Əliyev niyə Lukaşenko ola bilməyəcək?

Əli Kərimliyə qarşı növbəti təxribatı zəruri edən səbəblər haqqında

Doqquz illik iqtidarın fiaskosu; rejimin rəhbəri Hafiz Hacıyevə hakimiyyətin mənbəyi kimi baxmağa başlayıb

Hakimiyyət 2005-ci ildə keçirilmiş parlament seçkilərində üzləşdiyi ağır situasiya zamanı anladı ki, demokratiyanın imitasiyası rejimin gələcəyi üçün olduqca təhlükəlidir. Məhdud resurslara baxmayaraq, müxalifət hakimiyyətdən dəfələrlə çox səs alır, cəmiyyətdə narazılığı təşkilatlandırır. Bu da rejimi qanlı repressiyalara əl atmağa vadar edir, nəticədə olan-qalan siyasi gücünü itirir, cəmiyyətlə, beynəlxalq birliklə qarşıdurmaya gedərək çətin vəziyyətə düşür.
2006-cı ildən başlayaraq, hakimiyyət imitasiya siyasətinə yenidən baxmağa qərar verdi. Hüquqi və siyasi məhudiyyətlər yaratmaqla siyasi meydanı ləğv etməyə, beləliklə də müxalifəti siyasi meydandan sıxışdırıb çıxarmağa çalışdı. Sərbəst toplaşmaq azadlığının tamamilə məhdudlaşdırılması, müxalifətə yaxın media strukturlarının fiziki, iqtisadi təzyiqlərlə, ələ almaqla neytrallaşdırılması, müstəqil QHT-lərin eyni üsullarla sıradan çıxarılması, partiya strukturlarının dağıdılması, mərkəzdən qaçma, mövqe dəyişmə tendensiyasının stimullaşdırılması bu məqsədə xidmət edirdi. Ölkənin ən böyük müxalifət təşkilatı AXCP-nin qərargahı əlindən alındı, onun lideri Əli Kərimlinin ölkədən çıxmasına qadağa qoyuldu, partiya strukturlarına, fəallarına qarşı total təzyiq kampaniyası başlandı.
Ilham Əliyev bütün gücü ilə 2006-cı ildə verdiyi “2008-ci ilə qədər Azərbaycanda müxalifət olmayacaq” vədini yerinə yetirməyə çalışırdı. Əsas məqsəd bu idi ki, Ilham Əliyev növbəti seçkilərdə “ənənəvi” adlandırdığı real müxalifət qüvvələrilə üz-üzə gəlməsin.
Ilham Əliyev güman edirdi ki, aramsız təzyiqlər Azərbaycanda rejimə qarşı müqaviməti tamamilə yox edəcək, artan neft gəlirləri sayəsində bütün maliyyə kanalları kəsilmiş müxalifət marginallaşacaq, iqtidar isə perspektivli, təminatlı qüvvə kimi öz cəlbediciliyini saxlayacaq. Dövlət başçısının bu strategiyası yalnız 2008-ci ildə keçirilən prezident seçkilərində “öz effektini” verdi.
Ilham Əliyev əlverişli vəziyyətdən istifadə edib, üçüncü prezidentliyinə yol açmağa qərar verdi, 2009-cu ilin mart referendumu ilə konstitusiyada “lazımi” düzəlişlər edildi. Amma Əliyev sülalə idarəçiliyinin təhlükəsizliyinə qarant ala bilmədi. Daxili və xarici faktorlar ona krallığını bayram etməyə imkan vermədi.
2010-cu ilin parlament seçkiləri zamanı yaranan situasiya bunu təsdiqlədi. Ilham Əliyev yenə “ənənəvi” müxalifətlə üzü-üzə gəldi və seçkini güncə sıxışdırdığı rəqiblərinə uduzdu. Bu hadisə Azərbaycanın ictimai-siyasi həyatına çox böyük təsir göstərdi.
Ilham Əliyev niyə belə vəziyyətə düşdü? Neft bumu illərində ölkənin başında duran qüvvə qısa müddətdə siyasi cəhətdən niyə yoxsullaşdı? Cəmiyyətlə, onu hakimiyyətə gətirən daxili və xarici qüvvələrlə niyə düşmən oldu?
Bir neçə vacib səbəb var və onlar bir-birilə sıx şəkildə bağlıdır:
