Avropa azərbaycanlıları da Əli Kərimliyə dəstək verdi

Avropada azərbaycanlı fəalların yaratdığı 12 təşkilat bəyanat yayaraq hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı “zəhərləmə şousu”na etirazını bildirib.
Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti müxalifətə qarşı tez-tez istifadə etdiyi böhtan və şər kampaniyasına yenidən əl atıb: «Heç bir əsası olmayan, saxta heç bir mənəviyyata sığmayan kampaniyanın məqsədi müxalifət daxilində narazılıq yaratmaq, müxalifət liderlərini, siyasi rəqiblərini gözdən salmaq, onların nüfuzuna xələl gətirməkdir. Bu gün Azərbaycanda milli barışığa, dialoqa ehtiyac olduğu halda hakimiyyət siyasi rəqiblərinə qarşı çirkin kampaniyalar düzənləyir».
Bəyanat müəllifləri Əli Kərimliyə qarşı kampaniyanı qətiyyətlə pisləyir və buna son qoyulmasını tələb edirlər.
Bəyanatı Eldəniz Yusibov (Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı), Rəşad Sadıqov (Odlar Yurdu Cəmiyyəti), Fikrət Hüseynli (Yeni Müxalifət Hərəkatı), Azər Ramizoğlu (Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi), Samit Məmmədli (Nederland Azərbaycan Kültür Mərkəzi), Əli Hacılı (Azeriunited Cəmiyyəti), İlham Həsən (Frankfurt Azərbaycan Cəmiyyəti), Yusif Abulov (Maynz Azərbaycan Cəmiyyəti), İntiqam Məmmədov (Hamburq Azərbaycan Cəmiyyəti), Sərdar Ağayev (Oğuz Yurdu Cəmiyyəti), Teymur Eminbəyli (Bütöv Azərbaycan Təşkilatı) və Əli Ağayev (“Prometey” Təşkilatı) imzalayıblar.