cənubi azərbaycanlı milli fəalları Iran hökuməti qarşısında çətin vəziyyətdə qoyduğu məlumdur.
Ötən gün Bakıya səfər edən Iranın Xarici Işlər nazirinin müavini Səyyid Abbas Ərakçı jurnalistlərə Fərid və Şəhriyarın deyildiyi kimi şeir festivalında iştirak etmədiyini, qanunsuz əməl törətdiyini bildirib. Iranın bu məsələ ilə bağlı sərt mövqeyini nümayiş etdirən nazir müavini bildirib ki, ədiblər “qanunsuz hərəkətlər” törədiblər və buna görə də məhkəmə qarşısında cavab verməlidirlər: “Onlar poeziya festivalına dəvət olunsalar da, hər yerdə olublar, oradan başqa”. Bundan əlavə, Ərakçının dediklərinə görə, o, bu barədə Bakı danışıqlarında məlumat verib və Azərbaycan tərəfi şairlərin “qanunsuz hərəkətlərini etiraf edib”.
Azərbaycanın tərəfinin hansı “etiraflarda” bulunduğunu dəqiqləşdirmək üçün XIN-lə əlaqə saxladıq. XIN sözçüsü E.Abdullayev vurğuladı ki, Azərbaycan heç bir etirafda bulunmayıb və nazir müavininin ittihamlarına cavabı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov mətbuata açıqlamasında verib. Xatırladaq ki,
nazir müavini bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğu öhdələrinə düşən bütün işləri görürlər. “Onlar Iran tərəfinə müraciətlər ediblər. Həmçinin Azərbaycan rəsmi surətdə dəfələrlə Iran tərəfinə tələblərini çatdırıb. Islam Respublikasının günahsız insanlara absurd ittihamlar irəli sürməsi qəbuledilməzdir. Bu da dövlətlərarası münasibətlərin müsbət inkişafına xidmət etmir. Ona görə bu məsələ öz həllini tapmalıdır. Biz bundan sonra da vətəndaşlarımızın müdafiəsi üçün adekvat tədbirlər görəcəyik”.
Eyni zamanda Şəhriyar Hacızadənin atası Mayıl Hacızadə ilə danışdıq. Ondan Iranda həbs olunan şairlərimizin üzünə duran şəxslər barədə məlumat aldıq. Bəhram Sürgünün ETEEALAT-ın istintaqına hansı ifadəni verməsindən xəbərsiz olduğunu deyən M.Hacızadə vurğuladı ki, məhkəmədə B.Sürgün şairləri müdafiə edib. Amma görünür, istintaqa şahid kimi ifadə verərkən o, başqa şeylər deyib: “Bəhram Sürgün məhkəməyə bildirdi ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə onun 3 gecə və 2 gün qonağı olub. Pulu olmadığından qonaqlarını mehmanxanada yox, evində saxlayıb. Vətən, ana və sevgi haqqında şeirlər deyiblər”.
Şair Şəhriyarın oğlu Hadı Behcət Təbrizinin də məhkəmədə bir sıra məqamlara aydınlıq gətirdiyini deyən M.Hacızadə vurğuladı ki, istintaqın Hadı Behcət Təbrizidən və şairlərimizdən ayrılıqda alınan ifadələr məhkəmədə üst-üstə düşüb: “Hadı Behcət Təbrizidən soruşdular ki, bəs Fərid Hüseyn və Şəhriyar Hacızadə səndən nə soruşub. O bildirdi ki, onlar soruşublar ki, Şəhriyara Iran hökumətinin münasibəti necə idi və atasının çap olunmamış kitabı varmı? Hadı Behcət Təbrizi də cavab verib ki, şah dövründə Şəhriyarı sıxışdırıblar, inqilabdan sonra isə hətta təqaüd də kəsilib. Çap olunmamış əsərləri isə yoxdur”.
Iranın xarici işlər nazirinin müavininin azərbaycanlı şairlərin poeziya festivalından başqa, hər yerdə olduqlarına dair söylədiklərinə gəlincə isə, M.Hacızadə vurğuladı ki, bu, həqiqətə uyğun deyil. Azərbaycanlı şairlər yalnız Şəhriyarın ev muzeyini və Marağada Tusinin rəsədxanasını ziyarət ediblər. Və bu məkanlara baş çəkmək dövləti cinayət deyil. “Onlar nüvə reaktoruna bomba qoymayıblar və heç bir rəsm çəkməyiblər. Bütün bunlar reallıqdan uzaqdır”,- deyə M.Hacızadə vurğulayıb.
Hikmət