Elçibəyin daha bir müavini danışdı

“Əli bəyin adının çəkilməsi absurddur və siyasi spekulyasiyadır”

“Bu şikayəti, istintaqı siyasi spekulyasiya kimi dəyərləndirirəm və hesab edirəm ki, onun arxasında obyektiv həqiqəti üzə çıxarmaqdan başqa hər şey var”. Bunu, məlum zəhərlənmə iddialarına münasibət bildirən Elçibəyin müavini olmuş Zəlimxan Məmmədli “Azadlıq”a açıqlamasında deyib.
Qeyd edək ki, Z.Məmmədli Elçibəyin xəstə olduğu vaxtlarda onun səhhəti ilə bağlı məlumatların verilməsinə məsul şəxs idi.
Z.Məmmədli hesab edir ki, həmişə olduğu kimi, bu dəfə də seçki öncəsi bəzi “fiqurlar” cəmiyyəti çaşqınlığa yuvarlamaq və rəqibləri məhv etmək üçün bütün metodlara əl atırlar: “Hafiz Hacıyev belə ”fiqurlardandır”. Nə baş verdi ki, ortaya belə bir iddia atıldı? Belə bir şey var idisə, çoxdan təhqiqat aparılmalı və məsələ həllini tapmalı idi. Mən bunu müxalifətin ictimai rəydə gözdən salınması prosesi kimi qiymətləndirirəm. Onları öz liderlərinə qarşı xəyanətdə suçlamaqla cəmiyyəti çaşdırmaq istəyirlər. Bu yolla da həm də, demokratik düşərgənin diqqətini seçkidə baş verəcək saxtakarlıqlardan yayındırmağa çalışırlar. Bu məsələdə Əli bəyin adının çəkilməsi absurddur. Bu, siyasi spekulyasiyadır və arxasında heç bir məntiq, heç bir fakt dayanmır. Müxalifətdə olan qüvvələrin gözdən salınması üçün geniş kampaniya başladılıb. Bu da həmin kampaniyanın tərkib hissəsidir. Hakimiyyət bu cür primitiv üsullara əl atmaq məcburiyyətindədir. Halbuki bununla ancaq geri düşə bilər”.