“Dəyirmanlar kralı” Ağabala Quliyev

Qənaətcil Bakı milyonçusu

Azərbaycanda biznes və mədəni mühitin formalaşmasında Bakı milyonçularının xüsusi rolu olub. Belə şəxslərdən biri də öz dövrünün “dəyirmanlar kralı” adlandırılan Ağabala Quliyevdir. Ağabala Hacıqulu oğlu Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində dünyaya gəlib. Onun atası yoxsul bir tənəkəçi idi. O, tənəkədən müxtəlif ev əşyaları düzəldərək satır və çətinliklə də olsa qazandığı pulla ailəsini dolandırırdı. Ağabalanın anası Mələknisa evdə qutab bişirər, Ağabala da həmin qutabları satardı.
Ağabalanın ailəsi bir müddətdən sonra Keşlədən Bakıya köçür. Ehtiyac içərisində yaşayan ata böyük övladı Ağabalanı erməni Tatausovun buxar dəyirmanında işə düzəldir, Ağabala burada fəhlə kimi fəaliyyətə başlayır. Ağabala dəyirmanın hər işi ilə maraqlanırmış. O öz işində də çox səliqəli idi. Kontor müdiri Ağabalanın işindən o qədər razı idi ki, elə bir gün olmazdı ki, onu dəyirman sahibinə tərifləməmiş olsun. Belə səyi və çalışqanlığı nəticəsində idi ki, Ağabala çox keçmədən birdən-birə sex müdiri təyin olunur.
Ağabala çox qənaətcil birisi olub. Dəyirmanda hələ fəhlə işlədiyi günlərdən qazandığının yarısını atasına verir, qalanını yığıb saxlardı. O, fəhlə işləyərkən kiçik bir ehtiyatsızlıq ucbatından sağ əlinin bir neçə barmağını itirmişdi.
Ağabala sex müdiri işlədiyi müddətdə xeyli sərmayə toplamya bilmişdi. Israfçılıqdan uzaq durar, qəpiyin də qiymətini bilərdi. Nəhayət, Ağabala varlanıb həmin dəyirmanı sahibindən alır. Ağabalanın bu qədər pulu hardan almasına hamı təəccüb qalır. O, dəyirmanın işini yenidən qurmaq üçün xüsusi plan hazırlamışdı. Köhnə avadanlığı yenisi ilə əvəz etdikdən sonra dəyirmanın istehsal qüvvəsi xeyli artdı. Əgər aldığı dəyirman vaxtilə onunla bir küçədə olan Malakan varlısı Skobelevin dəyirmanı ilə (indiki Xaqani küçəsində) rəqabətdə geri qalırdısa, indi avadanlığın sazlığı və buraxılan məhsulun keyfiyyəti ilə nəinki Skobelevin, hətta Sadıxov qardaşlarının, H.Z.Tağıyevin, Kretingen və Qlaz qardaşlarının dəyirmanlarını da geridə buraxmışdı. Bir müddətdən sonra onun fəaliyyəti daha da genişlənir. O, Şimali Qafqazda da un, düyü təmizləyən, kraxmal dəyirmanları tikdirib işə salır. Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda, Beslanda, Keorkiyevskdə tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandırır. Camaat içərisində o, dəyirmanlar kralı kimi ad çıxarır.
Xeyriyyə işlərinin böyük dəstəkçisi
1916-cı ildə Bakıda baş vermiş aclıq zamanı Şimali Qafqaz yolunun bağlanması nəticəsində Bakı dəyirmanları böyük çətinliklə üzləşdi. Taxılın daşınmaması nəticəsində bir neçə dəyirman öz işini saxladı. Bu, Ağabala Quliyevin dəyirmanına bir o qədər təsir etmədi. O, biri tərəfdən taxılın dəniz vasitəsilə daşınmasına nail olmuşdu. O, Rusiyanın taxıl istehsal edən rayonları ilə daima əlaqədə idi. 1916-cı ilin fevral ayının 15-də Bakıda qadınların qiyamı oldu. Çörəyin çatışmazlığı üzündən qadınlar zəngin mağazalara, ərzaq anbarlarına və dəyirmanlara hücum çəkərək, qapıları sındırır, şüşələri qırır və əllərinə keçənləri evlərinə daşıyırdılar. Polis də onların öhdəsindən gələ bilmirdi. Bu hadisə Bakının tarixində “Babıy bunt” kimi tanınır. Bazarlar tamamilə talan edilmişdi. Dəyirmanlara, o cümlədən A.B.Quliyevin dəyirmanına da az ziyan dəyməmişdi. Yalnız qiyamın ikinci günü polis qiyamı yatırda bildi.
A.B.Quliyev şəhərdə uca binalar ucaltmağı o qədər sevmirdi. Lakin Bakının Poluxin küçəsində tikdirdiyi yaşayış binası şəhərin ən əzəmətli binalarından biri hesab olunurdu. O bu binaya istər xaricdən, istərsə də içəridən arxitektura elementləri ilə bəzəklər vurdurmuşdu. Binanın memarı o zaman şəhərdə bir çox əzəmətli binaların layihəsini vermiş E.Y.Skibinski idi. Binanın içərisini, otaqları bəzəmək üçün rəssam Malov dəvət olunmuşdu. Malovun otaqlardakı yağlı boya ilə çəkdiyi şəkillər içəri girəni heyran qoyurdu.