1. Ilham Əliyev ölkənin ənənələrinə zidd olaraq, mütləq monarxiya qurmağa cəhd etdi.
2. Azərbaycanda müqavimət hərəkatını zəiflətmək mümkün olsa da, tam dağıda bilmədilər. Müxalifət ölkənin müstəqilliyini təmin etmiş qüvvə kimi xalq hərəkatında iştirak etmiş milyonlarla insanın siyasi elitası olaraq qalır.
Əsas səbəbə gəlincə, 2005-ci ildən üzü bəri müxalifət üçün ən çətin mərhələdə Əli Kərimlinin başçılıq etdiyi AXCP və ona yaxın mətbuat, az sayda ziyalılar rejimə qarşı dirəniş mövqeyindən geri çəkilmədi. Siyasi qətllərin, kütləvi həbslərin, zorakılıqların, pulla ələ almaların qızğın dönəmində bu mövqedə durmaq böyük çətinliklər bahasına başa gəlsə də, mümkün oldu. Cəmiyyətdə rejimə qarşı mübarizənin yenidən dirçəlməsi məhz bu dirənişdən başladı.
3. Ilham Əliyev neft gəlirlərini xalqla bölüşmədi, böyük israfçılıq, talançılıq, büdcənin dağıdılması cəmiyyətdə ona qarşı nifrəti artırdı. Çünki artan neft gəlirləri fonunda inflyasiya və bahalıq əhalini sürətlə yoxsullaşdırdı.
4. Monopoliya, sahibkarlığın məhv edilməsi, şəxsi mülkiyyətə əl qoyulması, vətəndaşların quldur-məmur ordusunun ayağına verilməsi, dövlət strukturlarının cinayətkar obrazının formalaşması, rüşvətin artması ölkədə böyük qəzəb yaradıb.
5. Ilham Əliyev hakimiyyətdə olduğu 9 il müddətində ölkədə heç bir təbəqənin maraqlarını ifadə etməyib. Hətta məmur oliqarxiyasının mənafelərini də tez-tez tapdalayaraq, onları inkassatorlara çevirib. Ölkənin bütün gəlirli sahələri oliqarxiyanın nəzarətindən çıxarılaraq, ailənin şəxsi mülkiyyətinə verilib.
Beləliklə, Ilham Əliyev 2013-cü ilin prezident seçkilərinə bütün müttəfiqlərini itirərək, cəmiyyətlə düşmən olaraq gedir. O, hətta başçılıq etdiyi sistemdə də inamı itirib, hər kəs qarşısında yalnız ailə maraqları üçün çalışdığını təsdiqləyib.
Maraqlıdır, bəs Ilham Əliyev hakimiyyətdə qalmaq üçün nəyə ümid edir? Onun “qələbəsi”ni hansı faktorlar təmin edəcək?
Hakimiyyətin davranışlarından belə nəticəyə gəlmək olur ki, Əliyev zorakılıqla istəyinə nail olmağa ümid edir. O, hesab edir ki, əsas rəqibini prosesdən kənarlaşdırmaqla bir müddət Lukaşenko sayağı hakimiyyətdə qala bilər. Bu istiqamətdə tərtib olunan planı şərti olaraq belə sıralamaq olar:
1. AXCP lideri Əli Kərimlinin müxalifətin vahid namizədi olmasını əngəlləmək, onun seçkidə iştirakına imkan verməmək;
2. Müxalifət daxilində parçalanma yaratmaqla onun bir hissəsini formal seçki oyununa qoşmaq;
3. Əli Kərimlinin iştirak etmədiyi nisbətən rəqabətli seçki keçirib Qərbi fakt qarşısında qoymaq.
Ilham Əliyevi qəzəbləndirən odur ki, bütün səylərinə rəğmən, Əli Kərimli faktoru onu Lukaşenko olmağa belə qoymur. Hətta AXCP liderini seçkiyə buraxmamaq da onun Belarus diktatoru kimi qalmasına imkan vermir. Odur ki, AXCP liderinə qarşı qurşaqdan aşağı hər cür zərbə vurmağa qərar verilib. Amma zərbə vurmaq üçün nə əli, nə də alətləri var, ümid qara piara və Hafiz Hacıyevə qalıb. Indi Ilham Əliyev balıq Hafizə hakimiyyətin mənbəyi kimi baxmağa başlayıb.

Siyasət şöbəsi