“Elçibəylə bağlı cinayət işi AXCP sədrinin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır”
Eldar Namazov: “2013-cü ilə yaxınlaşdıqca şər-böhtan kampaniyası da artacaq”
48 milyard dolların ölkədən çıxarılması xəbərinin ardınca eks-prezident, Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə cinayət işinin qaldırılması gündəmin ən çox müzakirə olunan mövzusuna çevrildi. Bu və başqa məsələlərlə bağlı sualları Ziyalılar Forumunun üzvü Eldar Namazova ünvanladıq.
– Son illərdə ölkədən 48 milyard dolların çıxarılması xəbəri cəmiyyətdə adekvat reaksiya doğurmadı. Bunun səbəbi nədir?
– Belə münasibət təkcə korrupsiya halları ilə bağlı deyil. Araşdırsaq, görərik ki, cəmiyyətin belə biabırçı hallara reaksiyası bir çox hallarda adekvat olmur. Insan haqları kobud şəkildə pozulur, məhkəmələr rüsvayçı qərarlar çıxarır, seçkilər total şəkildə saxtalaşdırılır. Son vaxtlar dəhşətli korrupsiya faktları da ifşa edilib cəmiyyətə təqdim olunur. Narazılığı görürük, mənfi reaksiya da göz qabağındadır. Azərbaycanda elə bir təşkilat, ictimai yer yoxdu ki, orda hamı bu faktlar haqqında danışmasın. Əslinə qalsa, cəmiyyət buna çox mənfi reaksiya verir. Sadəcə olaraq bunu hansısa təşkilatlanmış şəkildə, kütləvi etiraz aksiyalarına çevirmək hələlik mümkün olmur. Bu da artıq təkcə cəmiyyətin günahı deyil. Biz dərinə aparan ciddi problemlərin kökündən danışmalıyıq. Son parlament seçkilərini götürək. Müşahidəçilərin rəyinə görə, həmin seçkilərə uzağı 10-15% seçici gəlmişdi. Onun da xeyli hissəsini məcburi şəkildə dövlət orqanları təşkil edib karusel əməliyyatlarında iştirak üçün məntəqələrə təzyiq altında gətirmişdilər. Yəni biz bütün sahələrlə bağlı görürük ki, cəmiyyətdə bir tərəfdən böyük narazılıq var, o biri tərəfdən müəyyən passivlik də müşahidə olunur. Ancaq bunun köklərini çox ciddi araşdırmaq lazımdır. Əslinə qalsa, bu çox təhlükəli vəziyyətdən xəbər verir. Çünki passivlik, adətən, iki halda olur. Əgər əhalinin əksəriyyəti yaranmış vəziyyətdən razıdırsa və bu status-kvonu qoruyub saxlamaq istəyirsə, onlar, adətən, özünü siyasi proseslərdə kifayət qədər passiv aparırlar. Ikinci hal isə odur ki, hamı narazıdır. Ancaq bu narazılığı açıq ifadə etməyin ya meydançasını görmürlər, ya da bunun məqamını gözləyirlər. Ikinci halda bu, adətən, qəflətən baş verən sosial partlayışlarla nəticələnir. Ona görə də bu qədər narazılığın hökm sürdüyü cəmiyyətdə passivliyin mövcud olması ondan xəbər verir ki, neqativ enerji toplanır və bir gün vulkan kimi püskürəcək.
“İctimai şüurda xof yaradıblar”
– Azərbaycanda bir qayda olaraq sözünü deyəni, danışanı incidirlər. Rüstəm Ibrahimbəyova qarşı kampaniyanı da buna misal kimi göstərmək olar. Bu, cəmiyyətin susmasına səbəb ola bilərmi?
– Bu da var. Yəqin ki, qorxu da var. Ona görə ki, uzun müddətdi hakimiyyət cəmiyyətdə bu əhval-ruhiyyəni yaratmağa çalışırdı. Dövlətin repressiv maşını bir siyasi qüvvənin əlində istifadə olunur və həm siyasi müxalifət, həm hakimiyyətin apardığı siyasətdən narazılıq edən ziyalılar, ictimai qurumlar, hamısı böyük təzyiq altındadırlar. Ona görə də ictimai şüurda belə bir xofu yaradıblar. Bu da səbəblərdən biridir. Ancaq bu yeganə səbəb deyil. Başqa səbəblər də var. Bu onunla bağlıdır ki, yəqin hələlik bu narazılığı səfərbər etmək, Azərbaycan cəmiyyətini mobilizə etmək və öz hüquqları uğrunla mübarizəyə cəlb etmək üçün lazım olan işlərin bir hissəsi həyata keçirilməyib. Vaxtilə də hansısa yanlış addımlar olub ki, cəmiyyətdə böyük inamsızlıq sindromu yaranıb. Ancaq mən əminəm ki, bu səbəbləri də yaxın gələcəkdə aradan qaldırmaq mümkün olacaq.
