aliyev-obama-kollaj

ABŞ və Azərbaycan prezidentləri

aliyev-obama-kollajTamara Qriqoryeva Azərbaycanda doğulub, 22 yaşında ölkəni tərk edib. Bir müddət Avropada yaşayıb, sonra isə ABŞ-a köçüb. Ixtisasca jurnalist olan Tamara bloqçudur. Maraqlı yazılarla çıxış edir. Onun oxucularımız üçün də maraqlı olacaq yazısını ixtisarla təqdim edirik.

***

Təxminən beşinci sinfə qədər prezidentlərlə çox az maraqlanırdım, baxmayaraq ki, Heydər Əliyevin bizim prezidentimiz olduğunu bilirdim, amma bu barədə düşünmürdüm.
Bircə dəfə onu nənəm çoxdan gözlədiyimiz hind filmini və Latın Amerikası serialını (“Qvadelupe”) izləmək üçün AzTV-ni açdığı zaman gördüm, bəzən çox əsəbiləşirdik, belə ki, serialı bir saat, bəzən isə daha çox gecikdirirdilər, çünki prezidentin hansısa rayona və ya müəssisəyə baş çəkməsi yayımlanırdı.
Amma mən beşinci sinifdə oxuyanda evimizin yanında park tikməyə başladılar, parkın girişində, demək olar, dərhal qızılı rəngli 75 rəqəmini və eyni şəkildə latın əlifbası ilə Heydər Əliyev yazısını asdılar. Qəsəbədə prezidentin özünün bu parkın tikintisinə göstəriş verdiyi barədə şayiələr yayıldı və biz – heç də uşaqlar üçün nəzərdə tutulmayan seriallardan başqa hər hansı əyləncədən məhrum uşaqlar səbirsizliklə açılışı gözləyirdik.
O hadisədən sonra prezidentlə bağlı bütün bu qarmaqarışıqlıqlara qarşı qeyri-müəyyən, dumanlı münasibət yaranmışdı. Bundan sonra 3-4 ayda bir bizi dərslərdən azad edirdilər ki, səfərdən qayıdan prezidenti aeroportda qarşılayaq və ya ona əl eləmək üçün yollarda duraq. Amma biz çoxumuz, uşaq da olsaq, axmaq deyildik – birinci dəfə gözləməyin nə qədər yorucu və soyuq olduğunu və nə dərəcədə yemək istədiyimizi, amma orada qalmaq məcburiyyətində olduğumuzu xatırlayırdıq.
Daha sonra 2003-cü il idi. 11-ci sinifdə oxuyurdum, 16 yaşında idim. Tarix dərslikləri fəal şəkildə 1969-cu ildən etibarən Azərbaycanda, nəhayət ki, günəş doğduğunu, 1993-cü ildən sonra isə dünyanın heç bir yerində olmadığı qədər canlanma olduğunu yazırdılar. Ən əsası isə ermənilər yerlərinə oturdulmuşdu.
Amma 16 yaşında çox az adam Şaxta Babaya və ya Karlsona inanır, bu nağıllara da inanan az idi. Mənim üçün həmin il çox həyəcanlı idi, universitetə daxil olmağa hazırlaşırdım, dərslikləri və testləri isə ildən-ilə yeniləyirdilər, üstəgəl, çox vaxt başqa şeylərə olduğu kimi, repetitorlara da pulum çatmırdı…
Sonra seçkilər oldu və bizim sinfimizə gələrək bilirsiniz, kimə səs verməyi xahiş etdilər. Amma biz məktəbdən uzaqda yaşayırıq, ona görə ailəm başqa yerdə səs verməli idi. Seçkilərdən bir gün sonra direktor müavini Flora xanım sinfimizə gəldi və qürurla sona qədər mübarizə apardığını və qalib gəldiyini danışdı.
O, müxalifət nümayəndəsi və müşahidəçi ilə mübarizə aparıb və sonda nəticələri saxtalaşdıra bilib. Bax belə, yalançı YAP vətənpərvəri idi.
Mövzumuz bu deyil, amma həmişə bu qadın haqqında yazmaq istəyirdim. Flora xanım, əgər bunu oxuyursunuzsa, ümid edirəm ki, bir gün gördüyünüz işə: sizinlə pul verib hazırlaşmaq istəməyən şagirdlərə qarşı münasibətinizə, onları alçaltmağınıza və universitetə qəbul olmayacaqları vədi verməyinizə; həmişə rüşvət tələb etməyinizə – axşam gedib valideynlərə yenə pul aparmalı olduğunuzu deməyin necə bir hiss olduğunu isə təsəvvür belə etmirsiniz – 2003-cü ildə həyasızcasına seçkilərin nəticələrinin saxtalaşdırılmasına köməklik göstərməyinizə və bir çox başqa şeylərə görə peşman olacaqsınız. 2008-ci ildə sonuncu dəfə sizi gördüyüm zaman yolu keçdim və özümü elə apardım ki, guya sizi tanımıram, buna heç də təəssüf etmirəm. Çünki sizin kimiləri xalqımızı şikəst edir.  
Mövzuya qayıdaq. Axşam böyük həyəcanla “Fabrika Zvezd-2″nin finalını izləyirdim və birdən efiri kəsdilər və prezidentin öldüyünü elan etdilər. Televizoru söndürdüm və yatmağa getdim. Bundan mənim həyatımda nə dəyişdi? Heç nə. Niyə ikiüzlülük edim?
Səhər məktəbdə bir çox sinif yoldaşlarım “Fabrika-2″nin finalına sonuna qədər baxa bilmədiklərindən narazılıq edirdilər. Heç kim ağlayıb özünü öldürmürdü. Flora xanımın gözlərinin qırmızı olduğunu gördüm. O, bədbəxt görünürdü, ya da belə görünməyə çalışırdı. Daha bir neçə beləsini gördüm, TV-də də göstərirdilər ki, çoxları H.Əliyevin məzarını ziyarət edir. Amma heç olmasa bizdə Şimali Koreyadakı kimi mənzərə olmadığı sevindirir.
