ip-ordu

Ordudakı dəhşətlər ictimai müzakirəyə çıxarıldı

ip-orduİctimai Palatanın keçirdiyi dinləmələrdə hərbi ekspertlər tükürpədici faktlar açıqladılar

İctimai Palatanın bu gün təşkil etdiyi ictimai dinləmə Azərbaycan ordusunun vəziyyətinə, ordudakı problemlərə həsr olunmuşdu. Tədbirdə İctimai Palatanın üzvləri, hərbi ekspertlər və istefada olan zabitlər iştirak edirdi. Toplantıya sədrlik edən İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirdi ki, ordudakı vəziyyəti müzakirəyə çıxarmaları təsadüfi deyil: “Ordudakı vəziyyətlə bağlı mütəmadi narahatverici məlumatlar alırıq. Hamımızda həyəcan yaradan informasiya orduda anlaşılmaz səbəblərdən baş verən əsgər ölümləridir. Atəşkəs dövrünü yaşayan ölkədə əsgər ölümlərinin sayı ağlasığmaz dərəcədə çoxdur. Bu ilin yanvarından avqust ayına qədər 65 əsgər və zabitimiz dünyasını dəyişib. Onun yalnız 13 nəfəri düşmən gülləsindən şəhid olub. Deməli, 52 nəfərinin ölümü müammalı qadır. Ötən il isə 99 nəfər dünyasını dəyişmişdi. Proses ondan əvvəl də mütəmadi olaraq gedib. Azərbaycanın atəşkəs dövründə verdiyi itkilər Qərb ölkələrində bir sıra irimiqyaslı hərbi əməliyyatlarda verilən itkilərlə müqayisə oluna bilər. Başa düşürük ki, biz əsgər, zabit böyüdürük, onlar müqəddəs amal üçün, Vətənin müdafiəsi üçün canlarındanda keçə bilərlər. Biz övladımızın Vətən uğrunda qurban getməsinə dözə bilərik. Amma onların hansısa yarıtmaz idarəetmənin, hərcmərcliyin, dözülməz şəraitin yaratdığı məhrumiyyətlər nəticəsində tələf olmasına dözə bilmərik. Azərbaycanın gənc, xidmətə yeni başlayan zabitlərinə olan münasibət də bizi çox narahat edir. Bir çoxları belə düşünür ki, orduda vəziyyətin belə acınacaqlı olmasının bir səbəbi də həmin zabit heyətinə diqqətsizlikdən, onların sosial problemlərinin həll olunmamasından, orduda şəffaflığın, şikayət mexanizminin olmamasından irəli gəlir. Elə bir qapalı mühit yaradıblar ki, insanlar öz problemlərini instinktiv olaraq həll edirlər. Hüquq işləmir, nizamnamə qaydaları işləmir, rəhbərliyə şikayət etməyin heç bir mənası yoxdur”.

“Əsgəri Vətənə xidmətə yetişdiririk, kiminsə evində nökər olmağa yox”

