Bakıda 93 ailənin həyatı təhlükədə

Qəzalı vəziyyətdə olan binanı təmir etmək istəyirlər

Sakinlərsə başqa yerə köçürülmələrini tələb edirlər

Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxana hər an uça bilər. Fövqəladə Hallar Nazirliyi (FHN) və Bakı şəhər Icra Hakimiyyətinin (BŞIH) işçiləri bir neçə dəfə binaya baxış keçiriblər və məlum olub ki, sakinlər burada yaşaya bilməzlər. Çünki sözügedən yataqxana qəzalı vəziyyətdir. 160 ailənin məskunlaşdığı ərazinin tezliklə sökülməsi barədə rəy verilib. Camaat üçün isə yaxınlıqda 40 sot torpaq sahəsi ayrılıb. Binanın tikilməsi “Ümid” MTK-ya tapşırılıb. Bina tikiləndən sonra isə 80 ailə köçürülüb, qalanları isə bu günə kimi qəzalı yataqxanada yaşayır.

Qəzalı bina necə təmir oluna bilər?

1988-ci ildən 2003-cü ilə qədər burada 160 ailə yaşayıb. Belə ki, 2000-ci ildə Bakıda zəlzələ nəticəsində bu yataqxana qəzalı vəziyyətə düşdü. Əraziyə baxış keçirən aidiyyəti qurumlar sakinlərin yarısını yaxınlıqdakı tikilən binaya köçürüblər. Hazırda burada 93 ailə yaşayır. Bunun 13-ü məcbur köçkün, 79-u isə indi fəaliyyətini dayandırmış Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının işçiləridir. Kombinat fəaliyyətini dayandırdıqdan sonra yataqxana BŞIH-in balansına verilib.
Binanın bir neçə eyvanı tamam uçulub, bir neçəsi isə hər an uça bilər. Burada elə bir mənzil yoxdur ki, onun tavanından döşəməsinə beton parçaları düşməsin. Yataqxananın zirzəmisi Balaxanı zibil poliqonundan da betərdir. Zirzəmini üfunət, çirkab və balacalarıòòn oyuncaqları tamamlayır.

Bina bir neçə yerdən çat verib. Hətta birinci mərtəbədə sökülən yerlər təmir edilməyib. Sadəcə ağ kərpiclər naşı şəkildə uçan yerlərə düzülüb.
Binanı tərk edib başqa ünvanlarda məskunlaşan insanların mənzilləri taxtalarla “qıfıllanıb”. Sakinlər, buradan köçürlənlər kimi onlar da yerbəyer edilməsini tələb edirlər. Ancaq kimsə onların nə xahiş və tələblərinə, nə də etirazlarına məhəl qoyur.
FHN və BŞIH-in qərarı isə hökuməti hərəkətə keçirmir. Sadəcə buranı təmir etmək istəyirlər ki, buna da sakinlər razı deyil. Onlar haqlı olaraq özlərinə yeni mənzillər istəyirlər. Çünki bu binanı heç bir halda təmir etmək mümkün deyil.

“Deməli, belə çıxır ki, biz burada ölməliyik”

Sakin Tehran Həziyeva deyir ki, FHN və BŞIH-in qərarı qulaqardına vurulub: “Biz dəfələrlə aidiyyəti qurumları bura dəvət etmişik. Ancaq heç bir kömək olmayıb. Üç dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yataqxanaya baxış keçiriblər. Rəy veriblər ki, bina qəzalı vəziyyətdir və sakinlər köçürülməlidir. Bina tikildi və əhalinin yarısı köçürüldü. Bina necə tikildi, evlər necə sakinlərə verildi, bu barədə heç nə bilmirik. Indi deyirik ki, bizə də mənzil verin. Cavabları bu olur ki, yataqxana təmir olunacaq. Bura necə təmir oluna bilər? Bina tamamilə qəzalı vəziyyətdədir. Bir neçə eyvan uçub. Dəfələrlə burada xoşagəlməz hadisələr olub. Bir qadın üçüncü mərtəbədən yıxıldı, indi şikəstdir. Camaat evində rahat yaşaya bilmir”.
Səməndər Səmədova deyir ki, mənzilində qorxa-qorxa yaşayır: “Bina hər an uçula bilər. Qorxu içindəyik. Mətbəxdə vəziyyət arzuolunmaz haldadır. Yemək bişirmək üçün tavana parça, sellofan vurmuşam. çünki daş parçaları yerə düşür. Otaqlarda uşaqlar qorxa-qorxa hərəkət edir. Kimsə bizim halmıza yanmır”.

Başqa bir sakin Sahilə Ismayılova yataqxanada bədbəxt hadisə baş verməyincə onları buradan kimsə köçürməyəcəyini deyir: “Ya zəlzələ olmalıdır, ya da bir nəfər eyvandan yıxılıb ölməlidir ki, hökumət bizi eşitsin. Bunlar ancaq insan öləndən sonra iş görməyə başlayırlar. Nazirlik qərar çıxarıb ki, sakinlər köçürülməli, ərazi hasarlanmalı və bina sökülməldir. Ancaq heç kimə bu qərara əhəmiyyət vermir. Deməli, belə çıxır ki, biz burada ölməliyik”.
Yataqxana sakinlərinin sözlərinə görə, burada insan yaşaya bilməz: “Əgər kimsə iddia edirsə ki, yaşamaq mümkündür, çox demirik, cəmi bircə gün yataqxanada qalsın. Onda bizim hansı hisslər keçirdiyimizi bilər. Sadəcə getməyə yerimiz olmadığından məcburiyyətdən yaşayırıq”.

“Ümid” MTK-nın sahibi mənzillərin püşkatma yoluyla verildiyini deyir

“Bir müddət əvvəl balkonlardan biri uçdu, sakinlər yolu bağladılar. Hacıbala Abutalıbovla icra hakimiyyətinin binasının qarşısında görüşdük. Sonra bizi qəbul edib dedi ki, köçürülmə məsələsi həll olunacaq. Çıxış yolumuz ancaq vətəndaşlıqdan imtina edib başqa ölkələrə mühacirət etməyə qalıb. Bizə ayrılan sahədə 230 ev 10 sot torpaqda tikilib. 30 sot da onlara pay qalıb. Deyirik bizi niyə köçürmürsüz, cavabları bu olur ki, Icra Hakimiyyətindən nə vaxt sərəncam gələr ki, köçürün, köçürərik”,- deyə sakinlər bildirirlər. Onların sözlərinə görə, kombinatda işləmiş sakinlər qala-qala başqa sakinlər yeni binalara köçürülüb: “Buradan köçürülənlərin içində məcburi köçkün də var, hətta bir neçə il burada yaşayan da. Onlar köçürüldü, ancaq biz yox”.
“Ümid” MTK-nın sədri Mahir Quliyev bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, yeni binaya köçürülən sakinlərin siyahısını onlara Bakı şəhər Icra Hakimiyyəti verib və siyahı püşkatma əsasında müəyyənləşib: “MTK-nı həmin yataqxana sakinləri yaradıb. Sakinlər arasında püşk də atılıb. Kimlərin ora köçürülməsinə dair püşk də BŞIH nümayəndələrinin iştirakı ilə olub. Bizdə olan sərəncamda həmin 80 nəfərin adı olub. Biz də o sənədi yerinə yetirmişik”.

Ramin DEKO