Əli Həsənov “zəhərlənmə şou”sunun siyasi sifariş olduğunu təsdiq etdi

Fuad Qəhrəmanlı: “Onun müsahibəsi bir daha göstərdi ki,  Elçibəyin zəhərlənməsilə bağlı başladılan cinayət işi hüquqi xarakter daşımır, bu sırf siyasi məzmunlu işdir”

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiasına münasibət bildirib. Şöbə müdiri Mediaforum.az saytına müsahibəsində iddia edib ki, bu məsələdə hər hansı siyasi məqsəd yoxdur. Şöbə müdiri Hafiz Hacıyevin cəmiyyətdə qeyri-ciddi şəxs kimi tanınması barədə deyilənləri də qəbul etməyib. Əli Həsənova görə, Hafiz Hacıyev normal vətəndaşdır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq”a bildirib ki, Əli Həsənovun bu müsahibəsi “zəhərlənmə şousu”nun mahiyyətini çılpaqlığı ilə ortaya qoyub: “Əli Həsənovun bu müsahibəsi bir daha göstərdi ki, Əbülfəz Elçibəyin zəhərlənməsilə bağlı başladılan cinayət işi hüquqi xarakter daşımır, bu sırf siyasi məzmunlu işdir. Və bu cinayət işi hakimiyyətin ən yüksək səviyyəsində, Ilham Əliyev səviyyəsində verilən qərarla başladılıb. Məqsəd sadə və aydındır. 2013-cü il prezident seçkisi ərəfəsində hakimiyyət özünə təhlükəli  rəqib saydığı Əli Kərimli barədə qondarma cinayət işi uydurmaq, onu istintaqa cəlb etməklə həm fəaliyyətini məhdudlaşdırmaq, həm də mümkün olarsa, digər qanunsuz addımlar həyata keçirmək istəyir. Bu cinayət işinin gündəmə gətirilməsində başqa bir məqsəd müxalifət düşərgəsində köhnə münasibətlər zəminində yenidən narazılıq və intriqaların yaradılması idi. Lakin buna nail ola bilmədilər.
Bir məqamı da xüsusi qeyd edim. Əli Həsənov cinayət işindən danışarkən tez-tez “biz bu cinayətini açımışıq”, “bu cinayət işini açmasaydıq” kimi ifadələr işlədir. Bununla da bilərəkdən ya da, ya bilməyərəkdən cinayət işinin siyasi hakimiyyətin sifarişilə başlandığını təsdiq etmiş olur”.

Hikmət