“Biabırçılıqların kökünü sistemdə axtarmaq lazımdır”

İntiqam Əliyev: “Müstəqil məhkəmə olan ölkədə total seçki saxtakarlığı, bir ucdan dolan siyasi məhbus siyahıları olmaz”

“Avropa Məhkəməsi hökumətin təhriki ilə işlərə baxmaqdan imtina etməklə çox pis presedentin əsasını qoyur”

Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyevin bugünlərdə mətbuata verdiyi müsahibədə xeyli diqqətçəkən məqam var. Müsahibədə Avropa Məhkəməsinin qərarlarının icrası problemlərinə və başqa məsələlərə toxunan X.Hacıyev son dövrlərdə Avropa Məhkəməsinin Azərbaycanla bağlı çoxsaylı qərarlarının qəbuledilməz sayılması ilə bağlı vətəndaş cəmiyyəti qurumlarının Strasburqa ünvanladıqları müraciətdə səslənən fikirlərə də münasibət bildirib.
Və “Bəzən iddia olunur ki, bu şikayətlərə mexaniki baxılıb və qərar qəbul edilib. Belə demək insafsızlıqdır. Məhkəməyə etiraz dünyada qəbul edilmiş sivil qaydada edilir. Qərarla razı olmayan tərəf yalan və böhtan xarakterli fikirlərlə deyil, hüquqi arqumentlərlə etirazını əsaslandırmalıdır. Fikir mübadiləsi sağlam qaydada, hüquq mədəniyyəti əsasında aparılmalıdır” kimi ittihamlar da səsləndirilib.
X.Hacıyevin müsahibəsində səslənən və cəmiyyət tərəfindən  birmənalı qarşılanmayan fikirləri ilə bağlı Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas İntiqam Əliyevlə söhbət etdik.

“Hakimin peşəkarlığı heç nəyi həll etmir”

– İntiqam müəllim, Xanlar Hacıyev müsahibəsində bildirib ki, əvvəlki illərlə müqayisədə yüksək məhkəmələrin – Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin fəaliyyətində dönüş yaranıb. Əvvəlki illərdə Avropa Məhkəməsinin qərarına mexaniki istinad vardısa, indi elə işlər var ki, məhkəmələr Avropa Məhkəməsinin qərarını təhlil edərək ona istinad edirlər. Vəziyyətdə həqiqətən müsbət tərəfə dəyişiklik varmı?
– Ola bilər ki, hansısa işlərdə hakimlər Avropa Məhkəməsinin qərarlarına istinad edirlər və hətta dərin təhlil də verirlər. Amma şəxsən mən belələrinə rast gəlməmişəm. Bəlkə bu, onunla bağlıdır ki, əsasən siyasi hüquqların müdafiəsi sahəsində ixtisaslaşmışam. Azad seçki, toplantı, həbslər, işgəncə, ifadə azadlığı və digər fundamental hüquqlarla bağlı şəxsən çıxdığım və ya içərisində olduğum işlərdə bu cür qərarları görməmişəm. Azərbaycanda qanunların, idarəçiliyin, insan haqlarının və nəhayət, məhkəmələrin durumu o yerdədir ki, hakimin peşəkarlığı, yerli və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməsi və hətta vicdanlı və güclü ədalət hissi olması heç nəyi həll etmir.

