Böyük alimlərdən dərs almış ilahiyyatçı
O, Azərbaycanın böyük ruhani alimlərindən biri olub. Nüfuzlu elm adamlarından dərs alıb, onların məclislərində oturub, onların layiqli davamçısı olub. Irsi və həyatı dərindən araşdırılmasa da, adı Azərbaycanın ən şöhrətli din alimləri sırasında yer alıb. Bu şəxs “Molla Mirzə” və “Müdəqqiq Şirvani” ləqəbləri ilə tanınmış Məhəmməd Şirvanidir.
Məhəmməd ibn Həsən Şirvani təqribən 1623-cü ildə Şirvanda doğulmuş, amma ömrünün çox hissəsini o dövrün ən qabaqcıl dini elmlər mərkəzlərindən sayılan Isfahan şəhərində keçirmişdir. Onun müəllimlərinin arasında Ağa Hüseyn Xansarinin adı xüsusi qeyd olunmalıdır. Kitablarda “Mühəqqiq Xansari” kimi də xatırlanan Ağa Hüseyn ibn Cəmaləddin 17-ci əsrin ən böyük cəfəri fəqihlərindən sayılırdı. Ağa Hüseyn Xansari Məhəmməd Təqi Məclisi kimi elm nəhəngindən dərs almışdır. O, fəlsəfə, kəlam və məntiq kimi əqli elmlərdə də dərin biliyə malik idi, camaat arasında, həm də Səfəvilər sarayında böyük nüfuz qazanmışdı. Hətta Süleyman şah Səfəvi səfərə gedərkən, Isfahanda öz yerinə Ağa Hüseyn Xansarini canişin qoyurmuş.
Məhəmməd Şirvani bir müddət Isfahanda təhsil aldıqdan sonra biliyini təkmilləşdirmək məqsədilə Iraqın Nəcəf şəhərində məskunlaşmışdır. Lakin Süleyman şah Səfəvi Isfahanda bu böyük alimin şəxsiyyətinə ehtiyac duyaraq, ona qayıtmağı təklif etmiş və Şirvani hökmdarın dəvətini qəbul edib Isfahana qayıtmışdır. Məhəmməd Şirvani şəhərin Əhmədabad məhəlləsində şah tərəfindən ona hədiyyə edilmiş evdə yaşamağa başlamışdır.
Müdərris Təbrizinin “Reyhanətu’l-ədəb” əsərində Molla Mirzə Məhəmməd Şirvani “dərin bilikli, yüksək ixtisaslı, tədqiqatçı alim, elm və əməl sahibi, əqli və nəqli elmləri özündə birləşdirən, fiqh, hədis, kəlam, hikmət və elmi mübahisə sahələrində tayı-bərabəri olmayan” bir şəxs kimi təsvir edilir. Həmçinin, bu kitabda yazıldığına görə, Şirvaninin zehn, hafizə, diqqət, rəy möhkəmliyi və elmi əhatə sahələrindəki uca məqamı sübuta ehtiyacı olmayacaq dərəcədə aşkar həqiqətdir.
Elə bu keyfiyyətlərinə görə, Məhəmməd ibn Həsən Şirvanini “Əllamə”, “Vəhidu’l-əsr və fəridu’d-dəhr” (zəmanənin və dünyanın yeganəsi), “Sultanu’l-hukəma və’l-mutəkəllimin” (hikmət və kəlam alimlərinin sultanı) kimi epitetlərlə tərifləmişlər. Şirvaninin şagirdi Mirzə Abdullah Əfəndi öz xatirələrində “ustazəna’l-əllamə” (əllamə ustadımız) sözləri ilə öz müəllimindən söz açırdı.
Şirvaninin məşhur tələbələri
Məhəmməd ibn Həsən Şirvaninin şagirdləri arasında bir neçə nəfər xüsusi şöhrət qazanmışdır. Onlardan biri – yuxarıda adı çəkilən Mirzə Abdullah Əfəndidir. Zəmanəsinin ən böyük alimlərindən dərs almaq şərəfinə nail olmuş Əfəndi, Məhəmməd Şirvaninin də dərslərində iştirak etmiş, “Üsul’i-Kafi”, “Təhzibu’l-əhkam” və “Şərh’i-muxtəsəru’l-usul” kitablarını onun yanında oxumuşdur. Mirzə Abdullah Əfəndi təqribən 15 kitabın, o cümlədən, hicri 3-11-ci əsrlərdə yaşamış alimlərin həyatından bəhs edən “Riyazu’l-uləma” (“Alimlər bağçası”) əsərinin müəllifidir.
Şirvaninin başqa bir şagirdi Molla Məhəmməd Əkməl Bəhbəhani olmuşdur. O, cəfəri fiqhini uzun müddətli tənəzzül mərhələsindən xilas etmiş, əxbarilik cərəyanı ilə mübarizə aparıb üsul məktəbini qüvvətləndirmiş və “Ustadu’l-əkbər” (“Ən böyük müəllim”) ləqəbini almış Vəhid Bəhbəhaninin atasıdır.
