Əli Həsənovla Elnur Aslanov arasındakı ziddiyyətlər açıq müstəviyə keçir
PA rəhbəri seçim etməkdə çətinlik çəkir
Prezident Adminstrasiyasında iki şöbə müdiri – Əli Həsənov və Elnur Aslanov arasında ziddiyyətlər daha da dərinləşib. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, nəzarətində olan KIV-lərdə Elnur Aslanova qadağa qoyan Əli Həsənov onun kurasiya etdiyi “Irəli” Gənclər Təşkilatını hədəfə alıb.
Məlumatlara görə, son vaxtlar “Irəli” ətrafında yaranmış qalmaqal da Əli Həsənov-Elnur Aslanov duellosunun təzaühürüdür. Bildirilir ki, Əli Həsənov Elnur Aslanovun yaxın ətrafını, onun kurasiya etdiyi təşkilatları dağıdaraq öz ətrafında gənclərdən ibarət yeni qurum formalaşdırmaq istəyir. O, prosesi 2013-cü il prezident seçkisinə qədər yekunlaşdırmağa çalışır. Yaxın vaxtlarda Elnur Aslanova yaxın konkret şəxslər barədə də mətbuata ilginc faktların yer alacağı deyilir.
Xatırladaq ki, “Azadlıq” hələ bir müddət əvvəl bu iki şöbə müdirinin yola getmədiyi barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, Əli Həsənov Elnur Aslanovun önə çıxmasından təşvişə düşüb. Ictimai-siyasi şöbənin müdiri ehtiyat edir ki, PA rəhbəri Ramiz Mehdiyev onu Elnur Aslanovla əvəzləyə bilər.
Şöbə müdirləri arasında ziddiyyətlərin dərinləşməsi Ramiz Mehdiyevi də çıxılmaz vəziyyətdə qoyub. PA rəhbəri hələ ki, seçim etməkdə çətinlik çəkir.