– Amma Xanlar müəllim hesab edir ki, hakimdə sağlam düşüncə və ədalət kimi, keyfiyyətlər olarsa, o, düzgün mühakimə edə bilər.
– Almaniya, Ingiltərə, Fransada bunlar yetərli ola bilər. Həmin fikirləri Azərbaycan reallığına çevirsək, o deməkdir, bu ölkədə aşağıdan yuxarı heç bir hakimdə deyilən keyfiyyətlər yoxdur. Azərbaycanda parlament və prezident seçkiləri ilə bağlı şikayətlər üzrə proseslərə məhkəmə sisteminin bütün hakimləri cəlb olunurlar. Bu vaxta qədər çoxsaylı saxtakarlıq, özbaşınalıq və qanunsuzluqlara etiraz edən bircə hakim də tapılmayıb. Və ya bu ölkədə hansı hakim ötən və qarşıdan gələn prezident seçkilərində Ilham Əliyevin xeyrinə ediləcək saxtakarlıqlara qiymət verə biləcək cəsarətdədir?! Heç kim. Düşünmürəm ki, onların hamısı sağlam düşüncədən və ədalət hissindən məhrumdurlar. Dəhlizdə, küçədə-bayırda, toyda-yasda görüşəndə bunların içərisində sağlam düşüncəli və ədalət hissi olan insanların az olmadığının görürük. Yeri gəlmişkən, bu fikirlərin sahibinin ölkənin ən yüksək məhkəmə qurumlarına – Ali Məhkəməyə və Konstitusiya Məhkəməsinə rəhbərlik etdiyi dövrlərdə altından imzasını atdığı çoxsaylı qərarlar var ki, orada nə sağlam düşüncədən, nə də ədalətdən əsər-əlamət var.
Kimisə ittiham etmək fikrindən çox uzağam. Əksinə, o düşüncədəyəm ki, eybəcər hala salınmış ədalət mühakiməsi sahəsində, o cümlədən başqa sahələrdə baş verən biabırçılıqların kökünü sistemdə axtarmaq, oranı dəyişmək lazımdır. Strasburqa ünvanlanan şikayətlərin məqsədi də ilk növbədə həmin qərarların vasitəsilə sistemdə dəyişikliklərə nail olmaqdır. Hakimiyyətdəkilər bu təhlükəni anlayırlar və son dövrlərdə Avropa Məhkəməsindəki işlərə diqqət və marağın artması da şübhəm yoxdur ki, bundan qaynaqlanır.  

“Oxuyanda adamın ayağının altından yer qaçır”

– Xanlar Hacıyev bildirib ki, Azərbaycan məhkəmələrinin problemi milli qanunvericiliyi düzgün tətbiq etməmələrindədir. Doğrudanmı problem bundadır?
– Azərbaycan məhkəmələrinin problemi onların müstəqil olmamasındadır. Xeyli sayda hakim tanıyıram ki, Avropa Məhkəməsinin presedentlərini çox yaxşı bilir, yerli və beynəlxalq təşkilatların bu sahədə təşkil etdikləri təlimlərə ekspert qismində cəlb edilir, kitabları dərc olunur. Amma elə biabırçı qərarlar verir ki, oxuyanda adamın ayağının altından yer qaçır. Hakimiyyət bu ölkədə hakimlərin, məhkəmələrin müstəqilliyində maraqlı deyil. Müstəqil məhkəmə olan ölkədə total seçki saxtakarlığı, bir ucdan boşalıb o biri ucdan dolan siyasi məhbus siyahıları olmaz. Din xadiminin, hüquq müdafiəçisinin, jurnalistin cibinə nəşə atdırıb tutdurmaq olmaz. Normal cəmiyyətlərdə hakimiyyətin müstəqil qolu olan məhkəmələr bu ölkədə icra hakimiyyətinin dəyənəyidir, istədiyi vaxt qaldırır, istədiyi vaxt da endirir.

“Hökumət deputat yerini Avropa Məhkəməsindən 9 min avroya alır”