“Bu, AXCP sədrinin fəaliyyətini məhdudlaşdırmaqdır”
– Elçibəyin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb. Ölüm səbəbi bəlli olduğu halda Hafiz Hacıyev kimi qeyri-ciddi bir adamın iddiası əsasında belə bir araşdırmaya başlamaq sizcə, nəyə xidmət edir?
– Azərbaycan cəmiyyətində birmənalı olaraq bu məsələ ilə bağlı ümumi rəy var ki, birincisi, bu heç bir əsası olmayan bir iddiadır. Ikincisi, bu, rəhmətlik Elçibəyin ruhuna hörmətsizlikdr. Üçüncüsü, qarşıdan gələn prezident seçkiləri ərəfəsində müxalifətin aparıcı qüvvələrindən biri kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun sədrinin fəaliyyətini məhdudlaşdırmaqdır. Bir neçə səbəbləri göstərmək olar ki, yəqin hakimiyyət bu addımla çalışır bir güllə ilə bir neçə dovşan vursun. Ancaq əminəm ki, bu çox uğursuz bir piar-aksiya olaraq qalacaq. Hansısa hüquqi nəticəyə gətirib çıxarmayacaq və bu, mümkün də deyil. Ortalıqda qalan o olacaq ki, hakimiyyət bizim milli adət-ənənəmizə də, siyasi mübarizənin hansısa bir sivil formasında aparılması haqqında öhdəliklərə də zidd addım atıb. Bu hadisə təzə başlayanda biz Ziyalılar Forumunda bu məsələ ətrafında öz aramızda müzakirələr apardıq. Cəmil Həsənli Ziyalılar Forumunun mövqeyini əks etdirən açıqlama ilə çıxış etdi. Biz bu prosesi diqqət mərkəzində saxlayırıq, izləyirik. Rəsmi orqanlar hələlik yalnız onu elan edir ki, onlar kimisə sorğuya çağırır, dindirirlər. Biz artıq bu mərhələyə öz münasibətimizi bildirmişik. Təbii ki, bu məsələni diqqət mərkəzində saxlayacağıq. Çünki söhbət Azərbaycanın sabiq prezidentindən, Milli azadlıq hərəkatının liderindən və indi Azərbaycanın aparıcı partiyalarının birinin sədrindən gedir. Ona görə də bu məsələ bütün hallarda ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Ziyalılar Forumu, ziyalılarımız da bu prosesi izləyəcəklər və bu hadisələrə adekvat reaksiyanı da verəcəklər.
“Şər-böhtan kampaniyalarının artmasını gözləmək olar”
– Hakimiyyətdən bu tip addımların davamını gözləmək olar?
– Buna təəccüb etmək sadəlövhlük olardı. Bəllidir ki, bu hakimiyyət öz siyasi opponentlərinə və onun siyasəti ilə razılaşmayan adamlara qarşı çirkin kampaniyalar aparır, hansısa addımlar atır. Bu göz qabağındadır. Güman edirəm ki, 2013-cü ilə yaxınlaşdıqca belə müxtəlif şər-böhtan kampaniyalarının artmasını gözləmək olar. Ancaq bir şey var. Bu günə kimi elə bir şər-böhtan kampaniyasına rast gəlməmişəm ki, onun nəticəsində hakimiyyət ictimai rəydə hansısa uğur qazansın və bu şər-böhtan kampaniyasının obyekti olan adamların isə nüfuzuna böyük zərbə dəysin. Bu hakimiyyət ictimai rəydə özü haqqında elə bir imic formalaşdırıb ki, o kimə qarşı hücuma keçirsə, ictimaiyyət fikirləşir, yəqin bu çox layiqli insandır ki, hakimiyyət ona qarşı belə bir kampaniya aparır.
“Hakimiyyət başa düşür ki, artıq ictimai rəyi udmaq mümkün deyil”
– Ötən bir ildə ölkədə mülkiyyət hüquqları ilə bağlı ciddi problemlər olub. Son vaxtlar da insanların əmlakı əlindən alınır, dağıdılır. Hakimiyyət niyə narazı insanların sayının artmasından ehtiyat etmir?