Sonra birdən prezidentyönlü istedadlar peyda olmağa başladı. Bizim məktəbdə aşağı siniflərdən şeir yazan bir qız tapıb çıxardılar. O səhər növbəsindəkilərə Heydər Əliyev haqqında şeir oxuyurdu. Mən də şeir yazırdım. Daha çox sevgi və gənclik haqqında. Amma şeirlərimi məktəb səhnələrindən oxumurdum.
2004-cü ildə Bakı Dövlət Universitetinə daxil oldum, fakültəmdə ən yüksək balı topladığım üçün birinci dərs günü rektor Abel Məhərrəmov özü tələbə biletlərimizi və hər tələbəyə bir qərənfil verirdi. Tribunaya yüksək bal toplamış bir qızı çıxardılar. Tribunanın qarşısında toplaşanlara göz gəzdirən qız dərindən nəfəs aldı və hamımızın ölkəmizin gələcəyi üçün mübarizə aparmalı olduğumuz barədə nitq söylədi. Sonda dedi ki, yüksək bal toplamasına Heydər Əliyevdən aldığı ilham kömək edib. Dinləyənlər var gücləri ilə alqışlamağa başladı.
Tribunanın arxasında qızmar günəş altında tələbə biletimi gözləyərkən başa düşdüm ki, Əliyevlər ailəsinin nümayəndəsi mənim prezidentim ola bilməz. Kimin olursa olsun, amma mənim ola bilməz. Çünki mən bu qədər ikiüzlülüyü və yalanı uda bilmirəm, içəridən paslanmaq və parçalanmaq istəmirəm. Mənim prezidentim kimsə başqası ola bilər, amma bu ailədən biri yox…
Əliyevlər ailəsi kimlər üçünsə həqiqətən ölkə idarəetməsinin idealı ola bilər. Hər şey ola bilər. Kimlər üçünsə Stalin də xalqın atası idi…
Indi isə ABŞ-da prezidentlərlə bağlı vəziyyətdən danışmaq istəyirəm. Burda prezidentləri – keçmiş və elə indikini də çoxları sevir. Və ya hörmət edirlər. Əlbəttə, hamısını sevmək mütləq deyil. Və mütləq sevmirlər.
Bu il ABŞ-da seçkilər keçirilir. Bu seçkilərdə Mitt Romni və hazırkı prezident Barak Obama prezidentlik uğrunda mübarizə aparacaqlar. Məsələn, Dövlət Departamentinin istənilən işçisi açıq-aşkar şəxsi fikrinə görə məsələn, Obamanın yaxşı prezident olmadığını deyə və ya onu söyə bilər. O, vəzifəsindən atılmayacaq və ailəsi problemlər yaşamayacaq.
Obamanın şəkilləri hər küncdən əhaliyə baxmır və onun kəlamları yeraltı keçidlərin və müəssisələrin divarlarını doldurmur (baxmayaraq ki, televizorda onu çox göstərirlər, amma rəqibini də göstərirlər). Obama kitablar dərc edir, amma onları almağa zorla məcbur etmir, kimə maraqlıdırsa, o da alır.
Bu günlərdə həmkarım prezidentin çıxışını izləməyə getdi, bir saat yarım növbədə durdu, amma növbəti gün işə razı gəldi və dedi ki, zalda hədsiz enerji var idi, o, buna heyran olmuşdu. Mən qeyri-iradi olaraq uşaq olanda prezidentimizi gözlədiyimizi xatırladım. Heç bir enerji yox idi. Digər həmkarım dedi ki, heç vaxt Obamanı dinləməyə getməzdi, çünki, o, sosialistdir. Ofisdə belə bir adi söhbət. Bundan sonra heç kimi rəhbərliyə çağırmadılar, heç kimin problemi olmadı.
ABŞ-da keçmiş prezidentlərə də hörmət edirlər. Təkcə Vaşinqtonda Linkolnun, Tomas Ceffersonun memorialı, Ruzvelt adası, Ronald Reyqan aeroportu, Corc Vaşinqton adına Universitet və s. var. Bu yaxınlarda yoldan keçirdik və döngədə böyük növbə olduğunu gördük. Oğlum nə baş verdiyini soruşdu, sən demə, turistlər növbəyə durub Abraam Linkolnun öldüyü evə daxil olmaq imkanı gözləyir. Hava çox isti idi, amma adamlar öz növbələrini gözləyirdilər, hamı kifayət qədər sevincli idi və maraqlanırdı.
Məktəbdən H.Əliyev muzeyinə ekskursiyaları xatırladım, biz çox həvəssiz gedirdik, bütün ekskursiya boyunca əsnəyirdik…
Bizdə Neft Akademiyasında tələbələrin güllələnməsindən sonra gül bayramı qeyd edirdilər, heç bir başsağlığı səslənmirdi…
…Bizim 20 illik gənc ölkə olduğumuzu, ABŞ-ın isə 18-ci əsrdən demokratiyanı inkişaf etdirdiyini deməyin. Bizim ömrümüz, valideynlərimizin ömrü və övladlarımızın ömrü bu gün, indi, elə bu dəqiqə keçir və biz demokratiyada yaşamaq istəyirik, öz prezidentimizi seçmək istəyirik, seçimimiz olmasını istəyirik, əsl siyasi müzakirələr və mübahisələr istəyirik. Biz bunu indi istəyirik, 200 il sonra, biz öldükdən sonra yox.

queentamara.blogspot.com