Ə.Kərimli bir çox başqa sahələr kimi, orduda da korrupsiya hallarının olduğunu bildirdi: “Çox maraqlıdır ki, ölkə başçısı mütəmadi olaraq Azərbaycan ordusuna ayrılan vəsaitlə fəxr edir. Amma biz onu görürük ki, intihara məcbur olan əsgərin axırıncı məktubunda “ata, mənə bu qədər pul göndər” kimi sözlər yer alır. Hərbi hospitallara düşən əsgərlərin müalicəsi, bir sıra hallarda yerli kazarmaların təmiri, abadlaşdırılması ilə valideyn məşğul olmalıdır. Bəzi yerlərdə valideynlər hətta elementar sosial problemlərin həllinə cəlb edilir, yaxud əsgərlər buna məcbur edilir. Mətbuatdan tez-tez eşidirik ki, əsgərlərimiz hansısa korrupsioner məmurun bağında işlədilir, orada qəza nəticəsində həlak olur. Biz əsgəri Vətənə xidmət etməyə yetişdiririk. Gedib kiminsə evində nökər olmağa yetişdirmirik. Hər kəs bilməlidir ki, müzakirələrimizin məqsədi, Azərbaycanın əsgər və zabitlərinə, üzərinə ağır məsuliyyət götürmüş qardaşlarımıza, övladlarımıza dəstək verməkdir. Bu, Azərbaycanın silahlı qüvvələrinə, orduya qarşı deyil, ordunun problemlərinə işıq tutmağa, onların həllinə nail olmağa yönəlmiş bir tədbirdir. Ordu qapalılıqdan çıxmalı, onun üzərində ictimai nəzarət olmalıdır. Torpaqlarımızın işğal altında olması ordunun üzərinə əlavə məsuliyyət qoyur. Amma bu vəziyyətdən sui-istifadə edərək Azərbaycanın vətəndaş cəmiyyətinin orduya nəzarətinin qarşısı alınır. Ordunun üzərində parlament nəzarəti yoxdur. Çünki ölkədə normal parlamentin özü yoxdur. Vətəndaş cəmiyyətinin və medianın isə nəzarətinə imkan verilmir. Beləliklə, qapalı bir şərait yaradıblar və istədiklərini edirlər. Bu vəziyyət dəyişməli, vətəndaş cəmiyyətinin, əsgər valideynlərinin, jurnalistlərin – hamının diqqəti orduda baş verənlərə cəlb edilməlidir. Biz ordunu ölkənin əlahiddə parçası hesab etmirik. Ölkədə hansı idarəetmə varsa, o, orduya da şamil olunur. Əlbəttə, bu gün orduda baş verənlərə görə başda Müdafiə Hazirliyi olmaqla orduya rəhbərlik edənlər məsuliyyət daşıyır. Amma biz onu da yaxşı bilirik ki, ölkədəki bu vəziyyət ayrı-ayrı nazirlərlə bağlı deyil. Bu, İlham Əliyevin yaratdığı qanunsuzluğun, qanunun ayaq altında tapdanmasının və avtoritar idarəetmənin nəticəsidir. Orduda vəziyyətin dəyişməsi siyasi iradəyə bağlıdır”.

Orduda nələr baş verir?

