“Azərbaycan kimi ölkələrdə siyasi problemlərin səbəbi islahatlara meylli olmayan və demokratikləşmə tələblərinə repressiyalarla cavab verən siyasi elitanın köhnəlməsidir”
“Heydər Əliyevin vəfatından 9 il ötsə də, ölkəyə səfər edən xarici elə bilər ki, o, hələ də yaşayır”
“Azərbaycan kimi demokratiyadan uzaq düşmüş ölkələrdə etibarlı idarəçilik sisteminə nail olmağın yolu siyasi elitanın gəncləşməsindən keçir”. Bunu mərkəzi ofisi Vaşinqtonda yerləşən Demokratiyaya Yardım Fondunun Avropa və Avrasiya ölkələri üzrə baş direktoru Nadia Diuk deyib.
Bu yaxınlarda çapdan çıxmış “Rusiya, Ukrayna və Azərbaycanda növbəti nəsil” kitabının müəllifi hər üç ölkədə gənclər hərəkatları və onların siyasi proseslərə təsir imkanlarına toxunub.
Xanım Diuk kitabının təqdimat mərasimində deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin yeni nəsil fəalları təqiblərə məruz qalır. Gənc müxalifətçilərin çoxu bir qayda olaraq, narkotik maddə saxlamaq, xuliqanlıq kimi uydurma ittihamlarla həbs olunurlar. Nadia Diuk qeyd edib ki, 2003-cü ildə hakimiyyəti atasından təhvil almış hazırkı prezident İlham Əliyev sələfləri ilə müqayisədə yaşca gəncdir. Hərçənd, hakim komanda üzvlərinin əksəriyyəti ata Əliyev dönəmindən qalma yaşlılardır. Bu isə siyasi ideologiyanın formalaşmasına və hakim düşüncə tərzinə birbaşa təsir edən amillərdəndir. Onun sözlərinə görə, Heydər Əliyevin vəfatından 9 il ötsə də, ölkəyə səfər edən xarici elə bilər ki, ata prezident hələ də yaşayır.
Nadia Diuk kitabında Rusiya və Ukrayna ilə müqayisədə Azərbaycan gənclərinin inkişaf dinamikası və həyat tərzinə dair ötən il keçirilmiş maraqlı sorğu nəticələrinə yer ayırıb.
Belə ki, araşdırmalar zamanı ölkədə gənclərin 45 faizinin, ümumiyyətlə, gəlirsiz olduğu ortaya çıxıb. 48,4 faiz gənc evli olduğu halda, sorğuya qatılanların 69,2 faizi valideyinləri ilə birgə yaşadığını bildirib. Gənc xanımların təxminən 20 faizi özlərini “evdar qadın” sayırlar. Bu rəqəm 7 il əvvəllə müqayisədə 8 faiz artıb. Ukraynada bu rəqəm 7 il əvvəl 14,5 faiz idisə, indi 9,6 faizə enib. Rusiyada gənclərin 59 faizi şəxsi komputerə malik olduğu halda, Ukraynada 38,4, Azərbaycanda isə 25,6 faizi bu imkana sahibdir. Eyni zamanda, 2004-cü illə müqayisədə Azərbaycanda şıxsi avtomobilə sahib gənclərin sayı 6,6 faizdən 14,4-ə qalxıb. Rusiyada bu rəqəm cüzi artsa da, Ukraynada azalıb. İşsiz Azərbaycan gəncləri özlərinə qapılaraq, növbəti iki ilə ümidsiz baxdıqları halda, ukraynalılar iş tapmaq üçün “dəridən-qabıqdan çıxır, öz bizneslərini qururlar”.
Qafqaz və Mərkəzi Asiyada gənclər hərəkatları və yeni nəsil texnologiyalarını tədqiq edən amerikalı eksper Sara Kendzior “BBC-Azərbaycanca”ya müsahibəsində bildirib ki, ərəb inqilablarının əsasən gənclərdən ibarət internet fəallarının qələbəsi olduğunu iddia edirlər. Bu, texnologiyanın ani inqilaba gətirib çıxarması barədə yanlış təsəvvür yaradır. Əslində isə texnologiya yalnız alətdir – bundan istifadə edən adamların olması vacibdir.
Avtoritar dövlətlərin əksəriyyəti kimi, Azərbaycanda da gənc fəallar əsasən ölkə xaricində üzə çıxırlar. Onlar internetdə olduqca fəaldırlar, ölkə daxilində olanlar kimi çətin durumda deyillər və məlumatların yayılmasında mühüm rol oynayırlar. Azərbaycanda gənc fəallar daha ağır durumdadırlar, çünki çox zaman hökumət onları həbsxanaya salmayana qədər başa düşmürlər ki, fəaldırlar. Ekspertin sözlərinə görə, hakimiyyət sosial KİV və mənəviyyatsızlıq arasında əlaqə tapmağa çalışır. Məqsəd isə gəncləri sosial şəbəkələrdən uzaqlaşdırmaqdır.
Ofisi Vaşinqtonda yerləşən “Registan.net” saytının redaktoru Coşua Faust hesab edir ki, əslində Azərbaycan kimi ölkələrdə siyasi problemlərin kökündə duran səbəblər islahatlara meylli olmayan və demokratikləşmə tələblərinə repressiyalarla cavab verən siyasi elitanın “köhnəlməsi” ola bilər: “Məncə, yeni cücərməkdə olan gənclər hərəkatları vəziyyəti dəyişə bilər. Amma onlar əhalinin digər təbəqələrindən dəstək alsalar daha yaxşı nəticə əldə etmək olar”.