Nümayəndəlik  İnstitutunun ləğvi hüquqi, iqtisadi, sosial baxımdan zərərlidir

 

FƏXRƏDDİN  MEHDİYEV

Nümayəndəlik institutu  uzun illər nəticəsində formalaşıb və  vətəndaşlara  hüquqi  xidmət sahəsində  böyük  potensiala malik olduğunu təsdiqləyib.  Nümayəndəlik institutunun ləğvinin  hüquqi xidmət sahəsində ciddi problemlər yaradacağı barədə  fikirləri  düzgün hesab edirəm, bunun yarada biləcəyi cətinlikləri və zərərləri sizinlə bölüşmək istəyirəm.

 

1.Bu haqda yazan əksər həmkarlarımın dediyi kimi ölkədə vəkillərin sayı çox azdır və əhaliyə hüquqi  xidməti  əhatə edə bilmir, nümayəndələr vəkillərin sayının  azlığı məsələsini kompensasiya edirdilər və bu təsisatın ləğvinin əhaliyə hüquqi xidmətlə bağlı böyük boşluq yaradacağı  labüddür.

 

  1. Nümayəndəlik təsisatı- nümayəndələrin öz arasında, eləcə də vəkillərlə nümayəndələr arasında sağlam rəqabət mühiti yaradırdı. Bu isə aparılan işlərin keyfiyyətinin yaxşılaşmasına, eləcə də peşəkar kadrların formalaşmasına zəmin hazırlayırdı.  Nümayəndəliyin ləğvi qeyd edilən sağlam rəqabət bazasını aradan qaldırır,  bunun da  ziyanlı olması birmənalıdır.

 

  1. Nümayəndəlik təsisatın fəaliyyəti onun iqtisadi faydalığı ilə də müşayət olunur.  Nümayəndələr sahibkarlıq subyektləri kimi sadələşdirlmiş vergi və sosial sığorta ödəyirlər. Ona görə də nümayəndəlik təsisatının  ləğvinin zərərli  iqtisadi nəticələri olacaq.

 

  1. Nümayəndəlik institutunun  ləğvinin sosial nəticələri də zərərlidir.  Çünki bu sahədə xeyli hüquqşünaslar  özlərinə  iş şəraiti yaradıblar.  Bunların içərisində  gənclər çoxluq təşkil edir.  Nümayəndəliyin ləğvi hüquqşünaslar arasında   işsizliyin artmasına səbəb olacaq.

 

  1. Mülki,  İnzibati,  İqtisadi işlərin  xeyli  hissəsini nümayəndələr yerinə yetirirdi. Bu sahədə  ixtisaslaşma  getmiş,  Avropa Məhkəməsi işləri üzrə, eləcə də əmək, pensiya,  miqrasiya və s. üzrə ixtisaslaşmış peşəkar hüquqşünaslar formalaşmışdı. Hazırda  vəkillərin  vasitəsilə bu xidməti əhatə etmək mümkün deyil.

 

Ona görə də  nümayəndəlik institutu təkmilləşməli və tənzimlənməli  və inkişaf etməlidir,  heç şübhəsiz nümayəndəlik fəaliyyəti ilə məşğul olanlar  içərisində təsadüfü adamlar da  vardır.  Lakin onun ləğv edilməsinin nəticələri qeyd edildiyi kimi  hüquqi, iqtisadi, sosial baxımdan zərərlidir.