Etiraf edirəm ki, həmişə gürcülərə bir azca həsəd aparmışam. Qafqazın bu kiçikcə diyarı hər vaxt özünü Avropanın bir hissəsi tək aparıb. Bəzən elə olurdu ki, mənim həsədim absurd qərarlara və nəticələrə gətirib çıxarırdı. O vaxt, biz tələbə olarkən təhsil illərimizin bir yarısı yenidənqurma illərinin lap başlağıcına təsadüf etmişdi. T.Abuladzenin bir filmi vardı – “Tövbə”. Həmin filmi əvvəl buraxmaq istməmişdilər. Amma sonradan deyilənə görə, Mərkəzi Komitədə filmə baxış keçirilmiş və icazə verilmişdi. Indiki kimi yadımdadır ki, bizim yataqxananın lap yaxınlığında yerləşən “Litva” kinoteatrında həmin filmi nümayiş etdirirdilər. Bütün tələbələr axışıb ora getmişdi. Mən getmədim, elə bil bir həsəd hissi məni boğurdu ki, niyə azərbaycanlı rejissorun yox, gürcü rejissorun filmini göstərirlər. Düzdür, sonradan həmin filmə baxdım, kinoya olan məhəbbətim üstün gəldi. Bilirsiniz, Gürcüstan o vaxt da qəribə ölkə idi.
Nə gizlədim, bizdə N.Musxeleşvili, I.Vekua, R.Qamkrelidze kimi riyaziyatçılar və yaxud da A.Taxvelidze kimi fizik yox idi. O insanlar mənim ixtisasıma bir qədər yaxın olduqları üçün onların adını çəkirəm, bəlkə başqalarını da qeyd etmək olardı. Məsələn, o vaxt harada M.Mamardaşvili kimi filosof vardı? Nə isə. Indi bütün gürcü alimlərinin adını sadalayası deyiləm ki!.. Indi hamımız bir nəfər kimi fəxr edirik ki, Vaqif Mustafazadə kimi həmyerlimiz var. Amma o da
bir müddət Gürcüstanda çalışmışdı. Indisə bir aydınlıq gətirim, mən bunları nədən xatırladım? Bilirsiniz, Gürcüstan hətta indiki vəziyyətində belə insanı təəccübləndirməkdə davam edir. Bu il oktyabrın 1-də bu ölkədə parlament seçkisi keçiriləcək. Mən də o haqda yazmaq istəyirdim, amma hissiyyat azca məni uzaqlara apardı. Indi bu ölkədə iki böyük seçki bloku mübarizə aparır.
Hakimiyyəti “Vətəndaş hərəkatı”, müxalifətisə “Gürcüstanın arzusu” təmsil edir. Təbii ki, parlament seçkisilə kimisə təəccübləndirmək çətindir. Amma düzgün və obyektiv parlament seçkisi ilə ən azı bizi təəccübləndirmək olar, çünki bizim təcrübəmizdə bu olmayıb. Indi mən iddia etmirəm ki, bu ölkədə ideal seçki keçiriləcək. M.Saakaşvili də deyib ki, biz nəyin bahasına olursa-olsun seçkini udacağıq. N.Makiavellinin bir sözü var ki, məqsəd vasitəyə və üsullara bəraət qazandırır. Amma mən əmin deyiləm ki, Gürcüstanın dövlət və milli maraqları nəyin bahasına olursa-olsun hakim partiyanın qələbəsini tələb edir. Mən bu fikirdə deyiləm. Hətta onu da deyim ki, M.Saakaşvilinin o fikri – seçkini nəyin bahasına olursa-olsun udmaq əzmi azca ehtiyatlandırır.
Amma Saakaşivili prezidentlik müddətində üç mühüm iş görüb.
M.Saakaşvilinin üç addımı
Mənə elə gəlir ki, onların sayı həqiqətən də üçdür. Birincisi, Saakaşvili bəlli olduğu kimi korrupsiyanı hiss olunacaq dərəcədə buxovlayıb. Bunu onun keçmiş inqilab dostu – V.Yuşşenko Ukraynada edə bilmədi. Əgər etsəydi o da indi hakimiyyətdə qalardı. Ikincisi, Saakaşvili ölkənin iqtisadi yönümünü çox düzgün müəyyən edib – Gürcüstan turizm ölkəsi kimi inkişaf edə bilər.
M.Saakaşvili də bunun üçün hər şeyi edir. Üçüncüsü, o, Gürcüstanı siyasi illüziyalardan xilas edib, ölkəni MDB-nin yedəyindən qurtarıb. Doğrusu, bu üçüncü məsələ bir qədər mübahisəlidi, çünki bəzən insanlar illüziyaları çox sevirlər. Parlament seçkisi düzgün keçirilsə, gürcülərin ovqatı məlum olacaq və bilinəcək ki, onlar MDB ilə, yaxud MDB-siz yaşamaq arzusundadırlar.
Saakaşvilini kim əvəz etmək əzmindədir?
Maraqlıdır ki, B.Ivanişvilinin siyasi ambisiyaları hələ ki, hökumətlə bağlıdır. O, ölkənin Baş naziri olmaq arzusundadır. Prezidentliyə isə hələ ki, müxalif partiyalar başqa adamı – ölkənin BMT-də səfiri olmuş I.Alasaniyanı görür.
Ivanişvili başqa bir siyasətçini – N.Burcanadzeni də dirçəltmək əzmindədir.
Maraqlıdır ki, sonuncu bu parlament seçkisində namizədliyini verməyib. Ivanişvili onunla da danışıqlar aparır. Siyasi vektorların təxmini sırası belə görünür. Parlament seçkisi bütün hallarda lakmus kağızı olacaq. Bir test tək bu sekidən sonra Gürcüstanla bağlı çox ciddi nəticələr çıxarmaq mümkün olacaq. Hələlik isə seçkinin nəticələrini gözləmək lazım gəlir…

Gürcü notları
•