Gəmi ilə gələn klassika

Dünən günün ən maraqlı xəbəri Elmlər Akademiyasının Əlyazmalar Institutundan gəldi. Institutun direktor əvəzi xalqımızı klassik şairlərimizdən birinin yeni şeirlərinin tapılması ilə bağlı muştuluqladı.
Fikir vermisinizsə, son vaxtlar bizdə keçmişə dair tapıntılar artıb, gah hansısa rayonda qədim insan məskəni aşkar olunur, gah hansısa klassikin şeirləri tapılır, bunlar hamısı çox düşündürücüdür. Yeniliklərə qapalı olan bir ölkədə köhnəlik elə bu qədər at oynada bilər. Müasir insan məskəni ola bilməyən bir ölkənin qədim insan məskəni olması ilə fəxr etmək debilizmdir. Elə çağdaş şairləri keçmişin girovluğunda olan, klassikadan axıb gələn məddahlığı, şahsevənliyi, saray təəssübkeşliyini davam etdirən bir ölkədə hansısa klassik şairin indiyədək naməlum şeirlərinin tapılmasına sevinmək də gülməlidir. Necə deyərlər, “mağarada qurd az idi, biri də gəmi ilə gəldi”.
Əlyazmalar Institutunun direktor əvəzinin açıqlamasını oxuyaq: “Azərbaycanın XV-XVI əsrdə yaşamış görkəmli şairi Kişvərinin ”Divan”ının Bursa nüsxəsinin başqa nüsxələri ilə ilkin fərqli cəhətləri müəyyənləşdirilib… Bu divan çox maraqlı cəhətləri ilə diqqətimizi cəlb edib. Kişvəri burada əvvəlki “Divan”larda adını çəkmədiyi tarixi şəxsiyyətlərin adını çəkir. Əlvənd Mirzə adlı Ağqoyunlu hökmdarının adını çəkir. Ağqoyunlu hökmdarının Məhəmməd adlı oğlunun adını çəkir, onun səxavətini tərifləyir”.
Buyurun, bu da bizim klassika! Görün, biz nəyə sevinməliyik – hansısa şairin hansısa hökmdarın oğlunun səxavətini vəsf etməsinə. Axı bunun üçün axtarışlara, əziyyətlərə nə ehtiyac vardı, günümüzdə Kişəvərinin nəvələri hökmdar oğlunun səxavətini, mərhəmətini, şücaətini, qüdrətini azmı vəsf edirlər? Hansısa yeni yaltaqlıq nümunələri tapmaq üçün arxivlərdə eşələnmək nəyə gərəkdir? Günümüzdə ki, bunun kifayət qədər nümunələri var, daha keçmişə baş vurmaq nə üçün?
Hələ açıqlamanın arxasını da oxuyun: “Tapılan ”Divan”da Kişəvərinin Şah Ismayıl Xətaiyə həsr etdiyi irihəcmli bir şeiri də var. Burada Şah Ismayılın həm ədəbiyyata qayğısını, həm ölkədə yaratdığı sabitliyi, həm də onun qəhrəmanlığı, cahangirliyi, böyük dövlət yaratması haqqında yazır”.
Bəh, bəh! Ta deyin ki, biz Zəlimxan Yaqubun ulu babasını tapmışıq də. Deyin ki, Fikrət Qocanın əcdadlarına gedib çıxmışıq. Sevsinlər sizin klassikanızı! Yesinlər sizin tapıntınızı!
Hələ bir bunu az qala “tarixi hadisə” də adlandırırlar. Adam ömrü boyu yaltaqlıqla, məddahlıqla məşğul olub, kim bilir qarşılığında da necə ödülləndirilib, kef-damaq çəkib, biz isə bunu ört-basdır etmək, ayıbımıza kor olub, üstünü daha qalın basdırmaq yerinə zurna-qavalla el arasına çıxarırıq, toy-bayram edirik.
Ağlı başında olan xalq da hansısa qədim yaltaqlıq, məddahlıq nümunələrinin tapılmasına sevinər? Ağlı başında olan ölkədə də bunun üzərinə “klassika” möhürü vurub başqalarına da sırımağa çalışarlar?
Absurd vəziyyət yaranıb: bu gün bu ölkədə şahsevənliyin, məddahlığın, merkantilliyin kökünün kəsilməsini istəyirik, onların bir yaşam norması, bir həyat tərzi olmasına qarşı çıxırıq, amma bu ölkədə kimlərsə indiyədək var olan yaltaqlıq, mədhiyyə nümunələri ilə azmış kimi gedib yenilərini tapırlar. Indiyədək yazılmış bəy tərifləri, şahnamələr azmış kimi, indi yazılan vəsflər, mədhlər azmış kimi, hələ tozlu arxivlərdən yenilərini də üzə çıxarırlar.
Əlbəttə, niyə belə axtarışların nəticəsində ortaya bir dəfə də üsyankarlıqlıq, etiraz ruhunda nümunələrin çıxmaması sual doğurur, amma bu başqa yazının mövzusudur deyə üstündən keçirəm. Sonda demək istədiyim ən vacib not isə budur: artıq yetər klassikanı yazanın və yazılanın yaşına görə müəyyənləşdirmək! Orta çağda yaranıb deyə hər əsəri klassika kimi möhürləmək ayıbdır.
Artıq klassikanın təyinatı çox fərqlidir, artıq klassika üçün zaman, tarix anlayışı şərtidir.
Məsələn, xalqların, insanların düşüncəsini, taleyini yaxşıya doğru dəyişməyən, dəyişməyə cəhd etməyən əsərlər heç bir halda klassika ola bilməz. Hətta bu gün facebook-da həqiqətdən yazılan bir status Kişəvərinin o tapılan “Divan”ından daha çox klassikadır!