Fuad Ağayev Elçibəyin zəhərlənməsilə bağlı cinayət işi başlanmasını qeyri-ciddi və siyasi məqsəd daşıyan hərəkət adlandırıb
“Əbülfəz Elçibəyin müalicə aldığı Türkiyədə hər hansı bir zəhərlənmə simptomlarını görməyə bilməzdilər. Belə çıxır ki, Azərbaycan Respublikasının prokurorluğu tibb sahəsində Gülhanə xəstəxanasının həkimlərindən daha səriştəlidir? Yəni son dərəcə qeyri-ciddi hərəkətdir və sırf siyasi məqsəd güdür”.
Bu sözləri AzadlıqRadiosuna tanınmış vəkil Fuad Ağayev mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Hafiz Hacıyevin iddiası əsasında cinayət işi başlanmasına münasibət bildirərkən deyib.
Fuad Ağayev bəzi siyasi dairələrdə düşünüldüyü kimi bu prosesin Əbülfəz Elçibəyin məzarının açılaraq eksqumasiya olunması həddinə qədər inkişaf edəcəyinə də inanmır. Deyir düzdür, mərhumun ailəsi buna qarşı çıxsa belə, qanuni əsaslar olduqda eksqumasiyaya yol verilir. Amma hazırkı iş üzrə eksqumasiyanın həyata keçirilməsi üçün heç bir əsas görmür. Halbuki, bunun üçün ciddi əsaslar olmalıdır. Özü də ilk növbədə sənədlər üzərində.
Bütün bunlarla yanaşı Fuad Ağayev hesab edir ki, indiki hakimiyyət və hüquq-mühafizə orqanları şəraitində, eləcə də mövcud gerçəklikləri nəzərə alanda, bu prosesin Əli Kərimlinin 2013-cü il prezident seçkilərində iştirakına mane olmayacağını da qəti şəkildə söyləmək mümkün deyil.