Keçmiş YAP-çı deputatdan “zəhərlənmə şousu”na etiraz

Nazim Məmmədov: “Hafiz Hacıyevin ortaya atdığı bu iddia tam əsassızdır”

Keçmiş YAP-çı deputat, iqtisadçı alim Nazim Məmmədov Elçibəyin zəhərlənməsi ilə bağlı iddiaları əsassız sayır. Qəzetimizə açıqlamasında N.Məmmədov baş verənləri mətbuatdan izlədiyini və kimlərinsə iqtidar-müxalifət münasibətlərini gərginləşdirməkdə maraqlı olduğu qənaətinə gəldiyini deyir: “Görünən odur ki, həm iqtidar, həm müxalifət düşərgəsində tərəflər arasındakı münasibətin gərginləşməsində maraqlı olan qüvvələr var. Buna istənilən ölkədə rast gəlmək olar. Amma bizdə ifrata varırlar. Hafiz Hacıyevin ortaya atdığı bu iddia tam əsassızdır. Bu, Türkiyədə mərhum prezidenti müalicə etmiş şəxslərin mətbuata verdiyi açıqlamalardan da görünür”.
Zəhərlənmə ilə bağlı başladılan kampaniyanın əleyhinə olduğunu deyən N.Məmmədov hesab edir ki, vaxtilə “Eks prezidentlər haqqında” qanun qəbul olunsaydı, bütün bunların baş verməsi üçün heç bir əsas da olmazdı: “Qanun vaxtında qəbul olunsaydı, Elçibəy o şəraitdə yaşamaz və dövlət öz keçmiş prezidentinə sahib çıxmış olardı. Bu cür məsələlər Azərbaycan dövlətinin imicinə ziyan verir, problemlərin pis formada dünya mətbuatına çıxmasına şərait yaradır”.

Gültəkin