Məhəmməd Talıblı: “Təhsilə ayrılan xərclər orta məktəbləri pulsuz məktəbli forması ilə təmin etməyə imkan verir”
Bayram Hüseynzadə: “Bu məsələnin icrası çox çətindir”
Yeni tədris ili yaxınlaşdıqca valideynlərin məktəbli geyimi ilə bağlı qayğıları artır. Əsas problem isə formanın qiyməti ilə bağlı olur. Qeyd edək ki, ibtidai siniflər üçün qiymət 40-45 manat, yuxarı siniflər üçün isə 50-53 manat təşkil edir.
Yoxsulluğun səviyyəsinin hələ də yüksək olduğu Azərbaycanda bu qiymətə geyim almaq bir çox ailələrin imkanı xaricindədir. Xüsusilə də bir neçə məktəb yaşlı övladı olan ailələrin bu baxımdan vəziyyəti daha pisdir. Belə olan halda dövlət problemi həll edə bilər. Məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvili artıq bir neçə ildir birinci sinfə gedən şagirdlərə noutbuk hədiyyə edir. Sərvətləri və imkanları Gürcüstandan xeyli artıq olan Azərbaycan məktəbli forması ilə bağlı belə bir addım ata bilməzmi? Ən azı imkansız ailələr məktəbli frması ilə təmin edilə bilər. Bunun üçün dövlət korrupsiyanın qurbanına çevirilən layihələrə ayırdığı vəsaitlərin yalnız bir qismini ayırsa, kifayət edir. Xatırladaq ki, 2012-ci ilin büdcəsində təhsil xərcləri üçün 1,5 mlrd. manat nəzərdə tutulub.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı Azərbaycanda təhsilin maliyyələşməsi ilə bağlı əsas donor rolunu dövlət büdcəsinin oynadığını deyir. Bu il təhsil üçün ayrılan vəsait ümumi büdcə xərcləmələrinin 9,3%-i təşkil edir. Ümumilikdə təhsilə ayrılan xərclər ÜDM-in 3,5%-ni təşkil edir. Əksər ölkələrdə bu göstərici 8-10% həddində dəyişir. Bununla belə həm büdcə imkanları, həm də təhsil xərcləri orta məktəblərin pulsuz məktəbli forması və digər dərs ləvazimatları ilə təmin etməyə imkan verir.
Təhsildə ciddi islahatların keçirilməsi üçün bütün imkanların olduğunu deyən ekspertin sözlərinə görə, Azərbaycanda təhsil xərcləri müəyyənləşdirilərkən hər hansı indikator əsas götürülmür. Məktəbli formasının satışı da inhisarçı qrupların biznes sferasındadır. Ona görə də bu sahədə vəziyyət yaxşı deyil: “Dövlətin ən məcburi köçkün ailələrini, imkansız uşaqları məktəbli forması ilə təmin etmək imkanı var. Pulsuz məktəbli formaları üçün hətta dotasiya ayrıla bilər. Eyni zamanda sosial müdafiəsi zəif olan ailələrə birbaşa yardımlar edilə, müəyyən müavinətlər verilə bilər. Bununla məktəbə də həvəsi artırarlar”.
Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə məktəbli forması ilə pulsuz təminatın mümkünsüz olduğunu deyir. Ilk növbədə aztəminatlı məsələsinə obyektiv yanaşmaq problemli məsələdir: “Bu gün məktəblərə desək ki, aztəminatlı ailələrin siyahısını tut, çətinlik yaranacaq. Çünki kimlərin aztəminatlı olduğunu müəyyən etmək olmur. Bunun üçün verilən arayışlar həqiqəti əks etdirəcəkmi? Bilmirik. Bunların hamısı problemdir”.
B.Hüseynzadənin sözlərinə görə, bu gün Azərbaycanda övladına məktəbli forması ala bilməyən ailə azdı. Ancaq bununla belə problem yaranacağı təqdirdə, onun həlli ilə bağlı tapşırıq verilib: “Bizim tərəfimizdən tapşırılıb. Əgər bir-iki nəfərdə belə problem olsa, onu həll edərlər. Ancaq ümumilikdə bu məsələnin icrası çox çətindir”.
Fizzə