Polis həbs edilən dindarlara araq təklif edib?

 

Eldəniz Quliyev «hə» deyir, Gəncə polisinin rəisi isə təkzib edir

 

Polis rəisi Rasim Musayev: «Dindarlara araq verən mənəviyyatsız adamdır»

Islam partiyası üzvlərinə qarşı təzyiqlər gündəmin əsas mövzularından biridir. Həbsdə olan dindarların başına gətirilənlərlə bağlı bir sıra maraqlı faktlar ortaya çıxıb. Bu faktlardan birini Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev açıqlayıb. Onun sözlərinə görə, Gəncədə dindarlar həbs ediləndən sonra ortaya araq şüşəsi qoyulub və deyilib ki, kim ondan içsə, azad ediləcək.

E.Quliyev bununla bağlı məlumatı təzyiqlə üzləşən dindarların verdiyini deyir. Azərbaycan polisinin qanuna yox, zorakılığa istinad edib fəaliyyət göstərdiyini deyən E.Quliyev hər bir kəsin şərlənərək həbs edilmək təhlükəsi ilə üz üzə qaldığını deyir: “Şah qanun olanda qanunlar kölə olur. Hamı təhlükədədir. Hər birimiz istənilən vaxt şərlənib həbs edilə bilərik. Əgər Azərbaycan polisində Hacı Məmmədov kimi fenomen varsa, dindarların başlarına gətirilənlər, onlara araq təklif edilməsi təəccüblü deyil. Bu, dindarların öz dilindən səslənən fikirdir”.

E.Quliyev digər bir faktı da diqqətə çatdırdı: “Gənc mömin dedi ki, gözümüzün qabağında polis kompüteri vurub sındırdı. Sonra da dedi ki, səni bizim kompüteri sındırdığına görə tutacağam. Belə faktlar artıq adi hal alıb. Bu, sistemin, rejimin mahiyyətindən irəli gəlir. Polis qəssab baltası ilə işləyir. Hərdən yadından çıxarır ki, onun əsas vəzifəsi asayiş keşikçisi olmaqdır”.

Baş verənlərlə bağlı Gəncə Şəhər Polis Idarəsinin rəisi Rasim Musayevin də fikirlərini öyrənmək istədik. Sualımızı aqressiya ilə qarşılayan rəis mətbuatı qınamağı da untmadı: “Gəncədə 20-30 min dindar var. Bu sözü kim deyibsə, onun adını soruşun. Belə fakt yoxdur. Yalandan deyirlər. Bilmirik bu faktları hardan götürürsünüz”.

Məlumatı təzyiqlə üzləşən dindarın verdiyini deyəndə isə rəis bizi məhkəmə ilə hədələdi: “Dindardan soruşun ona kim araq verib. Yalandan yazmayın. Yoxsa sizi məhkəməyə verərik. Əgər belə fakt varsa, o adam təsdiq etsin. Dindarlara araq verən mənəviyyatsız adamdır. Elə bir adam ola bilməz”.

Fizzə