Mirzə Fətəli

Bu il Mirzə Fətəlinin anadan olmasının 200 illiyidir. Iki yüz il bundan qabaq Azərbaycan-Türk dünyasında işığı min illərə yetəcək sönməz bir ulduz parladı. Özünün hər cür doqmatizmdən uzaq dinamik düşüncəsi, dialekdik baxışları ilə Mirzə Fətəli özü bir dünyaya çevrildi. Bu gün Mirzə Fətəlini bilmək Azərbaycanı bilmək, Mirzə Fətəlini anlamaq Azərbaycanı anlamaq, Mirzə Fətəlini duymaq Azərbaycanı duymaq, Mirzə Fətəlini sevmək Azərbaycanı sevmək deməkdir. Bu gün biz Azərbaycan olaraq, Türk dünyası olaraq ünlü filosof-yazarımızın, böyük Mirzəmizin 200 illiyinə, demək olar, əliboş gəlmişik – Mirzənin bir çox diləklərini doğrultmamaq baxımından.
Söz çağına çəkər, deyiblər. 1970-ci ilin avqustu (avqustun başlanğıcı) idi. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə imtahan verirdim. Ədəbiyyatdan imtahan götürən, sonralar bildiyim kimi, Universitetin ən ünlü müəllimlərindən biri, doktor-professor Əkbər Ağayev idi. Biletimdəki ədəbiyyat sualları beləydi: 1) M.F.Axundovun dramaturgiyası; 2) A.S.Puşkinin “Yevgeni Onegin” poeması. Mən danışdıqca Əkbər müəllim dümdüz üzümə baxır, elə bil dediklərimi üzümdən oxumağa çalışırdı. Suallara qısaca cavablardan sonra arada belə bir sorğulama oldu: “Orta məktəbi harda qurtarmısan?” – “Saatlı rayonunun Krasnoselski kəndində”. – “Ədəbiyyat müəllimin kim olub?”. – Azad müəllim – Azad Səməndərov”. – “Bərəkallah! Bərəkallah müəlliminə. Get oğlum, sənin qiymətin ”beşdir”, “əladır”. Iki qanad istəyirdim: mənim üçün bu gün də unudulmaz olan sevimli müəllimimin yanına uçmaq, bu sorağı ona çatdırmaq, onu sevindirmək, sevincimə ortaq eləmək üçün.
O çağlar, ötən yüzlin 60-70-80-ci illərində, başqa cür desək, biz oxuyan çağlarda, istər orta, istər ali məktəblər gerçəkdən öyrənmə-bilik ocaqları idi. Bizlər də, bizim müəllimlərimiz də bir sistemin – sovet təhsil sisteminin yetirmələri idik. 70-80-ci illərin təhsil uğurlarını H.Əliyevin adına bağlayanlar yalan danışır, xalqı aldadırlar: H.Əliyevin adına bağlı təhsil sistemi 1993-dən başlayır. Bu, bütünlüklə rüşvətə, korrupsiyaya bulaşmış gerçək təhsil sistemi deyil, gerçək antitəhsil sistemidir. Bu, sonucda “Prezident Administrasiyasında işləməyə savadlı hüquqşünas tapılmayan” (R.Mehdiyev) təhsil sistemidir. Bu, Molla Ibrahimxəlil kimyagər sayağı misi qızıla çevirmək yalanları ilə xalqı aldadıb soyan – biliksiz qoyan!- təhsil sistemidir. Belə bir təhsil sistemi ilə Mirzə Fətəli dünyasını anlamaq, Mirzə Fətəli dünyasına baş vurmaq, Mirzə Fətəli dünyasının qapısını açmaq belə olmaz, olamaz! Bax buna görə Azərbaycan özü, Azərbaycanda baş verənlərin çoxu, Azərbaycanı bürüyən gerilikçi görsənişlər bizim çoxumuza qaranlıq qalır. Çoxumuz gerilikçi görsənişlərin haralardan gəldiyini görməkdə, ölkəmizi bürüyən qaranlığın qaynağını bilməkdə çətinlik çəkirirk. Bu yıxıcı, yaxıcı anlamazlıqdan, qanmazlıqdan qazanan yağılar, itirən biz oluruq. Hara gedirik? Geriyə, keçib gəldiyimiz geriliklərin qaranlığına. Bilmək, anlamaq düşüncəsindən uzaqlaşıban DALAN yolu gedirik!
Ellin uyqarlığında belə bir uslu buyruq var: “Özün özünü tanı!”. Mirzə Fətəlinin böyüklüyü bizə bizi tanıtmağındadır. Di gəl, Mirzə Fətəlidən öncə bizə bizi tanıdacaq təhsil sistemi gərəkdir. Belə bir təhsil sisteminin olmaması üzündən biz indi nə özümüzü tanımaq durumundayıq, nə Mirzə Fətəlini, nə də başqalarını. Sokratın dünyalarca ünlü bir deyimi var, onu dilimizə belə çevirmişəm: “Bircə bildiyim budur, bildiyim nəsə yoxdur”. Bizdəki “çağdaş” biliksizlik ortamında hamı hər nəyin bilicisidir. Sokratı Sokrat eləyən doqmalardan – düşüncə durğunluğundan qaçmasıydı. Dialektik düşüncə Sokratın başlıca atributiv görsənişlərindən idi. Mirzə Fətəlinin də ölməz-yenilməz üstünlüyü bunda – Sokrat xarakterli olmasındadır.