“İqtidar bilməlidir ki, bu siyasət ölkəni xaosa aparır”
Aslan İsmayılov: “Hakimiyyət elə düşünməsin ki, Qərb onu müdafiə edəcək”
Tanınmış vəkil Aslan Ismayılov Avropaya səfərdən qayıdıb. Onunla bu dəfəki söhbətimiz Avropadakı görüşləri və müdafiə etdiyi Zülfüqarlı qardaşlarına məxsus Keşlədəki zavoda basqınla bağlı oldu.
– Aslan müəllim, Avropaya səfərinizin məqsədi nə idi?
– Avropada yaşayan azərbaycanlıların dəvəti ilə Paraqada FACE-nin tədbirində iştirak etmişəm. Həmin tədbirdə müzakirə mövzularından biri də Azərbaycanda mülkiyyət hüququnun vəziyyəti idi. Mən orada bu mövzu ilə bağlı məruzəçi idim. Və mən çıxışımda Azərbaycanda mülkiyyət hüququnun pozulmasını bütün detalları ilə diqqətə çatdırdım. Həmin çıxış canlı yayımlandı, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. O cümlədən bu məsələ ilə bağlı ayrıca xarici mediaya, o cümlədən Azadlıq Radiosunun Praqa ofisinə müsahibə verdim.
Həmin tədbirdən sonra mən Berlinə gəldim. Avqustun 21-də saat 11.00-da Bundestaqda deputat Viola Van Qramonun köməkçisi Petra Margraf ilə görüşüm var idi. Həmin görüşdə də Azərbaycanda insan haqları və mülkiyyət hüququnun vəziyyəti müzakirə edildi. Petra Margraf elə həmin gün saat 20.00-da Qazaxıstanda insan haqlarının vəziyyətinə həsr olunmuş tədbir olacağını bildirdi və məni ora dəvət etdi. Onunla görüş başa çatandan sonra saat 15.00-da mətbuat konfransı keçirərək (ÿDr. Melanie ÿKrebs, sərbəst jurnalist, eyni zamanda Berlin Humboldt Universitetinin əməkdaşı, Helqa Elli Frankenştayn), sərbəst jurnalist, Barbara Oertel, “Taz” gündəlik ictimai-siyasi qəzetinin beynəlxalq şöbəsinin rəhbəri, Hanno Gundert, jurnalistlər şəbəkəsinin rəhbəri və digərləri Azərbaycandakı mülkiyyət hüququnun vəziyyətini xarici media nümayəndələrinin diqqətinə çatdırdım. Açığı mənim üçün Azərbaycanda vəziyyətin nə yerdə olduğunu demək olduqca ağır idi. Çünki replikaları, ironiyaları eşitmək mənə çox acı təsir bağışlayırdı. Lakin mən buna məcbur edildim. Illərdir yazdığım şikayət ərizələrinə mətbuatdakı çıxışlarıma ölkəmdə fikir verən olmadı. Mətbuat konfransından Armen Press-in müxbiri və bir neçə alman jurnalisti, həmçinin QHT nümayəndəsi məndən Sumqayıt hadisələrilə bağlı müsahibə götürmək istədiklərini bildirdilər. Razılaşdım, onlara Sumqayıt hadisələrilə bağlı ətraflı məlumat verdim, bu olaylarla bağlı sənədlər əsasında yazdığım kitabın rus dili versiyasını onlara təqdim etdim. Daha sonra Qazaxıstanda insan haqlarının vəziyyətinə həsr olunmuş tədbirə qatıldım. Orada da çıxışım oldu və ayrıca olaraq deputat Viola Van Qramonla görüşdüm. Bu görüşdə də təbii ki, müzakirə mövzusu insan haqları və mülkiyyət hüquqları idi. Həmin tədbirdə Almaniyanın ombudsmanı Markus Löninqlə fikir mübadiləsi zamanı mənimlə görüşüb ətraflı söhbət etmək istədiyini bildirdi. Səhəri gün bizim görüşümüz oldu və Azərbaycandakı vəziyyətlə,xüsusi ilə mülkiyyət hüququ ilə bağlı ətraflı müzakirə apardıq.
– Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?
