Hikmət Nikbin
Siyasi baxımdan vaxtını, zamanını uduzan, Azərbaycan Respublikasını siyasi dünyada həvəskarlar qrupunda təmsil edən hakimiyyət dünəndən dil boğaza qoymur. Guya mitinqə az insan gəlib. Bir idarəçilik ki, Xalqın narazılığını mitinqə gələn insanlarla ölçə! 100 minlərlə insanın mitinqdə iştiraksızlığı Azərbaycan gerçəkliyində xəstə insanların həkimə getməməsi kimi bir şeydi. Həqiqətdə isə, hamı bu yarıtmaz iqtidardan çox narazıdı. Bu komandanın siyasi düşüncəsi atdığı ayaq addımlarının məsafəsi qədərdi. Yaxşı olardı ki, iqtidar TV- kanallarda mitinqdə səsləndirilən narazılıqlara münasibət bildirəydi. Təfəkkürlü hakimiyyətlər çağırılan mitinqlərdə insanların sayını axtarmır, tədbirdə ünvanlarına deyilmiş “ittihamların” nə dərəcə də ciddiliyini KİV-lər vasitəsi ilə müzakirə edir, ya təkzib verir, nəticə çıxarır, ya razılaşır və s. Niyə hakimiyyət nümayəndələri mitinqdə səsləndirilən narazılıqlara qulaqlarını tıxayırlar. Çünki çirkab içindədirlər. Bu boyda idarəçilikdə rüşvət almayan bir məmur tapmaq mümkün deyil. Bu hal bir komandanın iflası deyil, həm, bu dövlətin də, cəmiyyətin də iflasıdı, çökümüdü.
İqtidar Azərbaycanın 100 illərlə böyüyə bilməyən, elə 100 illərlə də tapdanan, oğurlanan arzularına maneədir. Mən-mən deyə-deyə özünü də, Xalqı da çıxılmaz vəziyyətə salıb.
İqtidar ovçu Pirimlikdən əl çəkməlidir. Xalqa zəifliyini etiraf etməli, Prezident seçkilərində namizədi olmamalıdir. Dediyim kimi, idarəçiliyin ovçu Pirimlik etməsi siyasi baxımdan düşüncə iflicliyidir. Komanda bu düşüncəylə dünya dövlətlərinin sonunda qərar tutur. Dəhşətə baxın, bu komanda durub gözləyir ki, Beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzün xoş xəbərini bizə nə vaxt muştuluqlayacaq. Bəs onda siz nə üçünsüz? Siz BMT-ni də, ATƏT-in Minsk qrupunu da buna məcbur etməlisiniz. Təfəkkürünüzlə, inadınızla, təmizliyinizlə! Sadaladığım bu keyfiyyətlər isə, təəssüf ki, sizdə yox!
Nə vaxta qədər gerçəyə söykənməyən şirin nağıllar uyduracaq bunlar? İqtidarın yalanları böyüməkdə! Hamı xoşbəxtdi yalandan, hamının işi var yalandan, hamı pulsuz müayinə alır yalandan…
Çox təəssüf ki, idarəçiliyin nağıllarına az da olsa inananlar var. Əslində, bizi bir Xalq kimi zaman-zaman nağıllarla bölüblər, nağıllarla parçalayıblar. Çox təəssüflər ki, bizi birləşməyə nağıllarla da qoymayıblar, çünki bir cəmiyyət kimi gözümüzlə gördüklərimizə yox, qulaqlarımızla eşitdiklərimizə daha çox inanmışıq bir vaxtlar. Qulaqlarımızla eşitdiklərimizə görə qan da tökməyə hazır olmuşuq bir vaxtlar. Belə cəmiyyətləri “oynatmağa” nə var ki?(üzr istəyirəm) Bu gün də əlimiz, ayağımız yeyilə-yeyilə nağıl sahiblərinə qulaq asmaqdayıq.
Axı bu, bir həqiqətdir ki, ağlına söykənməyən, yalnız və yalnız hisslərinə güvənən insanların düşünmək, duymaq hissiyyatı ictimai- siyasi münasibətlərdə ləngiyir. Belə insanlar sadəcə ayaq üstə dura bilirlər. Sadəcə şəxsi həyatlarındakı kədəri və sevinci hiss edə bilirlər. Bizdə isə, şükürlər olsun, bu cür insanlar çox azdı.
Dövlətçiliyimiz zaman-zaman uğursuzluqlar məngənəsində o qədər sıxılıb ki, Azərbaycan cəmiyyətinə böyük siyasi faciələrlə müqayisədə siyasi baxımdan kiçik faciələri hakimiyyət özünün “uğuru”, “qələbəsi” kimi göstərə bilir.
Gəlin, hakimiyyətin bizi yatırtmağa hesablanmış nağıllarına inanmayaq. Ən azından, Dövlətçilik hara, nağıl hara…