Daha hansı biabırçılıqlardan keçməliyik?

Son illərdə hakimiyyətin apardığı siyasi mübarizəyə baxanda adamın ağlına əllərini yelləməkdən başqa bir şey gəlmir. Müxalifətə qarşı seçilən mübarizə üsulları özünün eybəcərliyi və sərhədsizliyilə adamı heyrətləndirir və dərhal düşünürsən ki, biz daha hansı biabırçılıqlardan keçməliyik? Ən ağlasığmaz üsul, ən ağlasığmaz ittiham burada real görünür. Elə təsəvvür yaranır ki, bu ölkədə müxalifəti sıradan çıxarmaq üçün bütün üsul və vasitələr məqbul və icazəli elan edilib. Başqa bir nəticəyə yer yoxdur. Özü də bunların hamısı öz mənbəyini hakimiyyətin ən yuxarı hissəsindən götürür. I.Əliyev müxalifətin adını çəkəndə elə ifadələr, elə bəyanatlar seçir ki, adamda yalnız bircə fikir yaranır ki, bəli, bu hakimiyyət nəinki müxalifətə nifrət edir, hətta özünü elə göstərir ki, sanki ondan iyrənir. Mən burada bir neçə ifadəni yada salmaq və fikrimi təsdiqləmək istərdim: naftalin iyi verən müxalifət, ənənəvi müxalifət, elementlər və ünsürlər… Nə etmək olar? Bizim özümüzü nəinki zorla həmin bu hakimiyyətə sevdirmək, hətta onun xoşuna gəlmək fikrimiz yoxdur. Qoy, öz hisslərini necə istəyirlər, elə də ifadə etsinlər. Istədikləri qədər özlərinin fantaziyalarına meydan verə bilərlər. Onsuz da hamını kənardan görürlər və hamını da yaxşı tanıyırlar. Mən burada bir ziyalının yazısından bir fikri sitat gətirmək istərdim: “Mən eyni vaxtda bu qədər acgöz insanın hakimiyyətdə toplaşmasını görməmişdim…”. Mənə elə gəlir ki, izafi şərhə ehtiyac yoxdur.
Nə daha pisdir? “Naftalin iyi vermək”, yoxsa öz acgözlüyünlə hətta neytral bir ziyalını bu qədər təəccübləndirmək? Düşünürəm ki, cavab aydındır. Bu hakimiyyətin azacıq da olsa özünütənqid hissi olsaydı bunlar nəfslərindən dəhşətə gələrdilər. Ölçü hissi itirilib, azacıq da olsa belə kənardan özlərinə baxmaq istəyi yoxdur, hər şeyi qamarlamaq, hər şeyi qeyri – adi acgözlüklə mənimsəmək, başqalarına heç nə saxlamamaq… Oxuyurlar, şeir yazırlar və bir gün gələcək kosmosa uçmaq fikrinə düşəcəklər. Doğrusu, indi yadımda deyil, deyəsən Sezar olub, ya da Kaliqula, hər halda, Roma imperatoru olub və həmin o imperator öz sevimli atını Senata üzv seçdirib! Biz özbaşnalığın və müstəbidliyin bu həddində yaşayırıq. Mən hələ Neronu demirəm. Roma əhlini meydana yığıb onlar üçün oxuyurmuş! Mənim bir müxalifətçi dostum vardı. Həmişə deyirdi ki, vay, o günə ki, bunlar oxumağa başlayacaqlar! Indi məhz həmin vaxtdır. Bunlar şer yazır, mahnı bəstələyir və oxuyurlar. Bizim millət də mən demirəm ki, bunlara qulaq asır, bəlkə də kanalı çevirirlər, zira bütün bunlara dözürlər. Bunlar vaxt tapıb doktor olur, dissertasiya müdafiə edirlər, kafedraları özləri üçün ehtiyat aerodromu kimi saxlayırlar. Başqasını azacıq da olsa düşünmürlər, heç ağıllarına gəlmir ki, axı, başqa insanlar da var, onlar üçün də bir fəaliyyət meydanı saxlamaq lazımdır. Məni ən çox bu, narahat edir ki, elm və mədəniyyət adamları da bunların “yaratdıqlarını” öz “interpretasiya”ları ilə qiymətə mindirirlər, onlara bir növ vəsiqə verirlər. Iş o yerə çatıb ki, böyük bir beynəlxalq və dövlət tədbiri hansısa fondun adı ilə bağlanır. Heç kim düşünmür ki, bu fonddan ölkədə yüzlərlə ola bilər, dövlət isə bir dənədir. Daha nə deyim? Şərqdə elm və mədəniyyət adamlarının bəzi zəiflikləri olur, onlar saraya sığınmağı, onun himayəsi altında yaratmağı çox sevirlər. Burada mənim yadıma “Faust” düşür… Mahiyyətcə Şərq düşüncə tərzindən çox uzaq olsa da bu əsərdə yaradıcı insanın ümumbəşəri əzab və iztirabı qələmə alınıb. Lakin mənim sözüm bu haqda deyil. Bəlkə də mən bu yerdə Dantenin “Ilahi komediya”sını xatırlamalı idim. Kim bilir? Amma mən bunu qəsdən etmirəm, çünki düşdüyümüz faciənin miqyası çox böyük olsa da, bu faciəni yaradan insanların böyük miqyaslı şəxslər olduğunu fikirləşə bilmirəm. Mənə elə gəlir ki, hər şey tamam başqa cürdür. Düşünürəm ki, biz son vaxtlar çox kiçilmişik və bizim kiçilməyimizin fonunda da bunlar böyük görünür. Gəlin, kiçilməyək və bunları olduqlarından bir neçə dəfə böyük və qüdrətli göstərməyək…