“Ehtiyatda və İstefada olan Zabitlər” Birliyinin sədri, polkovnik-leytenant Yaşar Cəfərli bildirdi ki, ordunun döyüş hazırlığı arzuolunan səviyyədə deyil. Bunun da səbəbkarı Müdafiə Nazirliyinin rəhbərliyidir: “Orduda nə uğur olsa öz adlarına çıxmağa hazırdırlar, amma problem olan kimi deyirlər bizlik deyil, zabitlərin işidir. Cəza tədbirləri də məhz kiçik zabitlərin üzərinə düşür. Əvvəllər qanunda zabitlərin ehtiyata buraxılma müddəti 5 il idi. Sonra 10 ilə qaldırdılar. İndi 10 il xidmət etmiş istənilən zabit ehtiyata buraxılma hüququna malikdir. Amma heç kim öz arzusu ilə ehtiyata buraxıla bilmir. Döyüş bölgəsində əməkhaqqı üçqat idi, 2005-ci il sentyabrın 1-dən qanunu dəyişib əməkhaqqını ikiqat etdilər. Hərbi büdcə ilbəil artır, lakin xüsusilə zabitlərin sosial problemləri həll edilmir. “Hərbi qulluqçuların statusu haqqında” qanunda xüsusi maddə var ki, hərbi xidmət dövlət qulluğunun ən yüksək növüdür. Demək olar ki, bütün nazirliklər, komitələr dövlət qulluqçusu statusuna malikdirlər, ancaq zabitlərə bu status verilmir. Tutalım, Mədəniyyət Nazirliyinin şöbə müdiri dövlət qulluqçusu sayılır, briqada komandiri isə yox. Mən NATO standartlarına keçid prosesinin getdiyini inkar etmirəm. İslahatların aparıldığını təsdiqləyirəm. Amma görün, bu islahatları necə həyata keçiririk? Müdafiə Nazirliyində idarə rəisi vəzifələrinin hamısı boşdur, həmin vəzifələr müvəqqəti icra edilir. Məsələn, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı kimi mühüm vəzifə hələ də müvəqqəti icradadır, oraya komandan təyin olunmur. Bu cür islahatlar NATO standartına bir qıcıq yaradır. Amma bunu məsələn, Rumıniya təcrübəsindən istifadə etməklə elə etmək olardı ki, hansısa zabitlərin ştat kateqoriyası, rütbəsi, əməkhaqqı əvvəlki kimi saxlansın. 1992-ci ildən bu günə qədər ildə orta hesabla 500-600 zabit, gənc leytenant yetişdirib orduya göndəririk və onların mənzillə təmin olunması üçün bir dənə də olsun bina tikilməyibsə, dövlətin zabit qarşısında götürdüyü öhdəlik yerinə yetirilmirsə, zabitin öz vəzifəsinin icrasına münasibəti necə olacaq? Bu gün zabitlər 400 manat maaş alırlar. Dövlət onlara 52 manat kirayə pulu ödəyir. 52 manata Bakıda kirayə tapmaq mümkün deyil. 400 manatla zabit necə yaşamalıdır? Belə vəziyyətdə zabitlərin öz vəzifələrinə münasibəti əlbəttə yaxşı olmayacaq. Xaricdən silah, hərbi texnika alınması zamanı korrupsiya halları üstünlük təşkil edir. Bu da keyfiyyətsiz məhsulların alınması ilə nəticələnir”. Y.Cəfərli bildirdi ki, orduya demokratik vətəndaş nəzarəti olmalıdır: “Təəssüf ki, hökumət bu təklifi qəbul edib qanunvericiliyə daxil eləməkdən imtina edir”.

“Məğlub ölkənin bu qədər generalı olar?”

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov çıxışa başlamazdan əvvəl bugünlərdə dünyasını dəyişən həmkarının – hərbi ekspert İldırım Məmmədovun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Daha sonra mövzuya keçən Ü.Cəfərov bildirdi ki, ordudakı vəziyyətin müzakirəsi üçün günlərlə vaxt lazımdır: “Orduya elə adamlar rəhbərlik edir ki, onların ordu barədə demək olar ki, anlayışları yoxdur. Kənardan baxıb deyirlər ki, sizdə kadrların təyinatı düzgün həyata keçirilsəydi, Azərbaycan böyük uğurlara imza atardı. Dəhşətli mənzərədir – prezidentin hərbi məsələlər üzrə müşaviri var – general-leytenant Vahid Əliyev. Onun beş köməkçisi var, hamısı da general rütbəsi daşıyır. Bugünə qədər yalnız prezidentin müşaviri bu rütbəni daşıyırdısa, indi köməkçilərinə də general rütbəsi verilir. Beynəlxalq krnfranslarda ermənilər bizə söz atırlar ki, məğlub ölkənin bu qədər generalı var. Artıq generalların sayı-hesabı bilinmir. Heydər Əliyevin vəzifədən çıxartdığı adamlara general rütbəsi verilir. Beydullayev vəzifəsindən çıxarıldı, Heydər Əliyevin qırxı çıxmamış vəzifəyə gətirildi. Heydər Əliyevin vəzifədən çıxardğı Qorxmaz Qarayevə bu yaxınlarda İlham Əliyev tərəfindən general-mayor rütbəsi verildi. Prezident öz sərəncamında hansısa vəzifəni icra edən adama general-mayor rütbəsi verir. Bu tamamən qanunsuzdur. Ya adamı vəzifəyə təyin edib ona uyğun rütbə verirsən, ya da vəzifəni icra edən adama bu rütbəni ümumiyyətlə vermirsən. Əməlli-başlı xaos hökm sürür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 7 ay keçir. 7 aydır içəridə boğuşma gedir. Heç vəzifənin icrasına başlamayıb, özünə 5 general götürüb. Aydın məsələdir ki, Arzu Rəhimov ora Ramiz Mehdiyevin kadrı kimi gətirilib. Qardaş, bu dövləti nə qədər dağıtmaq olar? Dövləti düşünmürlər, büdcəni düşünmürlər”.