– Müsahibədə Xanlar Hacıyev vətəndaş cəmiyyəti qurumlarının Strasburqa ünvanladıqları məlum müraciətə də münasibət bildirib, həmçinin çox ciddi ittihamlar səsləndirib.
– Bu tanış üslubdur. Azərbaycan məhkəmələrinin müstəqil olmaması və sifarişli qərarlar qəbul etməsi ilə bağlı səslənən fikirlərə 90-cı illərdə – Strasburqdakı hakimimizin ölkəmizin baş hakimi işlədiyi vaxtlarda da, elə indi də eyni cavabları eşidirik. Avropa Məhkəməsinin Azərbaycan bölməsinin fəaliyyəti ilə bağlı suallar əvvəllər də mövcud olub. Lakin son dövrlərdə suallar yerini ciddi narahatlıq və şübhələrə verib. Ilk ciddi narahatlıqlar 2005-ci ilin parlament seçkiləri ilə bağlı xeyli sayda işlərin qəbuledilməyən sayılmasından sonra yarandı. Açıq-aşkar ədalətsiz qərarlar idi. Eynilə 2010-cu ilin parlament seçkisi ərəfəsində 7 müxalifət liderinin şikayətinin Hökumətin yalançı vədləri əsasında absurd əsaslarla siyahıdan çıxarılması ədalətsiz qərar idi. Bu qərarla bağlı hansı pərdəarxası oyunların getdiyini bilmirəm, amma onu bilirəm ki, Avropa Məhkəməsinin həmin qərarında yazılanlarla bizim məhkəmələrin qərarlarında yazılanlar eyni dəst-xətdir. Hökumət kommunikasiya başa çatdıqdan 5 ay sonra, 2010-cu ilin parlament seçkiləri ərəfəsində üzərinə mənasız öhdəliklər götürməklə və şikayətçilərə və törədilən özbaşınalıqlara qətiyyən adekvat olmayan kompensasiya təklif etməklə məhkəmədən şikayətləri siyahıdan çıxarmağı tələb etdi. Buna etiraz olaraq bildirildi ki, bu hökumət yalançıdır, o, üzərinə götürdüyü öhdəlikləri ya yerinə yetirmir, ya da bunun imitasiyasını yaradır. Seçki ilə bağlı öhdəliklərini necə yerinə yetirəcəyini qarşıdan gələn 2010-un parlament seçkiləri ərəfəsində yerli və nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı hesabatları, o cümlədən ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün mühitin olmadığı barədə ATƏT-in hesabatı da təsdiqləyir. Həmçinin bildirilirdi ki, şikayətlərin siyahıdan çıxarılacağı halda, ərizəçilər həmin işlərə ölkədaxili məhkəmələrdə baxılmasından məhrum olunacaqlar. Məhkəmə barədə çox ciddi arqumentə Avropa Məhkəməsi qəribə cavab verib. Məhkəmə yazır ki, sözügedən işlərdə iddia edilən pozuntuların xarakteri elədir ki, şikayətçilərin seçki hüquqlarının pozulmasının nəticələrini ölkədaxili icraatların təzələnməsi vasitəsilə aradan qaldırmaq mümkün deyil. Belə ki, 6 noyabr 2005-ci il tarixli seçkilər başa çatıb və onların nəticələri yekun nəticə kimi təsdiqlənib. Məhkəmə hazırda seçki ilə bağlı ölkədaxili icraatların təzələnməsinin şikayətçilərə kompensasiya təyin edilməsindən savayı nə verə biləcəyini və onları mövcud ola biləcək vəziyyətə necə qaytara biləcəyini başa düşmədiyini qeyd edib. Ona görə o, hazırkı vəziyyəti və iddia edilən pozuntunun xarakterini nəzərə alaraq, ziyana görə kompensasiyanı fərdi hüquqların bərpasının yeganə mümkün və adekvat forması kimi gördüyünü vurğulayıb. Məhkəmə hesab edib ki, sözügedən işlərin baxışını davam etdirməyi qərara alsaydı və Konvensiyanın analoji pozuntusunun baş verdiyini müəyyən edən qərarlar çıxarsaydı, həmin qərarların icrası çərçivəsində görülməli olan ümumi tədbirlər istənilən halda Nóóemət Əliyevin işi üzrə qərarda qəbul edilmiş tədbirlərlə eyni olacaqdı. Bu, lap bizim məhkəmələrin qərarlarında yazılan absurdları xatırladır.
Avropa Məhkəməsinin bu qərarında ortaya qoyduğu məntiqindən çıxış etsək, onda gərək məhkəmə işgəncə ilə və ya media azadlığı ilə bağlı bir qərar çıxarandan sonra, oxşar şikayətlər üzrə qərarlar verməyə. Çünki əslində, bir qərar yetərli olmalıdır ki, ölkələr həmin pozuntunun baş verməsinə səbəb olan halları aradan qaldırsın, qanunvericiliyi və onun tətbiqi praktikasını dəyişsin və s. Ya da ölüm hadisəsi ilə bağlı şikayətlərə Avropa Məhkəməsi gərək həmin məntiqlə baxmaqdan imtina edə ki, pozuntunun tanınması barədə qərar ölünü diriltməyəcək.  
Avropa Məhkəməsi hökumətin təhriki ilə işlərə baxmaqdan imtina etməklə çox pis presedentin əsasını qoyur. Hökumət seçkini saxtalaşdırır, iş Avropa Məhkəməsinə gedib çıxdıqda, sonda haqqı pozulana 9.100 avro ödəyir və işi siyahıdan çıxartdırır. Başqa sözlə, hökumət deputat yerini Avropa Məhkəməsindən 9.100 avroya alır.
Eynilə Pənah Hüseyn, Arif Hacılı və Rauf Arifoğlunun 2003-cü ilin hadisələri ilə bağlı bu yaxınlarda elan olunan qərarlarında da xeyli sual və mübahisə doğuran məqamlar var. Avropa Məhkəməsi bu və bir neçə başqa işdə tamamilə əsassız olaraq toplaşmaq azadlığının pozuntusu ilə bağlı şikayəti araşdırmaqdan imtina edib. Heç bir izahat-filan vermədən.  
Azərbaycandakı insan hüquqları ilə bağlı problemlərin əksəriyyəti, azad seçki, toplaşmaq, media azadlığı və bir sıra başqa fundamental hüquqlarla bağlı problemlər hansısa dövlət orqanlarının və ya məmurların özbaşınalığı ilə bağlı problemlər deyil, sistemin problemləridir, hakimiyyətin siyasi iradəsi ilə bağlı problemlərdir. Avropa Məhkəməsi bu cür məsələlərə qiymət verməkdən yayınır. Baxmayaraq ki, hüquqşünaslarımız bununla bağlı yetərincə faktlar, sübutlar, araşdırmalar, analizlər təqdim edirlər. Bu, bizi və cəmiyyəti çox narahat edir və haqlı olaraq etiraz doğurur. Ötən il Avropa Məhkəməsinin Azərbaycan bölməsi mahiyyət üzrə cəmi 9 işə, bu il isə 6 işə baxıb. Başqa ölkələrlə müqayisədə bu çox kiçik rəqəmdir. Müqayisə üçün deyim ki, məsələn, Moldova bölməsi ötən il 16, bu il isə 8 iş üzrə qərar verib. Özü də necə qərarlar.  
Avropa Məhkəməsinin qaydalarına görə, şikayət açıq-aşkar əsassız olduqda, tək hakimin baxışına verilə bilər. Avropa Məhkəməsinin azərbaycanlı hüquqşünasının və yunan hakimin birgə işinin yekunu kimi may ayının 10-da 60-dan çox qəbuledilməyən saydığı şikayətlərin arasında ifadə azadlığı, qanunsuz həbs, təhsil, mülkiyyət, özəl həyat və başqa hüquqlarla bağlı çox perspektivli işlər var. Bu işlərin əksəriyyətinin tək hakimin baxışına verilməsi barədə qərar açıq-aşkar əsassızdır. Azərbaycanlı hüquqşünasın qərəzsiz olmasına və ona təsirlərin mümkünsüzlüyünə kim təminat verə bilər ki?

