ABŞ-ın müxtəlif universitetlərində çalışan bir qrup alim qeyri-adi qalaktika aşkar ediblər. AzərTAc xarici KİV-lərə istinadən xəbər verir ki, bu qalaktikada hər gün orta hesabla iki ulduz yaranır.
Yeni aşkar edilmiş qalaktika Yer kürəsindən 5,7 milyard işıq ili məsafədə yerləşir. Alimlərin “Pheonix”(Zümrüd quşu) adlandırdıqları qalaktika NASA-nın 1999-cu ildə kosmosa göndərdiyi “Chandra X-ray” teleskopu vasitəsilə kəşf edilib.
“Pheonix” gündə iki ulduzun yaranması ilə alimləri heyrətə gətirib. Maraqlıdır ki, Süd yolu qalaktikasında il ərzində cəmi bir yeni ulduz formalaşır. Astronomların fikrinə görə, indiyədək bütün mövcud fərziyyələr bir qalaktikada bu qədər ulduz yaranması ehtimalının mümkünsüzlüyünü göstərir. Yeni qalaktikanın həcmi Günəşdən üç trilyon dəfə böyükdür və onun altı milyarda yaxın yaşı var.