qaya-aliyev

Hakimiyyət müxalifətin vahid namizəd problemini həll etdi

qaya-aliyevTəşəkkürlər Hafiz Hacıyev

Qaya Əliyev

Every cloud has a silver lining (Hər fəlakətdə bir xeyir vardır)
İngilis atalar sözü

Çin filosofu Lao Tzunun məşhur bir əhvalatı var. Deməli, Çində orijinal gözəlliyə malik bir  atı olan qoca kəndli yaşayırmış. Çin imperatoru qocaya həmin atı külli miqdarda ləl-cəvahirat müqabilində ona satmağı təklif edir. Onun üçün xüsusi mənəvi dəyərə malik olan bu atı satmaqdan imtina edir qoca. (Nə qədər təsadüfi, səbatsız və səriştəsiz monarx olub ki, heç xüsusi mülkiyyətin dövlət ehtiyacları əsasında su qiymətinə kompensasiya əvəzində özgəninkiləşdirilməsi metodu da ağlına gəlməyib).

Günlərin bir günü həmin at naməlum şəkildə yoxa çıxır. Atı vaxtında imperatora satmadığına görə onu qınayan qohumlarına səbr etməyi, bu hadisəni hələ sevindirici və ya bədbəxt hadisə kimi qiymətləndirməyin erkən olduğunu tövsiyə edir qoca və haqlı çıxır. Belə ki, qocanın atı bir neçə gündən sonra vadidən ona qoşulub gəlmiş 12 əhliləşdirilməmiş atla birlikdə geri qayıdır. Bu dəfə qocanın yanına gələn həmin qohumları  birdən-birə 13 atlıq bir ilxı sahibinə çevrildiyinə görə ona gözaydınlığı verirlər. Qoca, yenə də təmkinini pozmadan bunun sevindirici və ya bədbəxt hadisə kimi qiymətləndirilməsinin erkən duğunu desə də, qohumları ona etiraz edir, onu pessimizmdə, qeyri-səmimilikdə və hətta ağılsızlıqda ittiham edirlər.

Bir  neçə gündən sonra qocanın ailəni dolandıran yeganə oğlu  həmin 12 atdan birini əhliləşdirərkən  yıxılaraq ayağını sındırır. Bu dəfə həmin qohumları keçən dəfəki ittihamlara görə qocaya üzrxahlıq edir və ailə təsərrüfatına daxil edilən 12 atın heç də uğur gətirmədiyini deyirlər. Lakin,qoca yenə də onlara bu hadisəni qiymətləndirməyə tələsməməyi tövsiyə edir.
Bir neçə gündən sonra Çin xanədanı lüzumsuz bir müharibəyə girir və hərbi səfərbərlik elan edilir. Təbii ki, qocanın ayağı sınmış oğlu səhhətinə görə orduya yararsız hesab edilir və müharibədən kənarda qalır. Bu dəfə qocanın yanına gəlib onun haqlı çıxdığını etiraf edən qohumları keçən dəfə oğlunun ayağının sınmasında da bir xeyir olduğunu, bunu bədbəxt hadisə kimi qiymətləndirməkdə tələsdiklərini etiraf edirlər…

Son günlər iqtidar-müxalifət konfrantasiyası çərçivəsində baş verən hadisələrə Lao Tzunun məşhur əhvalatı konteksində yanaşaq.
Əlbəttə ki, çin filosofunun xroniki bədbəxt hadisələrlə üzləşən qocadan bəhs edən bu ibrətamiz hekayəsini haşiyə kimi verməkdə məqsədim  heç də hakimiyyətin xroniki təzyiqləri və çirkin kampaniyaları ilə üzləşən Əli Kərimliyə və onun tərəfdarlarına təsəlli vermək deyil.

Mənim fikrimcə, mövcud hakimiyyətin, dominant əxlaqın tələblərinə zidd olaraq vəfat etmiş bir şəxsin ölümündən siyasi opponentlərinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasına təbii baxmaq lazımdır. Çünki, hər bir siyasi qüvvə kimi, mövcud hakimiyyət də siyasi rəqabəti  opponentlərindən güclü olduğu müstəviyə daşımağa çalışır. Məsələ burasındadır ki, mövcud hakimiyyətin siyasi opponentlərindən mütləq üstünlüyə malik olduğu yeganə müstəvi şər-böhtan, vulqarizm, sarı siyasət müstəvisidir.
Təbii ki, mərhum prezidentimiz Əbülfəz Elçibəyin qəsdən zəhərlənərək öldürülməsi barədə Hafiz Hacıyevin müraciəti əsasında Respublika Baş Prokurorluğunda toplanmış “material” üzrə Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri əsasında cinayət işinin başlanması və bu minvalla absurd ittihamlar əsasında Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb edilməsinə çalışılması özlüyündə hiddətləndirici, ikrah doğuran və qeyri-etik hadisədir.

Lakin, hadisəyə bir qədər də Laosayağı yanaşmağı tövsiyə edirəm. Bu gün Hafiz Hacıyev və Bakı şəhər prokurorluğu vasitəsilə demokratik qüvvələrə qarşı aparılan kampaniyanın müsbət tərəfi ondan ibarətdir ki, əslində, bununla hakimiyyət, aylardır mətbuatda, sosial şəbəkələrdə, siyasi kuluarlarda, bu və ya digər səviyyədə polemika obyekti olan və milli-demokratik qüvvələrin həll etməkdə çətinlik çəkdiyi vahid namizəd problemlini onlar üçün qeyri-ixtiyari həll etmiş oldu.