“İndi səsimizi qaldırmasaq…”

– İmtina ilə bağlı cavablar əsaslandırılırmı?
– Bu işlərlə bağlı ərizəçilərə və onların vəkillərinə əsaslandırılmış cavab verilmir, şikayətin nəyə görə rədd edildiyi məxfi saxlanılır və bu cür qərarlardan şikayət verilməsi nəzərdə tutulmur. Belə olan halda təbii ki, suallar da yaranacaq, şübhələr də. Kimsə Strasburqda rahat otağında oturub Bakıda bu sahəni həmin hüquqşünasdan pis bilməyən vəkillərin, hüquqşünasların aylarla, bəzən illərlə ağır zəhmət, xərc, əsəb və risk hesabına ərsəyə gətirdiyi işləri üç cümləlik standart cavabla heçə endirəcəksə, təbii ki, bu addım etirazla qarşılanacaq. Normal müzakirə o zaman ola bilər ki, sənin suallarına aydınlıq gətirələr. Avropa Məhkəməsinə 2010-un parlament seçkiləri ilə bağlı 100-dən çox şikayət göndərilib. Indi səsimizi qaldırmasaq, o işlərin sıradan çıxarılması üçün Bakının bütün vasitələrə əl atacağı şübhə doğurmur. Bu ilin aprel və mart ayında, ondan qabaq və sonra tutulan, siyasi məhbus sayılan və sayılmayan şəxslərin çoxsaylı şikayətlərinin taleyi ilə bağlı da ciddi narahatlıq yaranıb. Bu mənada hesab edirəm ki, Azərbaycanın vətəndaş cəmiyyətinin Strasburqa ünvanladığı müraciətlərin tonu da, orada səslənən narahatlıqlar da, etirazlar da duruma tam adekvatdır. Yeri gəlmişkən, həmin işlərlə bağlı araşdırmaları davam etdirmək fikrindəyik. Bu prosesə ölkənin nüfuzlu hüquqşünasları və ekspertləri cəlb olunub. Avropa Məhkəməsi sahəsində ixtisaslaşan bir neçə nüfuzlu təşkilat da artıq narahatlığını ifadə edib və ölkə hüquqçularına, vətəndaş cəmiyyətinə bu məsələnin araşdırılmasında yardımçı olmağa razılığını bildirib. Bir sözlə, bu işlərdən belə asanlıqla əl çəkmək fikrimiz yoxdur.

Gültəkin