Adı hər zaman azadlıq, xalq sevgisi, müstəqillik, yaxud Azərbaycanın inkişafı, gələcəyi və bütövlüyü kimi mövzulara yol açan Elçibəy bu arada başqa cür anılır. Zəhərlənmə ilə. Bizim hakimiyyət bu arada onun adını zəhərləmək istəyir…
Hafiz yox, məhz siyasi hakimiyyət edir bunu. Həm də Elçibəyə görə yox, yalnız və yalnız AXCP sədri Əli Kərimliyə görə. Onun timsalında siyasi müxalifətə görə. Şablon fikir kimi görünə bilər, amma doğrudan da 2013 seçkilərinə görə – buna qədər həyatımızı zəhərləyiblər, indi də bundan sonramızı, gələcəyimizi zəhərləmək istəyirlər. Çünki ayının min oyunu var, o da armudun başındadır. Hakimiyyətdəkilər isə armuda görə bərk təlaşda olduğundan, çox iyrənc və həm də mənən uğursuz bir addıma qol qoydular.
Öncə nəyi unutdular:
1) Azərbaycan xalqı artıq Hafiz Hacıyevin dilindən nəinki yalanı, heç həqiqəti qəbul etməz.
2) Çox cılız bir dairəni çıxsaq, hətta hakimiyyətin öz tərəfdarları, o cümlədən Əli Kərimlinin qatı rəqibləri bir qayda olaraq bu yalan ittihamı bölüşməyəcəklər. Çünki bu qədər ağ yalana bulaşmağı və Hafiz Hacıyevlə bir sırada olmağı kimsə özünə sığışdırmaz.
Daha sonra nəyi unutdular:
1) Ittihamın illər sonra, həm də seçki öncəsi ortaya çıxması səbəbindən başı daşdan-daşa dəymiş, gözü çox şey görmüş Azərbaycan ictimaiyyəti növbəti dəfə hansı siyasi hiyləyə əl atıldığını dərhal anladı.
2) Məsələ ondadır ki, Hafiz Hacıyev kimi, elə Azərbaycan hakimiyyətinə də kimsə inanmır.
Ən başlıcası, nəticəni unutdular:
1) Bu ittihamın ortaya çıxması yalnız bir sualın baş qaldırmasına səbəb olur. Inamla “Mən prezident olacağam” dediyi və sürətlə siyasi gücünü artırdığı bir dövrdə Elçibəyin ölümü məhz Əliyevlərə sərf etmirdimi? Zəhərləyiblərsə, onu niyə başqaları zəhərləsin?
2) Hədəf kimi düşünülən Əli Kərimli bu ittihamdan heç nə itirmir, əksinə seçkiqabağı situasiyanın tələblərinə görə, istər-istəməz önə çıxır. Qaynının həbsi, özünün həbsinə cəhd və sair təzyiqlər onu hakimiyyətin ciddi hədəfi kimi diqqətə gətirir və nüfuzunu daha da artırır. Bir-birinin qədrini bilmək həqiqətini daha yaxşı anlamaqla elə müxalifət də bütünlüklə birlikçi mövqe tutmağa başlayır.
Düzdür, cəmiyyətin bu addıma təpkisi də vacibdir. Diqqəti ümumi hədəflərdən yayındırmadan, ciddi dəyərləndirmələr və ironik münasibətlərlə hakimiyyəti bu addımı atmağa peşman etmək gərəkdir. Əyri plan boşa çıxmaqla yanaşı, onu hazırlayanların özünə qarşı çevrilməlidir. Şəxsən məni hələlik yalnız bir şey təəccübləndirib. Bilirəm ki, Azərbaycanın müxalif siyasətçiləri illərin sınağından çıxıb, möhkəmdirlər. Biz də yolumuzdan dönən deyilik, mübarizəmiz də bütün hallarda davam edəcək, tarix də bizim mübarizəmizin yaxın müttəfiqidir. Üstəlik, baş verənlər Hafiz Hacıyevdən də, iqtidarımızdan da gözlədiyimiz bir addımdır. Hətta Mirmahmud Fəttayevin başqalarını heyrətləndirən çıxışı da məni təəccübləndirmədi. Amma…
Almurad Əliyevin münasibəti anlaşılmadı
Düzü, Almurad bəydən bu qədərini heç gözləmirdim. Deyir ki, inanmır, amma istintaqın nəticəsini gözləyir. Halbuki hamı anlayır ki, bu hiylənin arxasında nə durur. Halbuki ilk gündən barmağını silkələməli idi ki, qardaşını bu cür cılız siyasi hiyləyə qatmasınlar. Halbuki ilk andan Hafiz Hacıyev kimi birisinin Elçibəy adından belə ağır şəkildə istifadə etməsinə etirazını bildirməli idi…
Insan özünü bu qədər bilməməzliyə vurmaz. Necə oldu ki, Elçibəy özünün zəhərlənməsi haqda qardaşına demədi, ən yaxın silahdaşlarına bölüşmədi, amma Hafiz Hacıyevə açdı bunu? Almurad Əliyev bu həqiqəti bilmir guya? Bəs niyə ortada var-gəl edir?
Bəlkə Azərbaycan hakimiyyətinin bu işdə hansı məqsəd güddüyünü görmək çox çətindir? Bəlkə bunların istintaqına, məhkəməsinə, ədalətinə də inanır deyə, nəticəni gözləyir?
Elçibəy həqiqəti
Ötən illərdə iqtidarın pulu, cəlbediciliyi, qorxusu, öyrətməsi ilə, ən müxtəlif qərəz və səbəblərlə Əbülfəz Elçibəyə qarşı danışan insanları çox gördüm. Eyni zamanda sadəcə bir siyasətçi kimi onu qəbul etməyənləri, pisləyənləri də gördüm. Sonuncunu həmişə təbii hal saymışam. Amma mənim üçün bir Elçibəy həqiqəti var. Uğuru və uğursuzluqları ilə birlikdə onun azadlığımıza olan böyük və bənzərsiz sevgisi. Aşağıdakı sözləri özünün dilindən eşitmişəm:
– Rus qoşunlarını çıxararkən hətta Qərbdən mənə dedilər ki, bu çox çətin bir işdir, buna görə məni hakimiyyətdən devirə bilərlər. Onlara da dedim, elə özüm üçün də yəqin etdim. Yaxşı bəs mən etməyəcəyəmsə, bunu kim edəcək? Hər şey bu qədər sadədir. Etdim və devrildim!

Həyatımızı zəhərləmək
•