Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bütün kalonlarda balaca və ya böyük-istehsalat sahələri var. Bu istehsalat sahələri, əslində, həbsxanaların inventarını, ümumi texniki qurğularını saz vəziyyətdə saxlamaq üçün təşkil edilib. Bizim günlərdə həbsxanalarda rəsmən kütləvi istehsalı nəzərdə tutan əmək yoxdur. Bu istehsalat sahələrində unikal qabiliyyətə malik dustaq-ustalar çalışır. Onlar çox nəfis məişət əşyaları düzəldirlər və bu əşyaların müştərisi başının üstündədir. Çox vaxt, hətta sifarişlə işləyirlər. Nələr hazırlayırlar? Nərd, şahmat, müxtəlif ölçülü mücrülər… Və daha iri sifarişlər ola bilir. Məsələn, qapı-pəncərə, dəmir darvazalar və s.
Azərbaycan həbsxanaları narkomanlarla zəngindir. Indi bu divarların arxasında saxlanılanların, ən zəlil edilmiş rəqəmlə desək, 50 faizi narkomandır. Onların hamısı cəzasını alıb həbs düşərgələrinə göndəriləndə ilk növbədə məcburi müalicə üçün qeydiyyata salınır və 6 ay sonra məcburi müalicənin başa çatdığını təsdiq edən komissiya bu barədə uyğun sənəd verir. Bu sənəd havayı deyil. Onu pulla verirlər və bu pul dövlət rüsumu deyil, sadəcə, rüşvətdir. Bu şkala üzrə nə qədər pul “qırıldığını” hesablamayacağam. Heç bundan əvvəlki bəndi də hesablamadım. Heç onu da hesablamıram ki, zonlarda və türmələrdə “tibbi hissə” adlandırılan istirahət mərkəzlərindən ay ərzində nə qədər pul yığılır. Heç onu da hesablamıram ki, Azərbaycandakı üç nəhəng türmə – Gəncə, Şüvəlan və Kürdəxanı türmələri ölkənin ən “xodovoy” otelləri sayılır. Heç onu da saymıram ki, ölkə zonlarında narkotik satışından nə qədər pul əldə edilir… Belə “kiçik” bəndləri üst-üstə yığıb ona görə birdən təqdim edirəm ki, bu qapalı “osvensim şəbəkəsi”nə ayrılan aylıq büdcə vəsaitinin həcmindən – 2 milyondan – daha artıq təkcə rüşvət yığıldığını sübuta yetirim.
Kimsə ilə polemikaya girmirəm. Hətta Nazim Ələkbərov da bu məsələdə mənimlə polemikaya girə bilməz. Ona görə ki, o, “zon”da olmayıb, mən isə olmuşam; ona görə ki, yığılan pullardan onun xəbəri yox idisə, deməli, bir qəpiklik rəis olmayıb. Amma mən özümü əla dustaq sayıram və oturduğum “zon”da da kimin nə dərdi-səri olubsa, cikindən-bikinə qədər mənə nağıl edib. Həm də yalnız bir “zon”da yox, çox “zon”larda nələrin baş verdiyini bitdə-bitdə bilirəm: “Türmə poçtu” yaxşı işləyir və bu poçtun məlumatlarını qəbul edənlərdən biri olmuşam.
Həbsxanalarda işgəncə, hüquqsuzluq, hərc-mərclik buna görə var. Bu mexanizm ancaq qanunsuzluqla işləyə bilir.
Yasamallı Sadıq vardı, narkoman olduğuna görə həbs edilmişdi, qardaşı da narkoman idi və həbsdən bir il olardı, çıxmışdı. Mən ona zarafatla deyirdim ki, siz iki qardaş növbə ilə tutulursuz ki, həbsxanalardan sizin nəsliniz əskik olmasın. Gün gəldi yetişdi, Sadığın da daxil olduğu növbəti qrupun “komendatura məhkəməsi”nin tarixi təyin edildi: 20 gün sonra. Elə həmin gün başqa bir xəbər də daxil oldu: Sadığın evdəki qardaşı “peredoz”dan (orqanizmin qəbul edə biləcəyi dozadan artıq heroin) ölüb. Sadıq təbii, qardaşının üçünə-yeddisinə çata bilməzdi, amma 40 mərasiminə yetişərdi. Çünki o zamanlar məhkəmədən 20 gün sonra dustağı aparıb komendaturaya təhvil verirdilər. Komendatura açıq rejimdir, orada qanun evə getməyi problem şəklinə salmır. Bu, Sadıq üçün balaca bir təskinlik oldu ki, qardaşının, heç olmasa, 40 mərasiminə çatsın. Amma məhkəməyə bir gün qalmış bəlli oldu ki, Sadıq bu məhkəməyə düşməyə bilər. Nədən? Çünki o, 1200 manat verməli olduğu halda 1130 manat verib. 70 manatı çatmır. Sadıq nə qədər and-aman eləyib ki, qardaşının 40 mərasiminə çatmalıdır, indi bir qəpiyi də yoxdur, keçməyib: “Qəpiyin də yoxdursa, sənin 40-da nə işin var? Qaxıl, otur burda…”
Sadıq dilxor halda korpusa qayıtdı. Bıçaq vursan qanı çıxmazdı. “Nə baş verib?”, – deyə soruşdum. Vəziyyəti izah elədi. Çıxarıb 10 manat verdim və elan etdim ki, kimin nəyə imkanı çatır, yardım eləsin. Pul yığıldı və Sadıq sevinə-sevinə pulu götürüb getdi. Amma yarım saat sonra yenə də həmin dilxor vəziyyətdə qayıtdı. Indi nə baş verirdi? Axı, hər şey həll olunmalıydı, məntiqlə… Sən demə yığılan pul… 8 manat əskik imiş! Və Sadıq yenidən təhlükə qarşısında qalıb. Səkkiz manatı da yığıb verdik və Sadıq məhkəməsi olacaq dustaqların siyahısına salındı. Bu epizod ondan ötrüdür ki, orada hər şeyin dəqiq qiymətinin olduğu, Sadığa hətta 8 manat da güzəşt edilmədiyi bütün sərtliyilə hər kəsə aydın olsun. Yəni, həbsxana korrupsiyası çöldəki korrupsiya qədər sərt və birmənalı idarəetmə siyasətidir.
Əlbəttə bunları qul adlandıracaqsan! Onların yeməyi də, aldıqları nəfəs də, gəzdikləri həyət də, yatmaqları da, yatmamaqları da, xəstələnməkləri də, hətta ölməkləri də puldur! Amma bu qədər nəhəng pul kütləsinin hərləndiyi bir məkanda bapbalaca bir hüquq elementi hərlənmir. Orada həbsxana əməkdaşlarının dustaqları bütün gün və bütün saatlar ərzində işgəncələr altına salıb tamamilə rəzil etməməsinin bir neçə mühüm səbəbi var:
1. Onlar özləri də adamdır və normal əhval-ruhiyyədə yaşamaq istəyirlər. Qazanc gətirən dustaqların mövcudluğu üçün qazanc gətirməyən dustaqların mövcudluğuna səbrlə yanaşmaq lazımdır;
2. Hər halda, dustağı səbəbsiz yerə davamlı olaraq incitmək yığılan pulun kütləsinə mənfi təsir edə bilər;
3. Fövqəladə gərginlik fövqəladə reaksiya doğura bilər və dustaqlar qiyama qalxanda həbsxana rəhbərliyini yaradılmış narahatlığa görə tərifləmirlər;
4. Statistika qaydasında saxlanılmalıdır.
Vəssalam. Həbsxanalarda mövcud olan qaydaların bətnində bundan başqa heç bir hüquq və haqq dayanmır.
Toxunulmaz “kasta”
Onlar toxunulmazdılar. Amma çox qəribə “kasta”dırlar. Bu həyatı təsəvvür etmək belə həqarətdir. Onları müasir terminologiya ilə “sanitar” adlandırırlar. Köhnə dustaqlar bu terminə ironiya ilə yanaşırlar: “Yox bir, tibb bacısı!” Vahab kişini od götürürdü: “Bu nədi, alə, biz qırılmışıq, yoxuq, ölmüşük?! Bunlar nə vaxtdan ”sanitar” oldular?! …dülər, alə, bunlar!”
Abırlı leksikonla “üzdəniraq” adlanırlar. Abırsız leksikonla isə onları çox abırsız bir sözlə çağırırlar. Amma onlar bütün bu adları məmnuniyyətlə qəbul edirlər, həm də təhqiramiz duyğunun olduğunu zərrə qədər də hiss elətdirməzlər. Onlar “zon”da ən qara işləri görərlər. Tualet təmizləməkdən tutmuş, üzü yuxarı… “Üzü yuxarı”sı nə olacaq ki? Həyət süpürmək. Başqa fiziki işlər də var: sınıq-salxaq avadanlıqları təmir etmək… Əlindən gəlmir, canı çıxsın öyrənsin! Onların bəlli bir ittiham maddəsi yoxdur, sadəcə, həyati ittihamları var: öz ləyaqətini qoruya bilməyən adamdan, bəlkə də buna heç ləyaqət kimi baxmayan adamdan hər cür yaramazlıq gözləməyə dəyər. Həqiqətən də elədir. Onlar “zon”da təkcə qara, fiziki işləri görmürlər, həm də müdiriyyətin real agenturasıdırlar. Buna görə də istənilən dustaq onlara istənilən işi gördürməklə yanaşı, gərək onları istənilən söhbətdən kifayət qədər uzaqda saxlaya. Doğrudur, “zon”da bu “kasta”ya daxil olmayan başqa dustaqlar da var ki, onlar da müdiriyyətin agenturasına daxildir. Xüsusilə, indiki günlərdə bu, çox böyük şəbəkədir, bu şəbəkənin necə yarandığı barədə də bəzi bilgilər olacaq, amma üzdəniraqlar bütün hallarda, şübhəsiz və birmənalı olaraq agenturanın özəyidir.
ardı var