Ağabala Quliyev həm də ictimai xadim idi. Həmin dövrdə Bakının həyatında elə bir hadisə olmazdı ki, Ağabala Quliyev onda öz maddi və mənəvi köməyi ilə iştirak etməmiş olsun. Ölkənin dövlət quruculuğunda, ictimai və mədəni tədbirlərdə, xalq təsərrüfatının bir çox sahələrində onun xidmətləri böyük olub.
1878-ci ildə Bakıda ilk dəfə Şəhər Dumasına seçkilər keçirilmişdi. Bakıda Dumaya ümumi sayın yarısı qədər, yəni 36 nəfər qlasnı seçilmişdi. Seçilənlər içərisində H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Əjdər bəy Aşurbəyov, Isa bəy Hacınski ilə yanaşı Ağabala Quliyev də vardı. Dumanın iclaslarında Ağabala daim fəal iştirak edir, müzakirə olunan, xüsusilə ərzaqla əlaqədar məsələlərdə həmişə xalqın mənafeyi baxımından çıxış edirdi.
A.B.Quliyev həm də böyük xeyriyyəçi idi. 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə cəmiyyətinin ilk təsisçilərindən biri olmuşdur. Birinci Dünya müharibəsi başlanandan sonra Bakı Müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyəti daha da genişlənmişdi. 1917-ci ilin aprel-may aylarında Bakıya Turkiyədən, Rum elindən çoxlu qaçqınlar gəlmişdi. Onları yerləşdirmək, yedirmək, isti pal-paltarla təmin etmək sahəsində cəmiyyət xeyli iş görmüşdü. Xeyriyyə cəmiyyətinin ümumi fondundan başqa Bakı varlıları və o cümlədən, A.B.Quliyev qaçqınlar üçün ərzaq, un, düyü ayırırdılar. Sonralar Qafqaz cəbhəsindən də çoxlu türk və alman əsirləri gətirildi. Onların da qayğısına qalmağı cəmiyyət unutmurdu.
Rus işğalından sonra üzü qürbətə
1878-ci ildə Bakıdan Batuma neft kəməri çəkilməsi məsələsi meydana çıxmışdı, lakin bu fikrin həyata keçirilməsi xeyli ləngiyirdi. Əcnəbi mühəndislər kəmərin çəkilməsi məsuliyyətini üzərlərinə götürməkdən imtina etdilər. Sonralar məşhur rus mühəndisi V.Q.Şaxov bu işi boynuna çəkdi. Bakı varlılarından bir neçəsi və o cümlədən, A.B.Quliyev Saxova dayaq çıxdılar. Kəmərin çəkilməsi üçün təşkil olunmuş şirkətin sədrliyini də A.B.Quliyev öz üzərinə götürdü.
A.Quliyev 1905-ci ilin noyabrında Bakıda yaranmış “Yakor” təşkilatına daxil olmuşdu. Bu, Rusiyada yaranmış “Rus xalqının ittifaqı” adlı qaragüruhçu təşkilatın bir qolu idi. Quliyev Azərbaycanda müstəqil respublika yaradılandan sonra da onların təsirindən qurtara bilməmişdi. Bu iş üstündə o hətta həbs edilib, bir neçə ay həbsxanada qalmışdı.
Ağabalanın üç qız övladı və bir oğlu vardı. Oğlu Ağa Ismayıl, qızları Rübabə xanım, Səriyyə xanım və Sara xanım.
1920-ci ilin martında A.B.Quliyev Irana gedir. O, Iranda olarkən Bakıda çevriliş olur. Bolşeviklər hakimiyyət başına gəlirlər, şəhərdə bir həftə talan gedir. Varlıların əmlakı müsadirə olunur, özlərini isə həbsə alırlar. Onlardan gizlənib, sonra xaricə qaçanlar da olur. Quliyevin də ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır. Quliyev Irandan öz gürcü dostlarına xəbər göndərir. Onların vasitəsilə arvadı və uşaqları Tiflisə aparılıb oradan Irana keçirilir. Irana çatdıqdan sonra bir müddət Təbrizdə yaşayırlar. Sonra ailə Türkiyəyə gedir. Bir müddətdən sonra iki qızı – Sara və Rübabəni təhsil almaq üçün Istanbulda qoyur, özü isə arvadı və oğlu Ağa Ismayıl və bir qızı Səriyyə ilə birlikdə Təbrizə qayıdırlar. Onların hər üçü Təbrizdə ölmüş və orada dəfn olunmuşlar. Türkiyədə qalmış qızları Rübabə və Sara isə orada ərə getmiş və oğul-uşaq sahibi olmuşdular. Hazırda Sara və Rübabə həyatda olmasalar da, onların nəsli Istanbulda yaşayır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir