İbrahimbəyovu tərk etdiyi deyilənlərdən biri ölü çıxdı

Alternativ Kinematoqrafçılar İttifaqında biabırçı “pripiska”

Avqustun 23-də ölkə mediasında belə bir məlumat yayıldı ki, daha bir qrup Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edərək, ona alternativ kimi yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün müraciət edib. Məlumata siyahı da əlavə olunmuşdu. Siyahıdakı adlardan biri belədir: Nazim Yüzbaşov – rejissor.
Bu gün bir neçə nəfər redaksiyamıza müraciət edərək siyahıda adı gedən Nazim Yüzbaşovun radio rejissoru oluduğunu və 4-5 il qabaq dünyasını dəyişdiyini bildirib.
Məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevlə əlaqə saxladıq. R.Balayev məlumatı təsdiqləyərək dedi ki, təmsil etdiyi İttifaqda başqa Nazim Yüzbaşov olmayıb. O isə bir neçə il qabaq rəhmətə gedib.
Balayev onu da əlavə etdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından “istefaları” alternativ qurumun rəhbərlərindən biri, rejissor Cəmil Quliyev təşkil edir. Onun bildirdiyinə görə, C.Quliyev İttifaqın Telestudiya və Kinostudiyada işləyən üzvlərinə ya qurumdan çıxıb onların təşkilatlarına qoşulmaları, ya da ərizə yazıb işdən çıxmaları üçün təzyiq göstərir.
Artıq həyatda olmayan bir insanın adının onların təşkilatına qoşulanlar sırasına necə salındığını öyrənmək üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından kinoşünas Ayaz Salayevlə əlaqə saxladıq. Salayev bidirdi ki, təmsil olunduğu quruma qəbullarla Cəmil Quliyev məşğul olur, ona müraciət edək.
Cəmil Quliyev isə əməkdaşımıza etiraf edib ki, siyahıda adı gedan Nazim Yüzbaşov dünyasını dəyişib. O, mərhumun adının siyahıya düşməsini isə özünün buraxdığı səhvlə izah etdi. C.Quliyevin dediyinə görə, siyahıya rejissor Rafiq Yüzbaşıyevin yerinə səhvən Nazim Yüzbaşovun adı yazılıb.

azadliq.info