– Yəqin onlar yenə də ümid edirlər ki, bu narazılıq passiv formada qalacaq və aktiv fazaya keçməyəcək. Azərbaycan yeganə ölkə deyil ki, orda avtoritar və korrupsiyalaşmış rejim qurulub. Biz qonşu ölkələrdə də belə prosesləri görürük. Bu proseslərdə maraqlı oxşarlıqlar var. Ümumiyyətlə, bu avtoritar rejimlərin yaranması, formalaşması, güclənməsi, pik nöqtəsinə çatıb. Bu nöqtə artıq keçib içəridən çürüməyə, dünya təcrübəsində gözlə görünən aydın bir proses gedir. Biz müqayisə aparsaq görərik ki, o avtoritar rejimlərin taleyi çox oxşar olur. Hüsnü Mübarəkdən tutmuş keçmiş sovet respublikalarındakı rejimlərə baxsaq, başqa misallar da gətirsək, görərik ki, təqribən eyni taleyi yaşayırlar. Nə vaxtsa milli qəhrəman kimi meydana gəlirlər, həqiqətən də onların ictimai dəstəyi olur. Ancaq sonra bu ictimai dəstəyin kifayət qədər yüksək olduğu bir dövrdə islahatlara getmək əvəzinə, ölkədə hamını qane edən, hər kəsin hüququnu qoruyan bir sistemin qurulmasının əvəzinə onlar bu ictimai dəstəkdən istifadə edib öz şəxsi hakimiyyətlərini dəstəkləməyə çalışırlar. Qohum-əqrabalar siyasi qrupa çevrilir, həm iqtisadi, həm də siyasi səhnədə inhisarçılıq, avtoritar rejimə çevrilmə başlayır. Onda da artıq ictimai rəydə dəyişikliklər baş verir. Həmin rejimlərə qarşı cəmiyyətdə narazılıq, sonra da nifrət oyanır. Onun da qarşısını almaq üçün yenə də ya islahatlara getmək, ya da təzyiqləri artırmaq lazımdır. Artıq rejim repressiyalara keçir, narazılıq daha da böyüyür. Yəni bütün bunlar hamısı oxşar proseslərdir. Biz bunu Rusiyada da, Azərbaycanda da görürük. Ərəb ölkələrində də gördük, başqa ölkələrdə də bu var. Bu mərhələdə adətən, hakimiyyət ictimai rəydə nəsə udmağa çalışmır. Hakimiyyət başa düşür ki, artıq ictimai rəyi udmaq mümkün deyil. Artıq o imkanlar əldən verilib. Hakimiyyəti maraqlandıran yalnız o olur ki, bu narazılıq passiv formadan aktiv formaya keçəcək, ya yox. Ona görə də hakimiyyətin kiməsə qarşı şər-böhtan kampaniyası aparmasının arxasında bir həqiqət də dayanır. Hakimiyyət bəzi hallarda özü də başa düşür ki, ictimai rəydə bundan heç nə qazanmayacaq. Ancaq hesab edir ki, cəmiyyəti bir az da qorxutmaq, xofu bir qədər də gücləndirmək ictimai rəydə məğlubiyyəti kompensasiya edir. Çünki bunlar artıq başa düşür ki, bütün hallarda ictimai rəy onları qəbul etməyəcək. Bütün hallarda ictimai rəyi dəyişmək mümkün olmayacaq. Bu məsələdə artıq qatar gedib. Indi onları daha çox maraqlandıran cəmiyyəti bir az da bu passiv vəziyyətdə saxlamaq, vəziyyəti bir qədər də uzatmaqdı. Bunu bir az uzatmaq olar. Ancaq gec-tez sosial partlayışla nəticələnəcək və sözsüz ki, belə bir siyasətin, rejimlərin heç vaxt sonu yaxşı olmur.
“Məqsəd status-kvonu bir az da uzatmaqdır”
– Ərəb ölkələrində inqilablar baş verəndə bu proseslərin Cənubi Qafqaza da gəlib çatacağı proqnozlaşdırılırdı. Artıq Suriyada da proseslər başa çatmaq üzrədir. Belə bir məqamda hakimiyyətin atdığı addımlar nəyə hesablanıb? Bütün bunlar özünü qorumaq üçün nəzərdə tutulan addımlar ola bilər?
– Burda başqa məqsəd yoxdur. Məqsəd yalnız odur ki, bunu necə uzatmaq olar. Çünki bu qədər ciddi səhvlərə yol verən, həm iqtisadi, həm siyasi sahədə cinayətlər törədən bir rejim artıq hansısa şəffaf, demokratik prinsiplərə söykənən bir siyasət yürüdə bilməz. Hakim komanda Azərbaycan Cinayət Məcəlləsinin ən ağır maddələri ilə cinayətlər törədiblər. Ona görə də burda yalnız vaxtı uzatmaq siyasəti yürüdülür. Başqa hansısa bir ciddi məqsəd görünmür. Təkcə Azərbaycanı yox, müqayisə üçün Rusiyanı da, başqa avtoritar rejimləri də göstərmək olar. Məqsəd status-kvonu bir az da uzatmaqdır.
Fizzə