– Təəssüratım budur ki, Avropada Azərbaycanda nə baş verdiyindən məlumatlıdırlar və prosesləri ciddi izləyirlər.
Avropada bizdən daha yaxşı bilirlər Azərbaycanda nə baş verdiyini. Mənim orda başqa görüşlərim də oldu. Həmin görüşlərdə mənə açıq şəkildə bildirirdilər ki, Azərbaycanın bütün bölgələrində insanlar acınacaqlı vəziyyətdə yaşayırlar, amma sizin hökumət milyonlarla pul ayırıb Italiyada, Fransada və başqa inkişaf etmiş ölkələrdə kilsə təmir etdirir, məktəb tikdirir. Və bunu beynəlxalq aləmdə özlərinə demokratik imic yaratmaq üçün edirlər. Yəni, artıq Qərb Azərbaycan hakimiyyətinin mahiyyətini yaxşı anlayır. Digər tərəfdən Avropada artıq bilirlər ki, Azərbaycan hakimiyyəti bütün sahələrdə rüşvətsiz keçinə bilmir. Onlar deyir ki, sizin hakimiyyətin fikrincə, hər şeyi pulla almaq olar, o cümlədən idmanda birinciliyi də.
– Avropada yaşayan azərbaycanlılarla da bağlı fikirlərinizi bilmək maraqlı olardı.
– Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti Avropada yaşayan azərbaycanlılardan, xüsusilə gənclərimizdən ölkənin maraqları üçün istifadə etmir. Hakimiyyət yalnız öz maraqlarını güdür və buna görə də Avropada da bölücüklə məşğuldur. Orada yaşayan azərbaycanlıları bölüb. Kimlərisə təzyiq yolu, kimlərisə şirnikləndirici vədlərlə öz tərəfinə çəkib. Və həmin adamlar yalnız hökumətin maraqları çərçivəsində fəaliyyət göstərir. Amma orada mübariz gənclər çoxdur. Onlar Azərbaycanın milli maraqlarının müdafiəsilə, ölkədəki problemlərin həlli ilə məşğuldur. Mən bir fakt deyim. Azərbaycan hökuməti milyonlarla pul ayırıb xaricdə məktəb, kilsə tikir. Özünə demokratik imic yaratmaq üçün xalqın sərvətini göyə sovurur. Amma Almaniyada Düdəngiskinin qəbrini həmin o mübariz gənclər öz hesablarına qoruyurlar. Orada qəbrə görə pul ödənilməlidir. Düdənginiskinin qəbri də dağılmışdı. Qurban Dağlı, Həbib Müntəzir və digəriləri kimi mübariz gənclərimiz pul toplayaraq qəbri bərpa ediblər və 15 illik pulunu da ödəyiblər. Əslində isə bunu Azərbaycan hakimiyyəti etməlidir. Lakin hakimiyyət bunu nəinki etmir, bu cür işlər görənlərə, milli maraqları qoruyanlara, iqtidarın qanunsuzluqlarına etiraz edənlərə narkoman, xalq düşməni yarlığı vurur. Mən bir şey də öyrəndim və dəhşətə gəldim. Sən demə, Avropaya siyasi mühacir adı ilə gələnlərin bir çoxu heç bir təqibə-təzyiqə məruz qalmayıb. Onlar saxta yolla mühacir statusu alıb və işləri də Azərbaycandan ora məmur gələndə onları alqışlarla qarşılamaqdır. Hakimiyyət bu cür adamlara şərait yaradır. Amma onlara etiraz edənləri hətta Avropada müxtəlif formalarda təzyiq göstərir. Bu biabırçılıqdır.
– Zülfüqarlı qardaşlarına məxsus zavoda basqınlar səngiyib və bu məsələ ilə bağlı cinayət işi başlanıb. Sizcə, bu cinayət işinin ciddi nəticəsi olacaqmı?
– Bu cinayət işi formal olaraq başlanıb. Əgər hökumət ciddi tədbir görmək istəyirsə, basqınçılar və təşkilatçısı bəllidir. Niyə həbs etmirlər onları? Mətbuat yazıb bu barədə, qoçu dəstələrinin fotoları, videogörüntüləri var.