“Hər birimizin balası qurban gedə bilər”

Əsgər ölümlərinə toxunan Ü.Cəfərov nə prezidentin, nə də digər yetkililərin bu məsələyə qiymət verdiyini deyir: “Hər şeydən danışılır, hər şeyə qiymət verilir, bundan başqa. Sanki ölən Azərbaycandan deyil, uzaq Afrikadandır. Xalqına qənim kəsilən Vahid Əhmədov, Çingiz Qənizadə kimi, bir neçə deputat var ki, ictimai dəstək fonunda orduya gedib-gəlirlər və burada ləbbeh deməklə məşğuldular, guya hər şey yaxşıdır. Vaxtilə bizi ləkələmək istəyiblər, amma şükürlər olsun ki, alınmayıb. Biz çıxandan sonra da sözümüzü demişik, deyirik, deyəcəyik. Bu faciə hər birimizin qapısını döyə, hər birimizin balası qurban gedə bilər”.

“Bir balaca peşəkarlıq olsa, ölüm halları 2 dəfə azalar”

Hərbiçilərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri Telman Əbilov silahlı qüvvələrdə ölüm hallarından danışdı: “Bir balaca peşəkarlıq olsa, ölüm halları iki dəfə azalar. Vəzifəli şəxslərin qanunsuz hərəkətləri, qeyri-peşəkarlığı, rüşvətxorluğu ucbatından əsgər ölümləri artır. Hər hərbi hissədə bu sahə ilə məşğul olan bir-iki nəfər vicdanlı, əqidəli adam olsa, itkilərin sayı qat-qat azalar. Hərbi Prokurorluq ordu üçün bir bəlaya çevrilib. Bu yaxınlarda Təhqiqat İdarəsi yaradıblar. Guya bu idarə silahlı qüvvələrdə cinayətkarlığın qarşısını almaq üçündür. Halbuki ziyanlarından başqa heç bir xeyirləri yoxdur”.

Ehtiyatda olan zabit, “Qorqud” Araşdırma Mərkəzinin rəhbəri Tərlan Eyvazov problemlərin bir qisminin hərbi hazırlığın zəifliyindən qaynaqlandığını düşünür: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təəssüflər olsun ki, yeni bir inzibati quruma çevrildi. Hərbi xidmətə hazırlıq işini gücləndirmək kimi, zəruri sahədə vəziyyətin yaxşılaşdırılması istiqamətində iş aparılmır. Orta məktəblərin yuxarı siniflərində gələcək əsgərlərə, çağırışçılara ciddi hərbi hazırlıq keçilməlidir. Amma bunların heç biri yerinə yetirilmir və nəticədə hazırlığı, hərbi xidmətdən heç bir anlayışı olmayan gənclər hərbi xidmətə göndərilir”.

