ABŞ Müdafiə Nazirliyinin məxfi planı mediaya sızıb
ABŞ-da yayımlanan “The Los Angeles Times” qəzeti Pentaqonun Suriyayla bağlı məxfi plan hazırladığını yazıb. Qəzetin iddiasına görə, ABŞ Müdafiə Nazirliyi Suriyaya xüsusi təyiynatlılardan ibarət qrup göndərmək qərarına gəlib. “The Los Angeles Times” rəsmi mənbələrə istinadən bildirib ki, xüsusi təyinatlılar Suriyada kimyəvi silahların yerləşdirildiyi bölgələrdə qərarlaşacaq. Onlar bu silahların “Əl Qaidə” və “Hizbullah” kimi terror təşkilatlarının əlinə keçməsini əngəlləyəcək.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Barak Obama Suriyay hərbi müdaxilənin şərtlərini açıqlamışdı. O, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi və ya Suriyanın sahib olduğu kimyəvi silahların terrorçu qrupların əlinə keçmə ehtimalı yaranacağı təqdirdə bu ölkəyə qarşı hərbi müdaxilə olacağını demişdi. Obamadan sonra Böyük Britaniyanın baş naziri Devid Kameron da Obamanın şərtlərini təkrarlamışdı.