Hesab edirəm ki, bu cinayət işi sadəcə Zülfüqarlıları sakitləşdirmək üçündür. Bundan sonra isə onlardan qisas almaq istəyəcəklər. Təsəvvür edin, vətəndaşın şəxsi əmlakına basqın edilir, 300-ə yaxın fəhlə zavodda gecələyərək oranı qoruyur, amma Daxili Işlər Nazirliyi həmin ərazidə post qurmaqla işini bitmiş hesab edib. Hüquqi dövlətdirsə, zavodun qarşısında post niyə qurulur? Hüquqi dövlətdə basqınçılar və onların təşkilatçısı həbs edilməlidir. Çünki onların əməlinin adı Azərbaycan Cinayət Məcəlləsində quldurluq adlanır. Bundan əlavə 20-yə yaxın sahibkarın əmklakı eyni üsulla əllərindən alınıb. Niyə heç bir tədbir görülməyib? Necə olur ki, cəmiyyətdə qeyri-ciddi adam kimi tanınan Hafiz Hacıyevin bir sərsəm iddiası ilə Respublika Prokurorluğunda AXCP-nin sədri Əli Kərimliyə qarşı cinayət işi başlanır, amma bu boyda hadisə baş verib heç bir tədbir görülmür?! Rövşən Zülfüqarlı şəxsən Bakı şəhər prokurorunun qəbulunda olub. Baş verənləri detalları ilə prokurorun diqqətinə çatdırıb. Nəticə yoxdur.
Amma Əli Kərimli müxalifətdə olduğuna görə dərhal Hafiz Hacıyevin onu şərləməsinə hüquqi qiymət verməyə başlayıblar. Hakimiyyət bilməlidir ki, bu siyasəti davam edəcəyi təqdirdə ölkədə xaos baş verəcək. Ümumiyyətlə, mən deyərdim ki, baş verənlər hakimiyyətsizliyin təzahürüdür. Mən 89-cu ildən Azərbaycandayam. Bu ölkədə həmişə qarışıqlıq ərəfəsi belə hadisələr baş verir. Mən bu qarışıqlığı görürəm. Hakimiyyət elə bilməsin ki, Qərb onları müdafiə edəcək. Xeyr. Mən yuxarıda qeyd etdim ki, orada Azərbaycanda baş verən hadisələrdən kifayət qədər məlumatlıdırlar. Və artıq bu hakimiyyətin mahiyyətini daha yaxşı dərk edirlər.
– Sizcə, bu hadisəyə ictimaiyyətin reaksiyası yetərincəmi oldu?
– Açığı, cəmiyyətin bir hissəsinin reaksiyası məni qane elədi. Söhbət jurnalistlərdən gedir. “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Yeni Müsavat”, “Bizim Yol” qəzetləri və digər KIV-lər məsələni işıqlandırdılar, baş verənləri ictimaiyyətə çatdırdılar. Buna görə ora gələn hər bir jurnalistə təşəkkür edirəm.
Amma nə QHT-lər, xüsusilə işi gücü qrant almaq olan mülkiyyət hüququnun, insan haqlarının qoruyucuları, nə də özünü ciddi siyasi təşkilat adlandıranlardan mən bir reaksiya görmədim. Yalnız AXCP baş verənlərə biganə qalmadı. Mən siyasi partiyaları bir kənara qoyuram. Bəs Azərbaycana 2018-ci ildə demokratiya gətirəcəyini bəyan edən, mənim də hörmət bəslədiyim REAL-çılar haradadır? Sosial şəbəkələrdə “Real demokratiyaya kömək etmək” kimi statuslar yazmaqla deyil. Real demokratiyaya kömək etmək üçün bəzən əziyyət çəkib hadisə yerinə getmək lazımdır. Bilirsiniz, bu zavodla baş verənlər çox mühüm hadisədir. Axı indiyə qədər sahibkarlar səslərini çıxarmırdılar. Bir balaca hədə qorxu gəlinən kimi hamı səssiz mülklərini təhvil vermişdilər. Amma indi baxın, sahibkarlar öz əmlaklarının,haqqlarının müdafiəsinə qalxıblar. Onlara dəstək vermək lazımdır. Bu mühüm hadisədir. Təəssüf ki, mən bunu görmədim.
Ramin DEKO