Ehtiyatda olan polkovnik-leytenant Səməd Səmədzadə orduda xeyli sayda problemin olduğunu bildirdi: “Texniki təminat və bir sıra başqa məsələlərdə düşmən ordusunu üstələmişik. Amma mən Azərbaycan orudusuna 23 il xidmət etmişəm, hələ də başa düşə bilmirəm ki, ordumuz hansı istiqamətə inkişaf edir. Məlum deyil ki, keçmiş sovet ənənələri əsas götürülür, yoxsa HATO standartları. Təbii ki, müdafiə nazirimiz sovet sisteminin yetirməsidir, uzun illər sovet ordusunda qulluq edib. Çox təəssüf ki, bu illər ərzində onun sovet təfəkküründə heç bir dəyişiklik baş verməyib. Ən dəhşətlisi odur ki, sovet ordusunun ən pis ənənələri bu gün bizim orduda tətbiq olunur. Qardaş Türkiyə ordusunun gücünə, intizamına görə bu gün HATO-da çox önəmli yer tutur. Türkiyə ilə bu sahədə müəyyən əlaqələrimiz olsa da, bizimkilər öz bildiyini edir. İki oğlum bu gün-sabah əsgərliyə gedəcək. Mənim özümdə onların taleyinin necə olacağı ilə bağlı bir narahatçılıq var. Əsgər Vətən yolunda şəhid ola bilər. Amma hansısa absurd şəraitdə dünyasını dəyişməsi qəbuledilməzdir.
Çox istəyərdim ki, İctimai Palata ekspertlərlə birgə ordunun bütün sahələrini əhatə edən bir sənəd hazırlasın. Sonra bunu həm cəmiyyətə, həm də iqtidara təqdim edək ki, bax, bu işləri görmək lazımdır”.

9 ilə 547 nəfərlik əsgər ölümü…

Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin sədri, polkovnik-leytenant Daşdəmir Əliyev məlumat verdi ki, 2003-cü ildən 2011-ci ilə qədər silahlı qüvvələrdə itkilərin sayı 547 nəfər olub. Bunların cəmi 162-si döyüş itkiləridir. Qalanları qarşılıqlı münasibətlərin, təhlükəsizlik qaydalarının və digər halların qurbanları olublar: “Orduda mənəvi-psixoloji mühitin yaxşı olmaması, əsgər və zabitlərin arasında nizamnamədən kənar münasibətlər, zorakılıqlar nəticədə qətl və intiharlara gətirib çıxarır. Əsgər və zabitlərin yataqxanalarında məişət şəraitinin aşağı olması da ciddi problemlərdəndir. Dövlət hərbi kazarmalar tikməlidir, köhnə kazarmalar yenilənməlidir. Bu gün Azərbaycan dövlətinə yaraşmır ki, onun əsgərləri vaxtilə inək saxlanılan obyektlərdən kazarma kimi istifadə etsin”.

Son 10 ildə 100 əsgər intihar edib

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Birliyinin sədri Cəsur Sümərinli bildirdi ki, 2012-ci ilin ötən dövrü ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin sayı 65 olub: “Ötən müddətdə 61 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyasını dəyişənlərin 13-ü döyüş, 2-si mina, 1-i əməliyyat, 49-u isə qeyri-döyüş itkiləridir.
7 nəfər bədbəxt hadisədən – dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma, 7 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 7 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır. Yaralanan və xəsarət alan 61 nəfərə gəlincə, onların 12-si qeyri-nizamnamə hadisələrindən, o cümlədən ehtiyatsızlıqdan, 12-si erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən – donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma, 3-ü əməliyyat tədbirlərindən, 20-si isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 56 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı, 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.
Bu statistika ordudakı real vəziyyətin güzgüsüdür. Ordudakı islahatlardan danışırlarsa, ilk növbədə ortaya bunu sübut edən statistika qoymalıdılar. Dünyanın bir çox yerində bu statistika cəmiyyətə açıqdır. Təəssüf ki, Azərbaycanda özləri rəqəm açıqlamadıqları bir yana qalsın, bizim rəqəmləri də şübhə altına alırlar”.

Orduda intihar hallarına da toxunan ekspert bildirdi ki, son on il ərzində yüzə yaxın Azərbaycan əsgəri intihar edib: “On il ərzində 50-dən artıq əsgər naməlum səbəbdən dünyasını dəyişib. İtki baş verir, Müdafiə Hazirliyi onun səbəbləri ilə bağlı heç bir açıqlama vermir. Belə itkilər bizim statistikada naməlum itki kimi yer alır”. 

