İsrailli nazir “erməni soyqırımı”nı ziyarət etdi

Azərbaycan hakimiyyəti isə yəhudi dövlətini ən yaxın müttəfiq hesab edir

 

İsrailin informasiya və diaspor naziri Yuli Edelşteyn Ermənistana səfəri çərçivəsində “erməni soyqırımı” memorial kompleksini ziyarət edib. Nazir “soyqırım qurbanlarının” abidəsi önünə əklil qoyub, daha sonra bir dəqiqəlik sükutla onların xatirəsini yad edib. Nazir və nümayəndə heyəti, həmçinin “erməni soyqırımı” muzeyində olublar. Daha sonra Yuli Edelşteyn xatirə kitabına ürək sözlərini yazıb.

Nəzərinizə çatdıraq ki, İsrail hökuməti Azərbaycan hakimiyyətinin ən yaxın müttəfiqlərindən biridir. İsrailin Türkiyə ilə münasibətlərinin gərgin olmasına baxmayaraq rəsmi Bakı isə yəhudi dövləti ilə əməkdaşlığını daha da genişləndirib. Bu əməkdaşlıq hərbi və siyasi sahədə hiss olunmaqdadır. Bir neçə ay öncə Azərbaycan İsraildən 1.6 milyard dollar dəyərində silah alıb. Bundan başqa ABŞ mediası İsrailin İrana hücum edəcəyi təqdirdə Azərbaycan hava məkanının və ölkədəki hərbi bazaların onun ixtiyarına veriləcəyi barədə məlumat yaymışdı.