Şirvaninin şagirdlərindən biri də rical elminə aid olan “Tənqihu’l-məqal” əsərinin müəllifi Şeyx Həsən ibn Abbas Bəlaği Nəcəfi idi. Şeyx Həsən Bəlaği həmin əsərdə öz ustadı haqqında son dərəcə ehtiram və hörmətlə söz açmışdır: “Üsul və füru (yəni əqaid və şəriət) elmlərində ona istinadımız vardır”. Kitabda həmçinin Şirvani “son dövr alimlərinin ən üstünü, dərin bilik sahiblərinin ən kamili, aləmlər içində Allahın ayəti (nişanəsi), tədqiqatçıların seçilmişi, hikmət və kəlam sahiblərinin sultanı” və s. epitetlərlə vəsf olunur.
Mirzə Məhəmməd Şirvaninin bir şagirdi də Əmir Məhəmməd Saleh Xatunabadi olmuşdur. Əmir Məhəmməd Saleh Şirvani həm də Əllamə Məhəmməd Baqir Məclisinin kürəkəni idi.
Məhəmməd Şirvani, Məhəmməd Təqi Məclisinin kürəkəni, “Biharu’l-ənvar” hədis məcmuəsinin müəllifi Əllamə Məhəmməd Baqir Məclisinin yeznəsi olmuşdur. Məlumdur ki, Məhəmməd Təqi Məclisi öz qızlarını ən savadlı və bacarıqlı ruhani tələbələrə ərə verirdi. Onun Aminə bəyim adlı qızı Molla Məhəmməd Saleh Mazandarani ilə ailə həyatı qurmuşdu. Aminə bəyimin nəvəsi isə Məhəmməd Əkməl Bəhbəhaninin (Şirvaninin tələbəsi) həyat yoldaşı idi.
Onlarla risalə müəllifi
Məclisinin digər qızı ilə Məhəmməd Şirvaninin birgə ailə həyatı da uğurlu olmuşdur. Bu izdivacdan dünyaya gələn Molla Heydər Əli nüfuzlu din xadimi kimi şöhrət qazanmış, “Məsalik” kitabına haşiyə yazmış, Şeyxu’t-taifə Tusinin “Misbahu’l-mutəhəccidin” kitabını yeni tərtibatla hazırlamış, yəni kitabın məzmununu ixtisar etmiş, ona bəzi dua və ziyarətnamələr artırmışdır. Molla Heydər Əli Əllamə Məclisinin qızı ilə, yəni öz dayısı qızı ilə evlənmişdir.
Mirzə Məhəmməd Şirvani irili-xırdalı onlarla risalənin müəllifi olmuşdur. Onun risalələri fiqh, üsuli-fiqh, təfsir, əqaid, kəlam, hədis, sərf-nəhv, astronomiya, həndəsə və sair elm sahələrini əhatə edir. Şirvani bəzi məşhur dini mətnlərə də haşiyə və şərhlər yazmışdır. Məsələn, Muhəqqiq Hillinin “Şərayiu’l-Islam”, Ibn Sinanın “Şəfa”, Şeyx Həsən ibn Şəhidi-saninin “Məalimu’d-din” əsərlərinə, Qazi Beyzavinin təfsirinə haşiyə yazmış, Şeyxu’t-taifə Tusinin “Təhzibu’l-əhkam” kitabını şərh etmişdir. Şirvani özündən əvvəlki alimlər tərəfindən qələmə alınmış bəzi məşhur şərh və haşiyələrə də yenidən haşiyə yazmışdır.
Şirvani şeirdə də öz qələmini məharətlə sınamış və dəyərli sənət nümunələri yaratmışdır. Onun aşağıdakı farsca irfani məzmunlu rübaisi çox məşhurdur:
Yade-to konəm, diləm pür əz xun gərdəd, V-in dideyi-əşkxiz Ceyhun gərdəd.
Hərçənd ze dide əşke-həsrət barəm, Dər sinəəm ateşe-ğəm əfzun gərdəd.
Dərin irfani aləmə malik bu rübai Allaha xitabən yazılmışdır. Tərcüməsi belədir: “Səni xatırladıqca qəlbim qanla dolur. Gözümün yaşı axıb Ceyhun çayına dönür. Gözümdən nə qədər sel kimi həsrət yaşı tökürəmsə, sinəmdəki qəm atəşi bir o qədər çox alovlanır”.
Məhəmməd Şirvani 65 il ömür sürmüş, hicri 1098, yaxud 1099-cu ilin ramazan ayının 29-da (miladi təqvimlə təqribən 1687-1688-ci illər) Isfahanda vəfat etmiş, cənazəsi Məşhəd şəhərinə aparılaraq, Mirzə Cəfər mədrəsəsinin sərdabəsində dəfn olunmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir