Demokratik düşərgədə yeni alyans yarandı

Məqsəd, seçkiqabağı demokratik mühitin yaradılması və avtoritarizmdən demokratiyaya yumşaq keçiddir

“Azərbaycanı amansız avtoritar rejim idarə edir və onun dəyişdirilməsi üçün demokratik qüvvələr vahid ideya və vahid komanda ətrafında birləşməlidir”. Bu fikir dünən Media Mərkəzində ölkənin 15 siyasi partiyasının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə səslənib. Görüş iştirakçıları 2013-cü il prezident seçkiləri ərəfəsində demokratik atmosfer yaradılması, habelə seçki məcəlləsinə dəyişikliklər məsələlərini müzakirə ediblər.
“Aydınlar” partiyasının rəhbəri Qulamhüseyn Əlibəyli seçki qanunvericiliyinə islahatlarla bağlı təklifləri, o cümlədən parlamentə majoritar-proporsional seçki sisteminin bərpa edilməsi təklifini təqdim edib. Əsas ideya isə seçki komissiyalarının formalaşdırılması prinsipinin dəyişdirilməsidir. Xüsusən, bütün səviyyələrdə seçki komissiyalarının üzvlərinin seçkilərdə iştirak edən bütün siyasi partiyalar tərəfindən irəli sürülən namizədlər arasından püşk vasitəsilə seçilməsi təklif olunub.
Bundan başqa, namizədlərin qeydiyyatı prosedurunu sadələşdirmək; namizədlərin qeydiyyatının ləğv edilməsi mümkünlüyünü istisna etmək; seçiciyə bir neçə namizədin xeyrinə səs verməyə icazə vermək; müşahidəçilərin təqdim etdiyi materialları qanuni dəlil kimi qəbul etmək; bütün namizədlərə seçkiqabağı təbliğat üçün bərabər imkanlar yaratmaq, elektron səsvermə sistemini təqib etmək və s. təklif edilib. Pozuntularla bağlı şikayətlərin baxılması üçün püşkatma əsasında QHT nümayəndələrindən formalaşan müstəqil apelyasiya komissiyalarına təqdim etmək təklif olunub.
ALP sədri Əvəz Temirxan isə bu sistemin seçki komissiyalarının hakimiyyətin nəzarəti altında çıxacağına zəmanət vermədiyi haqda fikir səsləndirib. Onun fikrincə, seçki komissiyaları son seçkilərdə 125 dairənin 61-indən çoxunda qeydiyyatdan keçmiş namizədləri olan partiyalar və ya partiya blokları tərəfindən formalaşdırılmalıdır. Apelyasiya komissiyalarının yaradılması şikayətlərə baxılmasında obyektivliyə zəmanət vermir. Belə ki, hakimiyyət nəzarəti altında olan çoxsaylı QHT-lərin bu qurumlarda daha çox təmsil olunmasını təmin edəcək.
ACP sədri Sülhəddin Əkbərin fikrincə, ölkədə dəyişikliklərə yalnız demokratik qüvvələrin sıx birləşməsi və ciddi nizam-intizam sayəsində nail olmaq olar: “Bu gün Azərbaycanda korrupsiyaya uğramış, totalitarizm elementləri olan avtoritar rejim qurulub. Bu rejimə yalnız demokratik qüvvələrin birləşməsi alternativ ola bilər”.
Alyansda qərarlar səs çoxluğu ilə qəbul edilməli və hamı üçün mütləq olmalı və bu qayda 2013-cü il prezident seçkiləri başa çatana qədər davam etməlidir.
Ittifaqın əsas məqsədi seçkiqabağı demokratik atmosfer yaradılması və avtoritarizmdən demokratiyaya yumşaq keçid uğrunda mübarizə olmalıdır. Ittifaq vahid siyasi komandaya, vahid seçki qərargahına, siyasi platformaya və islahatlar proqramına malik olmalıdır. Ittifaq yalnız dinc yolla “Azərbaycanın demokratikləşməsi, azad dünyaya inteqrasiya, qloballaşmaya fəal uyğunlaşma!” şüarı altında mübarizə aparmalıdır”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib ki, təmsil etdiyi partiya demokratik seçkilərin təmin edilməsinə yönələn bütün addımları dəstəkləyir. Müzakirələrin yekunlarına görə, demokratik qüvvələrinin Məşvərət Məclisinin yaradılması ideyası təqdir edilib.
Iştirakçılardan yalnız Həsən Kərimov səsvermədə iştirak etməyərək mövqelərini partiyada məsələ ilə bağlı müzakirə aparandan sonra açıqlayacaqlarını deyib.  
Qurumun təsis edilməsi haqqında yekun qərar isə növbəti görüşdə qəbul ediləcək(“Turan”).
Görüşdə “Aydınlar”, Açıq Cəmiyyət, Vətəndaş Həmrəyliyi, Liberal, Demokrat, “Ümid”, AXCP, Azad Azərbaycan partiyalarının, Vahid Azərbaycan Milli Birlik Partiyasının, Azadlıq, Liberal-Demokrat, Islam-Demokrat, Böyük Azərbaycan partiyalarının, Milli Müstəqillik Partiyasının, Klassik Xalq Cəbhəsi Partiyasının nümayəndələri iştirak ediblər.