Turqut Ərdən Elçibəyin ölümü ilə bağlı şok açıqlamalar

turqut er-musahibe“Hakimiyyət öz cinayətini başqasının üzərinə atır”

“Bunlar sərt qayaya çırpılır, Əli bəyə atdıqları böhtanda özləri boğulacaqlar, sonları Suriyadan əvvəl gələcək”

Son günlərin gündəm mövzusu olan Elçibəyin zəhərlənməsi iddiasına Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, “Azadlıqdan tiranlığa” kitabının müəllifi Turqut Ərdən də reaksiya gəldi. T.Ər “Azadlıq”ın əməkdaşı ilə söhbətdə Elçibəyin ölüm səbəbi ilə bağlı şok faktlar açıqlayıb.
Əvvəlcə onu bildirib ki, Elçibəyin xəstəliyinin diaqnozu Ankara xəstəxanasında qoyulsa da, uzun müddət özündən gizlədildi: “Ankara xəstəxanasının baş həkimi Elçibəyin ölüm səbəbinə tibbi terminlərlə aydınlıq gətirib. Bu, sizin qəzetinizdə də dərc olunmuşdu. Baxın və diqqətlə oxuyun ki, o adam nə deyir. Elçibəyi ölümə aparan məqsədli laqeydliyi nəzərdə tuturam. Mən bunu illər əvvəl bilirdim və kitabımda da yazmışdım. Kitabı oxusanız, Elçibəyin kim tərəfindən və necə öldürüldüyünü görəcəksiniz. Onu da görəcəksiniz ki, Elçibəyi necə qəsdən ölümə sürükləyiblər. Həkim Naxçıvanda, Kələkidə Elçibəyi müayinə edir və gedir Bakıya. Bakıda ona deyirlər ki, bunu Elçibəyə bildirmə. Elçibəy özü də sonradan demişdi ki, xəstəliyini ona bildirməyiblər. Xahiş edirəm, bu faktları bir yerə toplayın, görün, nə çıxır. Əbülfəz bəyin xəstəliyi Kələkidə müəyyən edilsə də, bu, nə onun özünə, nə də yaxınlarına söylənilmişdi. Ondan sonra xəstəlik irəlilədi və Elçibəy Bakıya gəldi. Bakıya gələndə Elçibəy Heydər Əliyevə deyir ki, PKK-nı sən qurmusan. Bundan sonra Elçibəyə PKK ittihamı ilə bağlı qondarma cinayət işi başladılır. Və ona xaricə getmək qadağası qoyulur. Bu, düşünülmüş bir plan idi ki, onun xəstəliyi inkişaf etsin, xaricə gedə bilməsin. Bu cür xəstəliyə düçar olan adam ölkə xaricinə çıxa bilmədi. Sonradan Əbülfəz bəy bunun fərqinə vardı, amma iş-işdən keçmiş, xəstəlik irəliləmişdi. Əbülfəz bəyi qəsdən xaricə buraxmamaqla onun xəstəliyinin aşkar olunmasının qarşısını aldılar. Bu da Əbülfəz bəyi ölümə apardı. Xərçəng elə bir xəstəlikdir ki, bir həddə çatandan sonra qarşısını almaq mümkün olmur. Əbülfəz bəyin ölüm səbəbi budur”.
T.Ər hesab edir ki, hakimiyyət Elçibəyin ölümünü başqa yerdə axtarmaqla öz cinayətini başqasının üzərinə atır: “Bunlar guya bir daşla iki quş vurmaq istəyirlər. Birincisi, bu cinayəti üzərlərindən atmaq istəyirlər. İkincisi də, Əli bəy kimi, illərlə Əbülfəz bəylə silahdaşlıq etmiş, Elçibəyə atası kimi, türk dünyasının lideri kimi inanmış bir adamı günahlandırmaq istəyirlər. Bu, Azərbaycandakı idarəetmənin yol verdiyi ikinci cinayətdir. Azərbaycanı cinayətlər gölündə üzən bir ölkə vəziyyətinə gətiriblər. Əli bəyə qarşı ortaya atdıqları bu böhtanda özləri boğulacaqlar. Əli bəyi həbs edən hökumət 3 aydan artıq duruş gətirə bilməz. Özləri o iftiranın içində boğularlar. Bunlar ağılsız adamlardılar, sərt qayaya çırpılırlar. Əli bəyə bu böhtanı atanlar özlərinin sonunu gətirirlər. Bu gedişlə sonları Suriyadan əvvəl gələcək”.