Orduya Vətəndaş Nəzarəti İB-nin sədri Ələkbər Məmmədov bildirdi ki, orduda vəziyyətin acınacaqlı olması həm də ictimai nəzarətə imkan verilməməsi ilə bağlıdır: “Digər səbəb isə rüşvət və korrupsiyanın yayılmasıdır. Bu vəziyyət silahlı qüvvələrin inkişafına imkan vermir”.

İstefada olan polkovnik Şahmurad Məmmədov bildirdi ki, Azərbaycanda hakimiyyəti zəbt edən qüvvələr silahlı qüvvələri də zəbt ediblər: “Dövlət Sərhəd Xidmətində 6 il xidmətdən sonra general olan var. Alverdən başlayıb gəlib general olublar. Bunlar necə general olurlar? Dövlət Sərhəd Xidmətində əsgərlərə poni boyda at verirlər ki, sərhəd boyu hərəkət etsin. Əsgər atın belində gedir baxırsan ayağı yerə dəyir. Həmin Xidmətin rəisi atcılıq federasiyasının prezidentdir. Niyə əsgərlərə normal at verilmir?”.

Makedoniyalı İsgəndər nümunəsi…

İP Koordinasiya Şurasının üzvü, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev çıxışına Makedoniyalı İsgəndərin əsgərləri ilə münasibətindən nümunə gətirməklə başladı: “Makedoniyalı İsgəndər tarixin ən böyük dövlət və hərbi adamlarından biri sayılır. Hərbi tarixçilərin fikrincə, onun 35 minlik qoşununun Daranın 200 minlik qoşununu məğlub etməsinin iki əsas səbəbi olub. Birincisi, İsgəndərin özünün parlaq hərbi istedadı olub. İkinci səbəb İsgəndərin heç bir hərbi rəhbərin ağlına gəlməyən hərbi islahatlarıdır. Sarayda başqa həyat yaşayan İsgəndər hərbi yürüşlər zamanı özünü əsgərlərdən qətiyyən ayırmazdı. Onun yeməyi ilə əsgərlərin yeməyi arasında heç bir fərq yox idi. İsgəndər 35 minlik ordunun əksər üzvləri ilə insani münasibət saxlayır, əsgərləri adı ilə çağırırdı. Hesab olunur ki, onun uğur qazanmasında bu amilin ciddi rolu olub. Hə qədər ki, Azərbaycanda insan amilinə qiymət verilməyəcək, ordudakı problemlər də həll olunmayacaq”.

İP üzvü, AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli isə çıxışında ordudakı gigiyena problemlərindən danışdı: “Gigiyena sahəsində vəziyyət bərbaddır. Füzulidən tutmuş, Qazaxa qədər əsgərlər birbaşa döyüş bölgəsinə getmir. Üç ay karantin dövrü keçirlər. Həmin dövrdə onların saxlanma şəraiti çox pis olur. Valideynlər hətta istəsələr belə, bu şəraiti yaxşılaşdıra bilmirlər. Eləcə də qidalanma problemi var. Əsgərin ən çox yediyi məhsullardan biri kartofdur. Cəlilabad rayonunda insanlar kartofu orduya 4-5 qəpiyə satır. Amma ordu bundan imtina edib 20-30 qəpiklik keyfiyyətsiz kartof alır. Onu da soyanda yarıdan çoxu itkiyə gedir ki, bu da əsgərin yemək payının azalmasına gətirib çıxarır”.

İP KŞ üzvü Pənah Hüseyn bildirdi ki, Azərbaycanda yeni Hərbi Doktrina hazırlanmalıdır: “Hazırkı Doktrinada ziddiyyətli məsələlər var. Strateji aydınlığa ehtiyac var. Yeni Hərbi Doktrinanı siz hərbi ekspertlər hazırlamalısınız. İctimai Palata bu məsələni diqqətdə saxlayacaq. Zabit, gizir heyətinin problemləri həll olunsa, müddətli çağırışçıların da problemlərinin əksəriyyəti həllini tapacaq”.

