Bilmirəm son günlər nə baş vermişdi: yerindən duran çəngəl-bıçağını, yaba-baltasını götürüb Hafiz Hacıyev adlı vətəndaşın üzərinə yürüşə qalxmışdı. Çoxsaylı qışqır-bağır içində onu “dəli”, “anormal” adlandıranlar da vardı. Nə yaxşı, tez-tələsik PA ic.-siy. bölümünün başqanı, hamıya gün kimi aydın Əli Həsənov araya girdi, Hafizlə işdəki ortaqlığını ortaya qoymaq kimi bir risqə getməklə olsa belə, parlaq, illərlə unudulmayacaq arxadaşlıq cəngavərliyində bulundu: Hafiz Hacıyev normal vətəndaşdır.
Doğrudur. Deyilənə görə, bu gün Azərbaycanda 600 min belə normal vətəndaş var. H.Hacıyev bu 600 minlik irili-xırdalı, aşağı-yuxarı sıravidən seçilən bir BRENDdir. Başqa cür desək, marka. Elə buna görə də başqalarından ayırmaqla ona ayrıca partiya düzəldiblər, Bakının görkəmli yerlərindən birində “partiyasına” yekə bir yer veriblər. Kim nə deyir-desin, mən bu adamı əliyevçi rejimin başlıca brendi, markası sayıram.
Düzünə qalsa, elə Əli Həsənovun özü də irili-xırdalı, aşağı-yuxarı 600 minlik sıravidən seçilən kimsədir – əliyevçi rejimin başlıca sözçülərindən biri olaraq. Bu adamın bir neçə ay qabaq olduqca ilginc bir ismarışı yayılmışdi: “hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bu, 2013-cü il prezident seçkisinin başlca anonsu idi. Bu anonsun obyekti olan adamlar bunun nə demək olduğunu anlamaq istəmədilər. Buna görə ortaya elə indidən “zəhərləmə” faktoru (faktı yox, faktoru!) çıxarıldı. Düzü, burasını mən özüm də düşünməmişdim: rejimin “qan” proyektində “zəhərləmə” faktoru da ola bilərmiş. Bu gün ortaya atılan “zəhərləmə” faktorunu biz ilkin seans, başqa cür desək, sınaq seansı saya bilərik. Buna “jurnal” da demək olar: kino qabaqdadır.
Bir neçə ay qabaq “Azadlıq”da belə bir informasiya yayıldı: “Ilham Əliyev 800 min dollarlıq saat taxır”. Bilirsiz onda nə oldu? Ustadımız Mirzə Cəlil demiş: dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı… Əli Həsənov “bu yalana görə ”Azadlıq”ı məhkəməyə vercəyik” deyə, dəli bir nərə çəkdi. “Azadlıq” geri çəkilməli oldu. Yalan yazdığına görə yox, yazdığını doğrulamaq olanağı olmadığına, saxta seçkilər kimi saxta məhkəmələrdə uduzacağını göz altına aldığına görə! Yeri gəlsə, onlar 800 min dollarlıq saatı 8 manatlıq Çin dublikatı ilə dəyişə də bilərdilər.
“Vaşinqton Post” qəzeti Ilham Əliyevin 75 milyon dollarlıq Dubay oğurluğunun üstünü açanda Ə.Həsənovun davranışı başqa cür oldu. O, nə nərə çəkdi, nə səsini qaldırdı; eləcə dinc bir tonda bildirdi: “Ilham Əliyev o pulları (75 milyon dolları!) kiçik biznesdən qazanıb”. Biz I.Əliyevin Rusiyada qabaqlar kiçik biznesi olduğunu eşitməmişik. Di gəl, kiminsə kiçik biznes yoluyla bircə Dubayda 75 milyon dollarlıq mülk ala bildiyini eşitməmişdik. Görünür, Ilham Əliyevin FENOMENAL biznes bacarığı var. Görünür, elə buna görə onun başında durduğu hakimiyət gerçək bir siyasi hakimiyət deyil, gerçəkdən-gerçək biznes-korrupsiya hakimiyətidir. 75 milyon dollarlıq oğurluq açılımının arxasında ABŞ dövləti durduğundan, Ə.Həsənov çox dərinə getməkdən – məhkəmə faktoruna əl atmaqdan çəkindi.
Bugünlərdə B.Britaniya parlamenti ortaya daha DƏHŞƏTLI bir fakt (fakt!!!) çıxardı: Ilham Əliyevin təkcə offşor zonalarda 48 milyard dollarlıq OĞURLUQ pulları var! Faktın TUTARQALI DOĞRULUĞUNDAN Əli Həsənov udquna-udquna qaldı – səsi çıxmadı. Qarşıdan olduqca önəmli bir seçki gələn yerdə bütünlüklə susmaq da olmazdı. Nə etməli? Topluma yalan yeritməli – yalan yedirtməli! Beləcə, 48 milyard dollarlıq ata-oğul oğurluğuna qarşı “zəhərləmə” kod adı altında açıq TERROR faktı çıxarıldı.

Hafiz Hacıyev – normal vətəndaş!
•