Bəri başdan deyim ki, “xoşbəxtlik” anlayışına hər zaman çox ehtiyatla yanaşmışam. Bu elə bir ehtirasdır ki, bəzən onun axtarışında olan insan başqasının bədbəxtliyi ilə özünə xoşbəxtlik qurmağa çalışır. Məsələ ondadır ki, pis adam da bu dünyada xoşbəxt olmaq istəyir və onun bu istəyi başqalarına çox sitəmlər verir. Yəqin gözünüzün önünə dərhal kimlərsə gəldi, ağlınızdan isə “evlər yıxan”, “arxadan vuran”, “hiylə quran” və bu kimi obrazları ifadə edən kəlmələr keçdi. Hər kəlmənin arxasında isə müxtəlif adamlar durur. Gəlin bu folklor ifadələrini bir anlığa kənara qoyaq və gözümüzü ictimai həyatımızın dərd-sərinə dikək…
Azərbaycanda hakim ailə cəmi 5 nəfərdən, bir az da genişləndirsək, uzağı 50 nəfərdən ibarətdir. Bu qədər adamın xoşbəxtliyi naminə illərdir bütöv bir ölkə, bir xalq sitəm çəkir. Məsələ bu qədər sadədir.
Məsələ kimlərinsə xoşbəxtliyə haqsız yiyələnmək cəhdindədir. Xoşbəxtliyə isə gərək haqqın çata. Məsələn, insan zənginləşdikcə xoşbəxtlik hissi keçirə bilir. Amma biz böyük əksəriyyəti haqqı çatmadığı halda varlanan adamların ölkəsindəyik.
Xoşbəxtlik üçün gizli bir şərt
Düz adamların, daha doğrusu düz yolda olanların ağrıları, səhvləri, ən xırda büdrəmələri haqsız yolda olanları – əyriləri və əyilənləri xoşbəxt edirmiş. Bu günlərdə etirazçı gənclər arasında yaranan kiçik bir insidentdən, adi bir hadisədən sonra nə qədər insanın çiçəyinin çırtdadığını görəndə bunu bir daha anladım. Onlar özlərinə haqq verməyə başladılar, xoşbəxt anlar yaşadılar…
Var-dövlət, mənsəb, komfort da əksər insanların xoşbəxtlik duyğuları üçün çox vacibdir, amma özünü haqlı saya bilmək də vacibdir. Bir qayda olaraq insanlar bunu anlamır, başa düşmürlər ki, özünü haqlı saya bilmək, özündən razı ola bilmək, özünlə fəxr edə bilmək xoşbəxtlik divarının dayağıdır. Hər şeyi əldə edirsən, amma zaman-zaman havan çatmır, boğulursan, yadına düşür ki, sən özünü haqlı saya bilmirsən, sənin gerçək mahiyyətin hər an başqaları tərəfindən açıla və qiymətləndirilə bilər. Üstəlik, haqlı insan məğlub olanda da haqlıdır, sən isə uduzanda da buna da sahib deyilsən, udan da. Odur ki, pisliklərin içində olan bu adamlar bir anlığa özlərini haqlı sayıb, gerçək xoşbəxtlik hissi yaşaya bilirlər.
Axı yaltaq olmağı onu sakit buraxmır. Ən çox sevdiyi yeməyi yeyərkən, bəzən bunu necə qazandığı yadına düşür. Pis bir məqamla üzləşəndə fikirləşir ki, onu qarğayıblar. O, kasıb və başıdik insanların təbəssümünə tab gətirə bilmir. Bahalı geyimlər, mülklər onu sakitləşdirə bilmir. Satqınlıq etdiyi an yadına düşəndə hirsini ən yaxınlarına tökür. Artıq gerçək dostu da yoxdur. Getdikcə ətrafı ilə tam bölüşə bilmir. Əslində tənhadır, tənhalıq anında isə hər adam xoş hisslər yaşamağı bacarmır. Din də onu sakitləşdirmir, kəsdiyi qurbanlar da. Ən pis dərd odur ki, sanki onun hər şeyi var, amma hər istəyini edə bilmir, hər istəyini söyləyə bilmir, istəyəndə susa bilmir. Onun çox şeyi var, azadlığı yoxdur.
Xoşbəxtlik azadlıqdır
Taleyin tərs gərdişindən heç kim sığortalanmayıb. Ölüm, itki, qəza hər kəsin başında və ətrafında var. Amma bunlar çərçivəsində ayaqda durmusansa, xoşbəxtlik hər zaman iradənə və haqlarına sahib ola bilməkdir. Indi biz haqlarımıza, haqqımız çatan sərvətlərə, inkişafa, tərəqqiyə sahib deyilik deyə özümüzü xoşbəxt saya bilmirik. Başqaları isə iradələrinə sahib olmadığı üçün xoşbəxt deyil. Amma biz azadıq və haqlarımıza sahib olub, daha azad və xoşbəxt günlər yaşayacağımızı düşünürük. Onlar isə TV-lər də haqsız rejimlərin necə çökdüyünü qara yuxular kimi görür.
Amma nə etməli, xoşbəxtlik yalnız azadlıqdadır. Haqlar, ədalət, qayğı, humanizm, yüksək təhsil, keyfiyyətli səhiyyə, qida və xidmətlər, özünütəsdiq imkanı, rifahlı yaşamaq, xəstəlikdə, qocalıqda, ayrılıqda atılmamaq – bütün bunlar azad cəmiyyətlərin yetdiyi bir şeydir. Odur ki, insanlar dünyanın hər yerindən xoşbəxtlik üçün daha azad cəmiyyətlərə qaçırlar. Üstəlik, azad cəmiyyətlərdə pis adamların xoşbəxtlik istəyi də az təhlükəlidir.