“Hakimiyyət bilir ki, nöqsanları aradan qaldırsa, qazancı kəsiləcək”

Sonda İP Korrdinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər çıxış edərək tədbirə yekun vurdu. İ.Qəmbər bildirdi ki, əgər bu gün Azərbaycan əsgəri qışda şaxtadan donursa, yayda günvurmadan əziyyət çəkirsə, bərbad qidalanmadan xəstəlik tapırsa, sanitariya və gigiyena sahəsindəki biabırçı durumdan təngə gəlibsə, təsadüflər nəticəsində ölürlərsə, dərəbəylik üzündən bir-birilə konfliktə girirsə, bunların hamısı çox ciddi məsələlərdir: “Onlar bizim övladlarımızı, vətəndaşlarımızdır. Bu problemlərin hamısı ayrıca müzakirə tələb edir. Amma təhlillər aparandan sonra hamı eyni qənaətə gəlir ki, ölkədə sistem dəyişmədən bu problemlərin həlli mümkün deyil. Azərbaycanda elə hakimiyyət var ki, vətəndaşına xoşbəxt həyat yaşatmaq istəmir. Onlar ölkəyə şəxsi əmlakları və mülkiyyətləri kimi baxırlar. Və bu ölkədən nə qədər gəlir götürə biləcəklərini hesablayırlar. Bunları başqa heç nə maraqlandırmır. Ona görə, digər sahələr kimi, ordudakı problemlərin həlli də ölkədəki köklü demokratik dəyişikliklərdən keçir. Bu hakimiyyət getməli, xalqın iradəsi ilə yeni hakimiyyət formalaşmalıdır. Xalqın formalaşmalıdırdığı hakimiyyət bütün sahələrdəki, eləcə də ordudakı problemləri həll etməyə qadir olacaq. Amma bu o demək deyil ki, dəyişikliklər olmayana qədər biz sözümüzü deməməliyik. Sözümüzü deməliyik. Bu gün danışdığımız məsələlərin hamısında korrupsiya elementləri var. İstər əsgərin yeməyi, geyimi, şəraiti olsun, istər zabitin maaşı, hərbi xidmətə çağırış və s. Höqsanların hansının üzərinə getsək, görəcəyik ki, hakimiyyət onları korrupsiya faktoruna görə həll etmək istəmir. Bilir ki, o nöqsan aradan qaldırılsa, hakimiyyətin qazanmaq imkanı məhdudlaşır. Ordu, zabit anlayışına münasibət dəyişməlidir. Azərbaycan xalqı öz ordusunu, zabitini sevir, amma dövlət elə şərait yaratmalıdır ki, xalq o hörməti nümayiş etdirə bilsin. Bizim zabitlər MDB məkanında ən yüksək maaşı almalıdılar. Buna bizim hər cür imkanımız var. Azərbaycan zabiti xidmət etdiyi dövrdə də, ondan sonra da təminatlı olmalıdır. Çağırış yaşı endirilməlidir ki, bununla korrupsiya sisteminə önəmli zərbə vurulsun. Əsgərimizə, zabitimizə onu deməliyik ki, siz siyasətlə məşğul olmasanız, vətəndaş mövqeyi qoymasanız, siyasət sizinlə məşğul olacaq və bunun bu və ya başqa formada cəzasını çəkəcəksiniz”.

Sonda Əli Kərimli Azərbaycan əsgərlərinə, zabitlərinə, onların valideynlərinə qısa müraciət etdi: “Bilin ki, biz sizi tək qoymayacağıq. Sizin problemləriniz bizim də problemlərimizdir. Dövlət başçısı başda olmaqla orduya rəhbərlik edənlərin nəzərinə çatdırırıq ki, ordudakı vəziyyəti ictimaiyyətdən tam gizlədə, orduda baş verənlərə
görə məsuliyyətdən kənarda qala bilməyəcəksiniz. Biz orduya ictimai nəzarəti təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

Gültəkin