Fəal gənclərdən Əli Kərimliyə dəstək

Onlar hakimiyyətin AXCP sədrinə qarşı başlatdığı kampaniyanı rejimin qorxusuyla izah edirlər

Son günlər mətbuatın diqqətində olan hakimiyyətin Əbülfəz Elçibəyin “zəhərlənməsi şousuna” ölkənin aktiv gəncləri də reaksiya bildiriblər. Onların da fikrincə, baş verənlər Elçibəyin ruhuna sayqısızlıqla yanaşı, eyni zamanda AXCP sədri Əli Kərimliyə qarşı hakimiyyətin illərdir apardığı çirkin kampaniyanın bir davamıdır.

Gənclik ağı-qaradan seçməyi bacarır

Azad Gənclik Təşkilatının sədri Ülvü Həsənli hesab edir ki, hakimiyyətin hazırladığı bu primitiv kampaniya heç cür qarşısına qoyduğu məqsədlərə çata bilməz. Çünki Azərbaycan cəmiyyəti və onun aktiv hissəsi olan gənclik ağı-qaradan seçməyi bacarır:
– Bu təbliğatın əsasında nəyin dayandığı hamıya gün kimi aydındır. Bu kampaniyanın arxasında iqtidar durur və hədəf də Əli Kərimlidir. Əli Kərimli ən üzdə olan müxalifət lideridir. Bu Əli bəyə qarşı prezident seçkisi ərəfəsində bir təzyiq formasıdır. Bu addımlarla eyni zamanda hakimiyyət son zamanlar cəmiyyətdə yaşanan ictimai aktivliyin qarşısını da almağa çalışır. Amma dünyasını dəyişmiş türk dünyasının lideri Əbülfəz Elçibəyin üzərindən xal aqazanmaq cəhdi murdarlıqdır və nəticə verməyəcək.

Məqsəd aydındır, Əli Kərimlini hədəfə almaq

VHP Gənclər Komitəsinin üzvü Samir Əsədli hesab edir ki, baş verən olaylarda ziddiyyətlər bir-birini əvəz etməkdədir.
Ən böyük səhvi isə prokurorluq bu məsələ ilə bağlı cinayət işi başlamaqla edib:
– Əbülfəz Elçibəy 2000-ci ildə dünyasını dəyişib. Bəs nəyə görə Hafiz Hacıyev bu müddəti susurdu? Məqsəd aydındır, Əli Kərimlini hədəfə almaq. Çünki hakimiyyətin müxalifətin üzərinə getdiyi bir zamanda bu məsələnin meydana çıxması təsadüf deyil. Vaxtı ilə Əbülfəz Elçibəydən soruşanda ki, siz Azərbaycan üçün nə etmisiniz. O, bu suala belə cavab verib. “Mənim Azərbaycan üçün 2 böyük xidmətim olub. Birinci rus ordusunu Azərbaycan ərazisindən çıxarmışam. Ikinci isə Azərbaycan cəmiyyətinə Əli Kərimli kimi siyasətçi yetişdirmişəm”. Məhz bu Əbülfəz Elçibəyin Əli Kərimliyə verdiyi qiymətdir.

Ötən hər gün İlham Əliyevin nüfuzu azalır

ADP Gənclər Komitəsinin sədri Cəmil Hacıyev bildirdi ki, hazırda hakimiyyət bu siyasəti ilə cəmiyyətdə, siyasi dairələrdə böyük nüfuz sahibi olan Əli Kərimlini hədəfə almaqdır:
– Hakimiyyət hazırda müxalifətin favoriti olan Əli Kərimlini məhz bu yol ilə ləkələməyə çalışır. Əlbəttə ki, baş verənlər reallıqla uyğun olmayan uydurmalardır. Əli Kərimlinin müxalifətdən vahid namizəd ola biləcəyi hazırda müzakirə mövzularından biridir. Məhz bu məqam hakimiyyəti ciddi narahat edir. Ona hər ötən gün Əli Kərimliyə qarşı təzyiqi artırmaqla bir nəticə əldə etməyə çalışır. Amma bütün təbliğata baxmayaraq hər ötən gün Əli Kərimlinin nüfuzu artır, Ilham Əliyevinki isə əksinə azalır.

Hakimiyyətin Əli Kərimlidən qorxduğu göz önündədir

Gənc bloqqer Fuad Hacıyev də bildirdi ki, hakimiyyət hazırkı təbliğatı ilə ictimai rəyi özünə tabe etməyə çalışsa da, məqsədinə nail ola bilməyəcək:
– Hakimiyyət bir qayda olaraq tanınmış adamlara şər-böhtan ataraq onları ictimaiyyətin gözündən salmağa çalışır. Ona görə hazırda da Əli Kərimliyə qarşı bu cür kampaniyaya başlanıb. Azərbaycan cəmiyyəti Əli Kərimliyə böyük rəğbət bəsləyir. Ona görə hakimiyyət Elçibəy silahından istifadə edərək Əli Kərimlini nüfuzdan salmağa çalışır. Əli Kərimlinin 2006-cı ildən passportdan məhrum edilməsi də onun siyasi fəaliyyətinin məhdudlaşdırılması məqsədi ilə edilib. Hakimiyyətin ondan qorxub, çəkindiyi göz önündədir. Bütün bu addımlar hakimiyyətin 2013-cü il seçkilərinə “hazırlığıdır”.

Xəyal